Məhkəmə qərarları › İş №2(067)-215/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-215/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-215/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1210 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus BMW 530 i markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Qusar-İmamqulu kənd yolunun 17-ci kilometrliyində hərəkətdə olduğu zaman cavabdehin idarə etdiyi VAZ 21074 markalı avtomobil qəfildən qarşısına çıxmış və hadisə baş vermişdir. Cavabdehin təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 60 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində ona məxsus BMW 530 i markalı ** OH *** dövlət nömrə nişanlı avtomobilə 1210 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh ona vurduğu maddi ziyanı ödəmədiyi üçün avtomobili öz pulu ilə düzəltmək məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehə vurduğu maddi ziyanı qarşılaması barədə bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, «BMW» markalı dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilin aşağıda qeyd olunan ehtiyat hissələr yararsız vəziyyətə düşdüyü üçün dəyişdirilmiş və işlər görülmüşdür. Arxa sol qapı 150 manat, şüşə qaldıran mexanizmin motoru 80 manat, qapı iç döşəməsi 90 manat, qapı dəstək mexanizması 60 manat, arxa disk təmiri 80 manat, dəmirçi işi 350 manat, boya işi 400 manat, cəmi 1210 manat vəsait xərclənmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5382 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı BMW 530 i markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 930 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 930 manat məbləğində pul və 25 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. 5 manat isə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 80 manatı Cavabdeh, 20 manatı isə İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar