Məhkəmə qərarları › İş №2(067)-2119/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2119/2022

30.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2119/2022 30.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1963\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən Turan və Oksananın saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulması müəyyən edilmiş aliment miqdarının artırılaraq hər uşağa 200 manat olmaqla cəmi 400 manat məbləğində müəyyən edilməsi və 50 manat ödənilmiş mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-698\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqlarının saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat aliment tutulması qət edilmişdir. Sonradan cavabdeh Xaçmaz rayon Məhkəməsinin 2(067)- 698\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1963\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən Turan və Oksananın saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayan uşaqların yaşayış minimumu da dəyişdirilmişdir. Hesab edir ki, hazırki dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərin artması ilə əlaqədar 100 manat aliment pulu ilə uşağı saxlamaq qeyri-mümkündür. Ona görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 10 avqust 2012-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından xx.xx.2013-cü ildə Turan və xx.xx.2016-ci ildə Oksana adlı uşaqları anadan olublar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-542/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulub və birgə nikahdan doğulmuş uşaqları onun himayəsinə verilərək, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat alimentin tutulması qət edilib. Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(105)- 1963/2020 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən hər ay 200 manat alimentin tutulması qərara alınıb. Həmin məbləğlə uşaqları saxlamaq çox çətindir. Çünki ərzağın, geyim əşyalarının, ümumiyyətlə istehlak mallarının qiymətləri ötən müddət ərzində dəfələrlə qalxıb, cavabdeh isə uşaqların saxlanılması üçün əlavə köməklik göstərmir. O, Xaçmaz Mərkəzi rayon xəstəxanası X9 mama işləyib, ayda 300 manat əmək haqqı alıb, daha doğrusu 495 manat yazılır, amma 409 manat əmək haqqı alır. Hepatit xəstəsi olduğuna görə 6 aydır işləmir, qazancını da xəstəliyinə sərf etməli olur. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə 10 avqust 2012-ci il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2013-cü ildə Turan və xx.xx.2016-ci ildə Oksana adlı uşaqları anadan olublar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-542/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulub və birgə nikahdan doğulmuş uşaqları iddiaçının himayəsinə verilərək, ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat alimentin tutulması qət edilib. Sonradan Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(105)-1963/2020 saylı qətnaməsi ilə ondan hər ay 200 manat alimentin tutulması qət edilib. O, alimenti ödəsə də, iddiaçı ötən müddət ərzində uşaqları göstərməmişdir. Hazırda iddiaçının qeyd etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəm. "xxxx" MC-də fəhlə köməkçisi işləyir və ayda 617 manat əmək haqqı alır. Aansı xəstədir, əmək haqqından əlavə aylıq qazancı yoxdur, ona görə iddiaçıya cəmi 200 manat aliment ödəyə bilirəm. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-542/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanılmaqla Cavabdeh hər ay 100 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(105)-1963/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən də Xaçmaz rayon Mərkəzi xəstəxanası “Publik Hüquqi şəxsin ailə və sağlamlıq mərkəzində mamaginekoloq vəzifəsində çalışır. Onun aylıq əmək haqqısı cəmi 409.08 manat təşkil edir. İş materiallarında olan 09.09.022-ci il tarixli arayışdan müəyyəın olunur ki, Cavabdeh həqiqətən də "xxxx" MMC-nin tərkibində olan “ Belaruski” TŞ-nin anbarında xx.xx.2021ci il tarixdən bu günə kimi fəhlə vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 617.75 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(105)-1963/2020 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay cəmi 200 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 140 manat artırıldığından, iddianın qiyməti 140 manat x 12 aya=1680 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(105)-1963/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar