Məhkəmə qərarları › İş №2(067)-2163/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2163/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2163/2025 11.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3652 (üç min altı yüz əlli iki) manat pulun və ödədiyi 57 (əlli yeddi) manat dövlət rüsümunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh bankdan götürdüyü kredit üzrə zaminlik etmişdir. Kreditin ümumi məbləği 8749,60 manat oİmuşdur. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün bank kreditin ödənilməsi tələbi ilə ona zamin olaraq müraciət etmişdir. Hazırkı vaxta qədər 3652 manat məbləğində ödəniş onun tərəfindən həyata keçirilmiş, qalan 4733 manat da bank tərəfindən tələb edilməkdədir. O, zamin kimi bu məbləğləri ödədiyinə görə bu vəsaitlərin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh "xxxx" dan kredit götürmüşdür. O. cavabdeh üçün zamin durmuşdur. Hazırki vaxta qədər banka 3652 manat məbləğində ödəniş etmişdir. Cavabdeh 3 aydır ki, ayda 100 manat olmaqla ona ödəniş edib. Cavabdehin 3652 manat borcu var. Onun əmək haqqından ayda 150-145 manat tutulur. 100 manat az bir məbləğdir, cavabdeh pulu artıq ödəsə, o, da banka ödəniş edə bilər. Ödədiyi pulun hamısının cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb edir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərmişdir ki, 2014-cü ildə kredit almış, həmin vaxt iddiaçı da onun üçün zamin durmuşdur. Halhazırda işsizdir. Qardaşı Rusiyadan pul göndərir və o, ödənişi həmin pul ilə edir. Banka 8700 manat borcu qalmışdı. 2023-cü ilə qədər ondan pul tutulmayıb, 2023-cü ildən sonra pul tutulub. Hazırda iddiaçıya 3652 manat pul ödəməli olduğunu etiraf edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianın etiraf etməsi məzmununda izahatını nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişindən müəyyən olunur ki, Cavabdeh 30 ay müddətinə, illik 27 %-lə, 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin həmin kredit müqaviləsi üzrə cavabdehin bank qarşında öhdəliklərinin təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hesab vərəqəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iş qəbul edilmiş İddiaçı əmək haqqından xx.xx.2025-xx.xx.2025-ci il tarixləri əhatə edən dövrdə 155,87 manat pul məhkəmə qərarına əsasən tutulmuşdur. 23 may 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişi bağlanılmış və cavabdehə 30 ay müddətinə, illik 27 %-lə, 15000 manat məbləğində kredit verilmiş, həmçinin həmin kredit müqaviləsi üzrə cavabdehin bank qarşında öhdəliklərinin təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit borcunu vaxtında ödəmədiyinə görə, kredit üzrə yaranmış borcun tutulması İddiaçı əmək haqqına yönəldilmiş və iddiaçının əmək haqqından cavabdehin banka olan borcuna görə hazırkı vaxtadək cəmi 3652 manat pul tutulmuşdur. Cavabdeh iddiaçıya 3652 manat pul borclu olduğunu məhkəmə araşdırması zamanı etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırda cavabdeh iddiaçıya 3652 manat məbləğində pul ödəməlidir və həmin pulu qaytarmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini və əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməlidir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 57 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflrəin izahatlarını dinləyib, cavabdehin etirafını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və 3652 (üç min altı yüz əlli iki) manat məbləğində borc pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3652 (üç min altı yüz əlli iki) manat məbləğində borc pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar