Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2182/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 07.11.2018-ci il tarixdə 2000 (iki min) manat borc pul almışdır. O, həmin pulu cavabdehə Biləcəridə meyvətərəvəz mağazasının yanında vermiş, bu zaman onların yanında heç kim olmamışdır. Cavabdeh ona aldığı borc pulu 1-2 aya qaytaracağına söz vermiş, hətta ona telefon nömrəsini də vermişdir. O, cavabdehdən dəfələrlə pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehi mağazada alver edən şəxs kimi tanıdığını, cavabdehə 2000 manat məbləğində pul verməsini təsdiq edən 07.11.2018-ci il tarixli qəbzi cavabdehin özünün imzaladığını, iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutların olmadığını qeyd etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, meyvə-tərəvəz satmaqla məşğul olmuşdur. Onlar iddiaçı ilə razılaşmışlar ki, iddaçı ona 2000 manat pul verəcək və onlar şərik kimi işləyəcəklər. Bunun müqabilində o, iddiaçıya hər ay 40 manat pul verməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmaya uyğun olaraq iddiaçı ilə birlikdə 17.05.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontoruna getmişlər ki, iddiaçı ona 2000 manat pul versin və onlar kredit müqaviləsi bağlasınlar. Lakin orada iddiaçının şəxsiyyət vəsiqəsi olmadığına görə aralarında kredit müqaviləsinin bağlanılması mümkün olmamış və iddiaçının təklifi ilə müqavilə onun qohumu X3 ilə onun arasında bağlanılmışdır. Amma faktiki olaraq o, pulu iddiaçıdan almışdır. Pulu alan gündən başlayaraq o, iddiaçıya hər gün 40 manatdan olmaqla cəmi 32 gün pul vermişdir. Sonra iddiaçı 07.11.2018-ci ildə onun yanına gəlib qohumu X3 ilə münasibətlərinin pozulduğunu bildirmiş və ondan 2000 manat borc pul alıb verməsi barədə qəbz yazmasını xahiş etmişdir. O, da iddiaçıya inanmış və iddiaçıdan 2000 manat borc pul alması barədə qəbz yazıb vermişdir. Ancaq faktiki olaraq həmin gün iddiaçı ona pul verməmişdir. Həmin qəbz formaldır. Ona görə ki, qəbzdə pulun nə vaxt qaytarılacağı belə qeyd edilməmişdir. O, X2 iddiaçının vasitəsi ilə tanıdımış, lakin 17.05.2018-ci il tarixdə X1 borc pul almamışdır, həmin vaxt ona 2000 manat pulu iddiaçının vermişdir. Göstərilənlərə əsasən cavabdeh iddianı əsassız hesab etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 07.11.2018-ci il tarixdə 2000 (iki min) manat məbləğində pul almışdır. İş materiallarında olan 14.07.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, cavabdehin və iddiaçının izahatları ilə Cavabdeh İddiaçı 07.11.2018-ci il tarixdə 2000 (iki min) manat məbləğində pulu aldığı və alınan pulu qaytarmadığı müəyyən olunur. Buna görə də, məhkəmə iddia tələbinin təmin edilməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin olunsun. Cavabdeh 2000 (iki min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2182/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2182/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver