Məhkəmə qərarları › İş №2(067)-2141/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2141/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2141/2024 13.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı- xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilması üçün müəyyən olunmuş 175 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməklə həmin məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə ərizəsini göndərərək zəruri səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin fikrini dinləyib iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsi ilə Cavabdeh iki uşağı- xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 350 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda böyük oğlu Saleh Orucəliyevin 18 yaşı tamam olmuşdur. Kiçik oğlu Vahid Orucəliyev xx.xx.2007-ci il təvəllüdlü olmaqla hal-hazırda 17 yaşı var. Xaçmaz rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsi ilə bir uşaq üçün qət edilmiş 175 manat məbləğində aliment uşağın tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır, uşağın bütün qayğısı və ehtiyacını tamamilə o qarşılayır. Bu səbədən uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh yetkinlik yaşına çatmayan uşağı Vahidə qarşı heç bir diqqət və qayğı göstərmir. Buna görə də görə o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı- xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanilması üçün müəyyən olunmuş 175 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməklə həmin məbləğdə alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə 01 noyabr 2004-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 04 sentyabr 2005-ci ildə Saleh və 01 aprel 2007-ci ildə Vahid adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarındakı nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsi ilə ondan uşaqları Saleh və Vahidin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 350 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Böyük oğlu Saleh Orucəliyevin hal-hazırda 18 yaşı tamam olmuşdur. Hazırda iddiaçı iddia qaldıraraq əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla himayəsində olan uşağı Vahidin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 250 manat məbləğində alimentin xeyrinə tutulmasını xahiş edir. Hal-hazıradək uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişlərindən yayınmamış, imkanı daxilində ödənişlərini etmişdir. Lakin iddiaçının hazırda tələb etdiyi 250 manat məbləğində alimenti ödəməyə maddi imkanı çatmır. Maddi vəziyyəti ağır olduğundan hazırki vəziyyətdə uşağı Vahidin saxlanılması üçün ayda 200 manat məbləğində aliment ödəyə bilər. Yüksək məbləğdə aliment ödəmək iqtidarında deyildir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 10 dekabr 2021-ci il tarixli, 2(067)-1602/2021 saylı qətnaməsinin, xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 743880 nömrəli və xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı, 438916 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh 01 noyabr 2004-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 04 sentyabr 2005-ci ildə Saleh və 01 aprel 2007-ci ildə Vahid adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan 04 sentyabr 2005-ci il təvəllüdlü Saleh və 01 aprel 2007-ci il təvəllüdlü Vahid anaları- İddiaçı himayəsində saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 350 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış cavabdehin gəlirləri barədə məlumatlardan müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi iş yeri qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Aiklə Məcəlləsinin Azərbaycan 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa məcburdurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məlikəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının "Yaşayış minumumu haqqında" Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti- insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərinin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Beləliklə bütün yuxarıda qeyd olunanları, eləcə də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 175 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 210 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2007-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 35 manat artırıldığından, iddianın qiyməti 35 manat x 12 aya= 420 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ilkin Mediasiya sessiyasında iştirakla bağlı ödədiyi xərci cavabdehdən tələb etmədiyindən, həmin xərci iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(067)-1154/2022 saylı qətnaməsinə əsasən 01 aprel 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması ücün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 01 aprel 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə verilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar