Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2135/2025 15.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 25000 manat maddi ziyana görə, 300 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və ödənilmiş 165 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi tanıyır, münasibətləri daima yaxşı olmuşdur. Cavabdehlə və onıın ailə üzvləri 2015-ci ildə ona və ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Aşağı Zeyid kəndində yerləşən 1.37 ha torpaq sahəsini satmaq üçün 5000 manata razılaşmışlar. Bu barədə şahidlərin iştirakı ilə pulun alınmasına dair akt da cavabdeh tərəfindən yazılmışdır. Qeyd edilən torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Amma cavabdehə torpaq sahəsini adına keçirməyi hər vəchlə qeyd etsə də, cavabdeh ona gah vərəsəlik sənədləri düzə bilmədiyini, gah da bacısının qol çəkməkdən emtina etdiyini bildirir. Həmin torpaq sahəsinin ərsəyə gəlməsi üçün kifayət qədər tərəfindən xərclər çəkilmişdir. Bundan başqa, həmin torpaq sahəsinin qiyməti 2015ci ildə 5000 manat idisə, hal-hazırda bu torpaq sahəsinin dəyəri 25000 manata yaxındır. Onun 2015-ci ildə verdiyi 5000 manat pulun dəyəri hal-hazırda kifayət qədər aşağı düşmüşdür, qiymətlər artmışdır. Cavabdehin hərəkətləri nəticəsində o, kifayət qədər ziyana düşmüşdür, pul dəyərini itirmişdir. Ona dəymiş ziyanı 25000 manat həcmində qiymətləndirir. Bundan başqa, ona hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı Xaçmaz Rayon Vəkil Bürosuna ödəyərək vəkillə müqavilə bağlamışdır. İddia ərizəsinə məhkəmədə baxılması üçün tərəfindən Xaçmaz rayon Məhkəməsinin hesabına 167 manat ödənilmişdir. Cavabdeh təcili olaraq onun pulunu tam şəkildə qaytarmalıdır. Özünün hazırda pula ehtiyacı vardır Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini bildirmişdir. O həmçinin bildirmişdir ki, cavabdehin ona şifahi razılıqla satdığı torpaq sahəsindən 10 il ərzində fasiləsiz istifadə etmiş və gəlir də əldə etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Onlar həmin torpaq sahəsini alarkən dəyəri 5000 manat idi. İndi isə 10 il müddətdə torpağın qiymətinin 25000 manat olduğunu hesab edir. Çünki onlara illər ərzində ziyan dəyib. Onlar həm pulun, həm də torpağın qiymətləndirilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, özünə aid 38 sot payını və ata-anasından ona miras qalan payını satmışdır, 137 ha sahəsini tam olaraq iddiaçıya satmamışdır. İddiaçının təqdim etdikləri aktı o, imzalamamışdır. İddiaçı 10 il ərzində torpaq sahəsindən istifadə edərək gəlir də əldə etmişdir. O, özünə aid olmuş satdığı yeri 15000 manata hazırda iddiaçıya rəsmiləşdirməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin müəyyən olunur ki, cavabdeh özünə aid torpaq sahəsini iddiaçıya satması barədə razılaşdıqdan sonra 2016cı ildə iddiaçıdan hissə-hissə 5000 manat pul almış və iddiaçının faktik istifadəsinə 0,99 ha torpaq sahəsini vermişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9//3969 saylı məhkəməmühasibatlıq ekspertizası rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən ödənilmiş 5000 manat pul vəsaitinə görə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla 2015-ci il tarixdən 2024-cü il tarixədək olan dövr ərzində hesablanmış cari dəyəri (ekvivalenti) 9245 manat məbləğində təşkil edir: 5000,00 * 84,9% = 4245,00 manat 5000,00 + 4245,00 = 9245,00 manat Beləliklə, 2015-ci il tarixdən 2024-cü il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar üzrə 5000,00 manat pul vəsaitinin hesablanmış cari dəyərinin (ekvivalenti) 9245,00 manat olması müəyyən edilir. Qeyd edilir ki, 2025-ci təqvim ili sona çatmadığından həmin il üzrə istehlak qiymətləri indeksi müəyyən olunmur. Ona görə də, təqdiqat 2015-ci il tarixdən 2024-cü il tarixədək olan dövü əhatə edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh 2016-cı ildə ona və ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Aşağı Zeyid kəndində yerləşən 1.37 ha torpaq sahəsindən özünə aid 0,38 ha və valideynərindən miras qalmış özünün payına düşən hissənin satılması barədə iddiaçı ilə razılaşmış, iddiaçı cavabdehə hissə-hissə 5000 manat pul vermişdir. Qeyd edilən torpaq sahəsi 10 ilə yaxın müddətdə iddiaçının faktik istifadəsində olsa da, alqı-satqı qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməmişdir. İddiaçının cavabdehə verdiyi 5000 manat pulun dəyəri hazırda 9245 manat təşkil edir. Bundan başqa, iddiaçı ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlayaraq Xaçmaz rayon Vəkil Bürosuna 300 manat məbləğində xidmət haqqı və iddia ərizəsinə məhkəmədə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinin hesabına 167 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2016-ci ildə 5000 manat pul vermiş, cavabdeh götürdüyü 5000 manat pulu qaytarmamışdır. Tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəsiz halıdır. Lakin, işdən göründüyü kimi, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 5000 manat məbləğində zərər dəymişdir. Bu hal cavabdehin özünün qismən etirafı və digər sübutlarla da öz təsdiqini tapmışdır. 5000 manat pul verildikdən sonra ötən müddət ərzində istehlak qiymətləri indeksi dərəcəsi nəzərə alınmaqla pulun dəyərinin 9245 manat olmaqla 4245 manat fərq hissəsinin cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab etmir. Belə ki, iş materiallarından da göründüyü kimi, 2016-cı ildən iddia tələbi irəli sürülənədək olan dövrdə sözügedən mübahisəli torpaq sahəsi iddiaçının faktik istifadəsində olmuş və iddiaçı həmin sahəni əkib becərməklə fayda (qazanc) əldə etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərər iş materialları ilə təsdiq olunur. Bundan başqa, cavabdeh tərəfindən də iddia qismən etiraf olunduğundan, iddia qismən əsaslıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən maddi ziyanın əzəzi olaraq 5000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 97 manatı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əzəzi olaraq 5000 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 97 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2135/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2135/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver