Məhkəmə qərarları › İş №2(067)-2139/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2139/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2139/2021 08.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın hərracda satılaraq tələbin ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507 (səksən iki min beş yüz yeddi) ABŞ Dolları 19 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 82507.19 (səksən iki min beş yüz yeddi dollar, on doqquz sent) ABŞ dolları borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor İddiaçı QSC, alıcı ipoteka qoyan Cavabdeh1 və satıcı X3 arasında bağlanmış 14.01.2015-ci il tarixli 011F**********01 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi RX ******* №-li çıxarışa əsasən Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Kərimov Niyaməddin Süleyman oğluna İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01.06.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 08.06.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli rəyinə etirazı olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 82507.19 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor İddiaçı QSC, alıcı ipoteka qoyan Cavabdeh1 və satıcı X3 arasında bağlanmış 14.01.2015-ci il tarixli 011F**********01 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 41 №-li reyestr kitabının 14 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materialarında olan 01.06.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin 29.09.2021-ci il tarixə olan bazar dəyəri 50.000 (əlli min) manat; likvid dəyəri 40.000(qırx min) manat təşkil edir. Hazırkı iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İşdə olan sübutlardan Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)- 513/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507 (səksən iki min beş yüz yeddi) ABŞ Dolları 19 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasının qət edilməsinə baxmayaraq, həmin qətnamənin icra edilmədiyi və cavabdehlər tərəfindən borcun ödənilmədiyi müəyyən edilir. Buna görə də, iddiaçının borcun ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507 (səksən iki min beş yüz yeddi) ABŞ Dolları 19 sent məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan əmlakların dəyəri 40000 (qırx min) manat müəyyən olunmaqla, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi təmin edilməli, Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507 (səksən iki min beş yüz yeddi) ABŞ Dolları 19 (on doqquz) sent məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan əmlakların dəyəri 40000 (qırx min) manat müəyyən olunsun və həmin əmlaklar açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-yə olan borclarının ödənilməsi təmin edilsin. Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən və Cavabdeh1 məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsın. Fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar