Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2104/2025 04.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş 60 manat dövlət rüsumu pulu, cəmi 4060 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, uzun illərdir Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsində evlər müdiri vəzifəsində çalışır. Cavabdeh də 5 ilə yaxındır ki, həmin idarədə işləyir. Hazırda o, kompüter mütəxəssisi vəzifəsində çalışır. 2024-cü ilin mart ayının sonlarından başlayaraq cavabdeh ondan xahiş edirdi ki, ona 4000 (dörd min) manat borc pul versin. Cavabdeh bildirirdi ki, o, Xaçmaz MKTİ-nə müdir vəzifəsinə təyin olunur, ona görə də pul lazımdır. Cavabdehlə bir idarədə işləsə də, o, ona borc pul vermək istəmirdi. Lakin iş yoldaşları olan Müslümə Soltanova və Zümrüd Babakişiyeva onu inandırdılar ki, Cavabdeh yaxşı insandır və o, idarəyə müdir təyin olunacaqdır və öz növbəsində ondan xahiş etdilər ki, Cavabdeh 4000 manat məbləğində pul borc versin. Bütün bunlardan sonra o, cavabdehə pul borc verməyə razı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz MKTİ-nin inzibati binasında iş yerində o, Cavabdeh 4000 manat pul borc verib. Həmin vaxt iş yoldaşları olan Müslümə Soltanova və Zümrüd Babakişiyeva da yanında olmuşlar. Cavabdeh öz xətti ilə ona yazıb iltizam vermişdir ki, həqiqətən də ondan 4000 manat pul borc almışdır və həmin pulu yaxın vaxtlarda qaytaracaqdır. Əlavə olaraq Cavabdeh həmin şahidlərin yanında, ona söz verdi ki, o, uzağı 6 ay ərzində borc aldığı pulu tam olaraq qaytaracaqdır. Lakin üstündən 1 ildən də artıq müddət keçmiş olsa da, cavabdeh ona borc aldığı pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunun geri qaytarılmasını xahiş və tələb etmişdir. Hər dəfə o bir bəhanə taparaq pulu qaytarmaqdan yayınmışdır. Ona görə də o, 01 aprel 2025-ci il tarixdə rəsmi “Təklif ərizəsi” ilə cavabdehə müraciət edərək pulunun geri qaytarılmasını xahiş etmişdir. Həmin rəsmi ərizəsi cavabdehə 07 aprel 2025ci il tarixdə çatdırılmışdır. Cavabdeh bu ərizəni də nəzərə almamış və pulunu qaytarmaqdan yayınır. Ona görə də, məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun iş yoldaşıdır. Ondan borc pul istəmişdir, o, da ona 2024-cü il aprel ayında 4000 manat borc verib. Bununla bağlı qəbzi də var. İş üzrə şahid olan 2 iş yoldaşı da var. Pulunu geri istəyir. Razılığa gəlmişlər ki, az-az pulu geri qaytarsın, lakin qaytarmır. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli əlyazma qəbzdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə şahidlər Müslümə Soltanova və Zümrüd Babakişiyevanın iştirakl ilə İddiaçı 4000 manat borc pul alaraq qaytaracağına söz vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü ildə iddiaçıdan 4000 manat borc pul götürmüş və geri qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 4000 manat borcu qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdən keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qaytarmaq şərtilə borc kimi 4000 manat pul vermişdir. Cavabdeh götürdüyü 4000 manat pulu qaytarmamışdır. Araşdırılan işdən müəyyən edilir ki, tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəsiz halıdır. Lakin, işdən göründüyü kimi, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir. Əsassız varlanmadan bəhs edən Mülki Məcəllənin 1091.1-ci maddəsində deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsində deyilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Ona görə də, iddia qismən təmin edilməli, cavabdehdən 4000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddianın verilməsinə görə 60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul və ödənilmiş 60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2104/2025
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-2104/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver