Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2111/2021 07.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 400 manat pulun, yararsız vəziyyətə düşmüş əmlakının dəyəri olan, daşınma, söküntü işlərinə xərclənmiş cəmi 578 manat pulun və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehdən tutaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 1 iyun 2021-ci il tarixində 1 otaqlı 49 kvadrat metrlik mənzilinə kafel ustası kimi apardığı Cavabdeh onu aldatmış, etibarından sui istifadə edərək 400 manat pulunu mənimsəyərək ona küllü miqdarda ziyan vurmuşdur. Belə ki, özünü usta adlandıran Cavabdeh evində tualet ilə mətbəxi bir- birindən ayıra bilməyərək kafelləri səhv yapışdırmış, sərxoş vəziyyətdə 3 gün işləyərək ümumilikdə 55 ədəd kafeli israf etmişdir. Eyni zamanda işləmək üçün öz pulu ilə aldığı 132 manatlıq usta alətlərini mənimsəyərək pulunu ödəməkdən imtina etmişdir. E. Kamalovun israf etdiyi inşaat materiallarına görə yenidən kafel, kafel yapışdırıcı mata (mətanət), izolatex almaq məcburiyyətində qalmışdır. Onun etdiklərini sökmək üçün yenidən usta tutaraq pul ödəmişdir. Yenidən 14.06.2021 tarixində 224 manatlıq kafel (çek əlavə olunur), 102 manatlıq mata (mətanət) və izolatex (çek əlavə olunur), 2 manatlıq 10 ədəd zibil kisəsi almış, daşınmaya 20 manat, fəhlələrə 30 manat (çek əlavə olunur) ödəmişdir. E. Kamalovun səhv yapışdırdığı kafelləri söküb atmaq üçün isə ustaya 200 manat ödəmişdir. Beləliklə, özünü usta adlandıran lakin heç bir iş bacarmayan fırıldaqçı E. Kamalov ona ümumilikdə 978 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin tələblərinə görə cavabdeh onun əmlakına vurduğu ziyanı tam həcmdə ödəməyə borcludur. Odur kı, cavabdeh onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Əli oğlu əvvəlki məhkəmə proseslərində iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, o, iddiaçını uşaqlıqdan tanıyır Onun evində işləmək üçün onda olan usta alətlərinin yaxşı olmadığını demiş, Şahin onun üçün yeni alətlər alacağını və bu alətlərin onun işlədiyi işin zəhmət haqqısından çıxacağını bildirdi. Alətlərə 150 manat xərci çıxıb. Şahinin evində təmir işini bitirdikdən sonra Şahin işinə baxıb razı qalmadığını və evindən çıxmasını bildirdi. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2111/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2111/2021
07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver