Məhkəmə qərarları › İş №2(067)-2098/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2098/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2098/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3741 manat pulun, 58 manat dövlət rüsumunun cəmi, 3799 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onu Zərdablı kimi tanıdığı Ətraf adında makler tanış etmişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ona çobanlıq etməli idi. Əvəzində o ilkin olaraq onun 600 manat borcunu ödəmişdir. 130 manat da maklerə vermişdir. 08 aprel 2024-cü ildən başlayaraq 21 aprel 2024-cü il tarixədək olan müddətdə Cavabdeh ona çobanlıq etmişdir. Bu müddətdə də hissə-hissə ondan ümumilikdə yəni, 600 və 130 manatla birlikdə 1291 manat pul almışdır. Cavabdeh ondan xəbərsiz fermadan gedərkən özü ilə hər birinin qiyməti 500 manat olan 5 baş erkək qoç aparmışdır. Bununla bağlı qardaşı Rəşid Azərbaycan Respublikası DİN-nin 102 xidmərinə məlumat vermişdir. Saatlı rayon polis şöbəsindən müraciətlə bağlı bildirilmişdir ki, qaldırılan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Dəfələrlə cavabdehin mobil nömrəsinə zəng etsə də ona zəng çatmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehi çoban kimi işə qəbul etmişdir. Onun 600 manat borcunu onun əvəzinə ödəmişdir. 130 manat da maklerə pul vermişdir. Əvvəllər də cavabdehə borc pul vermişdir. Cavabdeh fermadan gedərkən özü ilə bir neçə baş heyvanını oğurlayıb aparmışdır. Cavabdeh üçün pul xərcləmiş, onu üçün alış-veriş də etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 3700 manat pul almamışdır. İddiaçı ona cəmi 700 manat pul vermişdir. İş yeri şəraitsiz vəziyyətdə olmuş, içməli suyu olmamışdır. Həmin müddətdə qotur xəstəliyinə tutulmuş, öz müalicəsinə xərci çıxmışdır. Ona qoyuna baxmaq həvalə olunmamış, o, ancaq mallara qulluq etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı onun 600 manat borcunu ödəmiş, 100 manatlıq da ərzaq almışdır. İddiçıya 700 manat borclu olduğunu etiraf edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 58 manat rüsum ödənilmişdir. Məhkəmə iclasına müəyyən olundu ki, iddiaçı cavabdehi çoban kimi işə qəbul etmişdir. Onun 600 manat borcunu onun əvəzinə ödəmişdir. 130 manat da maklerə pul vermişdir. Əvvəllər də cavabdehə borc pul vermişdir. Cavabdeh fermadan gedərkən özü ilə bir neçə baş heyvanını oğurlayıb aparmışdır. Cavabdeh üçün pul xərcləmiş, onu üçün alış-veriş də etmişdir. Cavabdeh isə iddiaçıdan 3700 manat pul almadığını, iddiaçının ona cəmi 700 manat pul verdiyini, işlədiyi müddətdə qotur xəstəliyinə tutulduğunu, öz müalicəsinə xərci çıxdığını bildirmiş. Cavabdeh iddiaçıya 700 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh üzərinə iddiaçı üçün çobanlıq etmək öhdəliyini götürmüş, bunun əvəzində iddiaçı ona 600 manat pul vermiş, lakin cavabdeh şifahi razılaşmaya (xidmət müqaviləsinə) əsasən üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Bundan başqa cavabdeh iddiaçının ona 100 manat məbləğində ərzaq aldığını təsdiq etmişdir. Tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh pulu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan əlavə olaraq hissə-hissə pul almasını və ona əlavə maddi ziyan vurmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 1291 manat məbləğdə pulun 700 manat hissəsi cavabdehin etirafına əsasən təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə izah edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin 5 ədəd erkək qoyunu gedərkən ondan xəbərsiz özü ilə aparması halı mülki-hüquqi araşdırma predmeti deyildir. Qeyd olunan hal cinayət-hüquqi müstəvidə öz təsdiqini tapacağı təqdirdə iddiaçı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh şifahi tapşırığa əsasən üzərinə öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, o cümlədən, icra etmədiyi öhdəliyin müqabilində əvvəlcədən ilə şərtləşdirilmiş və ona verilmiş muzdu, yəni iddiaçı tərəfin düşdüyü zərərin əvəzini iddiaçıya qaytarmalıdır, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar