Məhkəmə qərarları › İş №2(067)-2121/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2121/2022

04.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2121/2022 04.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndələri X2 və Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əmlaklarının və qızıl-zinyət əşyalarının və ya onların cəmi dəyəri 6580 manat, 50 manat ödənilmiş mediasiya xərci və 46 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cehiz əmlakların siyahısı aşağıdakı kimidir: Çay servisi dəyəri-180 manat, bir ədəd ütü altlığı dəyəri-70 manat, 1 ədəd tozsoran dəyəri-200 manat, 1 ədəd qazan dəsti dəyəri-380 manat, 1 ədəd Samsung markalı telefon dəyəri-300 manat, 585 əyarlı cəmi 22 qram olan dəst (1 cüt sırğa, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və 1 ədəd üzük) dəyəri-2400 manat, 585 əyarlı 8 qram olan nişan üzüyü dəyəri-500 manat, 585 əyarlı hər biri 2 qram olan 3 ədəd üzük hər birinin dəyəri-150 manat, 585 əyarlı 4 qram olan 1 cüt sırğa dəyəri-400 manat, 585 əyarlı 12 qram olan boyunbağı dəyəri-1200 manatdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildə rəsmi nikah bağlayaraq el adəti ilə cavabdehə məxsus evə gəlin köçmüş və özü ilə cehiz aparmışdır. Onlar cavabdehlə 2021-ci ilin may ayına kimi ailə olaraq birlikdə yaşamışlar. Sonradan münasibətləri pisləşmiş və nikahlarının rəsmi qaydada ləğv edilməsi barədə məhkəməyə müraciət etmişlər. Lakin cavabdeh tərəf onun cehiz və qızıl zinət əşyalarını qaytarmır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd olunan əmlaklarının hamısını cavabdehdən tələb edir. Cehiz əmlaklarının siyahısında qeyd olunan qızıl zinət əşyaları həm cavabdeh tərəfindən toyda ona hədiyyə olunan, həmçinin anası və digər qohumlarının ona hədiyyə etdikləri qızıllardır. Çay servizi onda deyil, cavabdeh sındırmışdır. O, cehiz əmlaklarının çox hissəsini gətirmiş, lakin iddia ərizəsində qeyd etdiyi əmlaklar cavabdehdə qalan əmlaklarıdır. Cavabdeh onun cehiz kimi apardığı mebellərini sındırıb, paltarları, yorğan-döşəyi ləkəlidir. Qızılları isə qaynanası əlindən alıb. Ona görə əmlaklarını geri tələb edir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı doğma qızıdır. Qızının sandıqda olan əşyaları, döşəkləri, paltarları hamısı ləkəli idi, onları yandırmışdır. Mebelləri isə mebel mağazasına dəyər-dəyməzinə satmışdır. Hazırda iddia ərizəsində sadalanan əmlakları cavabdehdən tələb edir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı doğma qızıdır. İddia ərizəsində sadalanan əmlakları o, halal pulla əldə etmiş və həmin əmlakları aktla qızı köçəndə təhvil vermişdir. Hazırda da əmlakları geri tələb edir. Ona kiminsə əmlakı lazım deyil, öz qızına aldığı halal əmlaklarını tələb edir. Qızı ata evinə qayıtdıqdan bir müddət sonra, o cavabdehin evinə gedərək, toy zamanı aktla təhvil verilmiş bütün əmlakları cavabdehdən geri istəmişdir. Bu prosesin şahidi kəndin sahə inspektoru Ariz müəllim olmuşdur. Ariz müəllimi o özü dəvət etmişdir ki, qaydada qanuna riayət edilsin və cavabdehin evində mübahisə yaranmasın. Əşyalarını yük maşınına yükləyən zaman, əşyaların arasında qızılların olmadığını aşkar etmişdir. Dərhal bu barədə Ariz müəllimə bildirmiş və xahiş etmişdir ki, qızılların saxlandığı sandığın qıfılı qırılsın və qızıllar oradan götürülsün. Lakin, Ariz müəllim buna etiraz etmiş və evin işinə girməyəcəyini, bunu yalnız məhkəmə qərarı əsasında icra məmurları edə biləcəyini bildirmişdir. Bu səbəbdən də, qızıllar cavabdehdə qalmışdır. Bundan başqa, iddia tələbində göstərdiyi əmlaklar da cavabdehdə qalmışdır. O əşyaları maşına yükləyib, öz evinə gətirdikdən sonra müəyyən etmişdir ki, bəzi əşyalar çatışmır, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin evində cavabdehin, cavabdehin qohumları, sahə inspektoru və digər şahidlərlə birlikdə olduğu zaman, hansı səbəbdən təhvil alınmış və çatışmayan əşyaların siyahısını aktlaşdırmaması sualına isə cavab olaraq bildirmişdir ki, bu barədə düşünməmişdir və elə bilmişdir ki, sahə inspektoru Ariz müəllim onun deyəcəyi faktları hər an lazım olar yerlərdə təsdiq edə bilər. Ariz müəllimin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkməmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun gəlini olub. O, 3 il bundan əvvəl çıxıb gedib və avadanlığını, cehizlərinin hamısını sahə müvəkkilinin iştirakı ilə aparıb. Onun evinin həyətində videomüşahidə kamerası quraşdırılıb və həmin kameranın yazdığı görüntüdən də görünür ki, iddiaçı və onun valideynləri onun evinə Qazel markalı yük avtomobili ilə gəlib, bütün cehiz əmlaklarını aparmışlar. Bu diski məhkəməyə təqdim etmişdir. Bir “Qazel” yük aparıldığı halda, onun evində hansısa əşyaların qalması həqiqətəuyğun deyil. Əşyaların bəziləri ilə məsələn çay servizi evlilik dövründə istifadə olunduqca sındırılmışdır. İddiada göstərilən qalan məişət əşyaları isə onun evində yoxdur, iddiaçı və nümayəndələri həmin əşyaları “Qazel” vasitəsi ilə aparmışlar. Qızıl zinyət əşyalarını da iddiaçı tərəfindən aparılıb. Qızıl zinyət əşyaların toyda bağışlanmasını inkar etmir. El adətinə görə bu standart bir prosesdir. Lakin, iddiaçı Əfsanə toydan sonra qızıllarını həmişə özündə saxlayıb. Həmin qızılları evdən çıxıb ata evinə gedən zaman aparması və ya atası ilə birlikdə gəlib evdən cehiz əmlakları köçürən zaman aparması ona məlum deyil. Ariz müəllimin məhkəməyə gəlib şahid qismində ifadə verməsinə etirazı yoxdur. Əksinə, yaxşı olar ki, sahə inspektoru gəlib həmin hadisənin necə baş verməsini təsdiq etsin. Əşyalar aparılan zaman, iddia ərizəsində göstərilən əmlaklarla, o cümlədən qızıllarla bağlı hər hansı mübahisə baş verməmişdir. Hesab edir ki, iddiaçı və yaxud onun nümayəndələri, yəni valideynləri əşyaları aparan zaman hər hansı bir çatışmazlıq olsa idi, dərhal bu barədə bildirərdilər və çatışmayan əşyanı elə yerindəcə tələb edərdilər. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Xaçmaz RPŞdə sahə rəisi vəzifəsində işləyir. Qımıl-Qışlaq kəndi onun xidməti ərazisidir. Hər iki tərəfi, həm iddiaçını, həm cavabdehi tanıyır. Tərəflərin ailələri arasında boşanma olmuşdur və hər iki tərəfin xahişi ilə iddiaçının cavabdehin evindən əmlakların götürməsi zamanı orada iştirak etməsi xahiş olunmuşdur ki, sahə müvəkkili olaraq təhlükəsizliyi və ictimai qaydanı təmin etsin. Tərəflər əmlakların götürülməsində iştirak etməyini xahiş edərkən əvvəlcə vətəndaşdan əmlakın alınması məsələsi icra məmurunun səlahiyyətinə aid olduğunu onlara bildirmişdir. Lakin tərəflər bildirdilər ki, əmlakların verilməsi ilə bağlı öz aralarında könüllü olaraq razılaşıblar və ondan kəndin sahə müvəkkili kimi bu prosesdə iştirak etsin. O, etiraz etməmiş, iddiaçının əmlaklarının alınması üçün cavabdehin evinə getmişdir. İddiaçının atası əmlaklarını Qazel markalı avtomaşına yükləmişdir. Orada kifayət qədər əmlaklar avtomaşına yükləndi. Amma o, hansı əmlakların “Qazel”ə yükləndiyinə nəzarət etmədiyindən, həmin əşyaları sadalaya bilmir, çünki görməmişdir. Əşyalar yüklənib aparılana qədər tərəflər arasında hər hansı mübahisə baş verməmişdir. İddiaçı tərəfi, yəni Zəkir ona hər hansı bir əşyaların çatışmaması və ya verilməməsi, xüsusən də qızılların verilməməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şahid X1 müraciət edərək, cavabdehin evində əşyaları yük maşınına yükləyən zaman, ona yaxınlaşıb qızılların olmamasını, həmin qızılların sandıqda saxlanmasını və sandığın qıfılını sındırmaq zərurəti olduğunu bildirməsini təsdiq etməsini xahiş etmişdir. X3 isə belə bir məqamın xatırlamadığını, kiminsə ona yaxınlaşıb, hansısa əşyanın, xüsusən də qızılların çatmamasını bildirməsi halın olmadığını, ümumiyyətlə orada hər hansı mübahisənin olmamasını demişdir. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan və məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq olunan videogörüntü ilə bağlı ilk öncə onu bildirmək istəyir ki, videomüşahidə kameraları təhlükəsizlik məqsədilə evin həyətində quraşdırılıb və heç bir gizlilik funksiyasını daşımır. İddiaçı və onun nümayəndələri təqdim olunan videogörüntüləri məhkəmədə tədqiq edilməsinə etirazların olmadıqlarını bildirdilər. Həmin videogörüntülər məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə tədqiq olunarkən müəyyən edilmişdir ki, videokameranın texniki funksiyasına əsasən yalnız videogörüntü qeydə alınır, cıhaz səs məlumatlarını özündə qeyd etmir. İddiaçı və onun nümayəndələri evin həyətində belə videomüşahidə kamerasının olmasından xəbərdar olublar. İddiaçı və onun nümayəndəsi etiraf etmişlər ki, həqiqətən də videogörüntüdə olduğu kimi, onlar cavabdehin evinə “Qazel” markalı yük maşınını gətizdirmişlər ki, cehiz əşyalarını aparsınlar. Həmin prosesdə sahə rəisi Ariz müəllim iştirak etməsi də, öz əksini tapır. İddiaçı və onun nümayəndələri təqdim olunan videogörüntüyə dair hər hansı etirazları olmadıqlarını və məhkəmədə sübut kimi istifadə olunmasına dair etiraz etmədiklərini bildirmişlər. Məhkəmə videogörüntünün çəkilmə prosesinə qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan videogörüntü iddiaçı və onun nümayəndələri tərəfindən də qəbul edildiyindən və qanunsuz yolla çəkilmədiyindən iş üzrə sübut kimi qəbul edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi videogörüntüyə tərəflərin iştirakı ilə məhkəmə araşdırması zamanı tədqiq etdikdən sonra, habelə işin hallarına, tərəflərin və şahidin izahatlarına belə qiymət verir ki, çəkilişdə həqiqət də iddiaçının və onun valideynlərinin cavabdehin evinə “Qazel” markalı yük maşını ilə gəlmələri və xeyli sayda cehiz əşyaların aparılması təsdiqini tapır. Həmin əşyaların əksəriyyəti müxtəlif qutularda olduqları üçün onların konkret sadalanması mümkün deyil. Bu səbəbdən də, iddia tələbində qeyd olunan cehiz əşyaların həmin qutularda olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin fikrincə, iddiaçı cavabdehin evində olan cehiz əşyalarını “Qazel” markalı yük maşınına yükləməsi və yalnız bir neçəsinin (iddia tələbində sadalanan) həmin zaman aparmaması inandırıcı deyil. Ələxsus da, bunu şahid olan sahə rəisi Ariz Dəmirov da təsdiq edir ki, orada hansısa mübahisə baş verməmişdir, iddiaçı çatışmayan əşyalarla bağlı ona müraciət etməmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2015-ci il tarixli aktın surətindən göründüyü kimi, iddiaçının nümayəndəsi, yəni atası Zəkir Tahirov qızını 2015-ci ildə ər evinə köçürən zaman cehiz əmlakların siyahısını tərtib etmiş və cavabdehin atası, hazırda cavabdehin nümayəndəsi qismində çıxış edən Nümayəndə1 də imza etdirmişdir. Yəni iddiaçı hələ heç bir mübahisənin olmadığı dövrdə, xoş anlar yaşandığı zaman bu cür ehtiyatlı addım atmışdırsa, nəyə görə münasibətlərin pozulduğu bir dövrdə bu cür addımın atmaması məhkəmədə sual doğurur. İddiaçının nümayəndəsinin deməsinə görə o, əşyaları yükləyən zaman bəzi əşyaların, xüsusən də qızılların olmamasını həm cavabdehə, həm şahid sahə rəisinə bildirməsini deyir, lakin onlar buna laqeyd yanaşıblarsa, hansı səbəbdən köhnə təcrübəsindən istifadə edərək bunu aktlaşdırmaması şübhə doğurur. Bundan başqa, iddiaçı tərəfin xahişi ilə sahə rəisi Ariz Dəmirov məhkəmədə şahid qismində dindirilib izahatını versə də, iddiaçı və onun nümayəndələri şahidin yalan danışdığını bildirmişlər. Halbuki, şahidin dindirilməsi onların təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin bu mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, iddiaçı və onun nümayəndəsi şahidinin onun istədiyinə uyğun ifadə verməməsi nəticəsində, şahidin yalan ifadə verməsini bildirmişdir. Məhkəmə prosesində iddiaçı və onun nümayəndələrinə əlavə şahidlərin, xüsusən də “Qazel” markalı sürücünün dəvət olunması təklif olunsa da, iddiaçının nümayəndəsi buna cavab olaraq bildirmişdir ki, həmin şəxs gəlib iş üçün əhəmiyyət kəsb edən halları təsdiq edə bilməyəcək. İş materiallarına əlavə olunmuş və məhkəmə araşdırması zamanı tədqiq olunan fotoşəkillərdən görünür ki, toy mərasimi zamanı iddiaçı Əfsanəyə müxtəlif qızıl zinyət əşyaları hədiyyə olunur. Cavabdehin nümayəndəsi bu fotoşəkillərlə bağlı onu bildirmişdir ki, qızıl zinyət əşyaların toyda bağışlanmasını inkar etmir. El adətinə görə bu standart bir prosesdir. Lakin, iddiaçı Əfsanə toydan sonra qızıllarını həmişə özündə saxlayıb. Həmin qızılları evdən çıxıb ata evinə gedən zaman aparması və ya atası ilə birlikdə gəlib evdən cehiz əmlakları köçürən zaman aparması ona məlum deyil. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı toy mərasiminin fotoşəkillərini məhkəmə təqdim etməsi və ona toyda qızıl zinyət əşyaların bağışlanmasını qeyd etməsi, cavabdehin nümayəndəsinin isə bunu inkar etməməsi belə anlama gələ bilər ki, cavabdehin nümayəndəsi iddia tələbində olan qızılların mövcudluğunun təsdiq etməsi ilə iddianı etiraf edir. Lakin məhkəmənin fikrincə bu belə deyil, ona görə ki, cavabdehin nümayəndəsi qızıl zinyət əşyaların mövcudluğunu təsdiq etsə də, həmin əşyaların onda olmamasına dair sübutlarını məhkəməyə təqdim etmişdir (həmin sübutlar yuxarıda geniş şəkildə tədqiq olunub), iddiaçı isə qeyd olunan sübutları təkzib edən digər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar