Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-219/2022 25.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə 09.10.2019-cu il tarixli, 00/103/22 saylı kredit müqaviləsinə əsasən 4963,64 manat əsas borc, 45,78 manat faiz borcu, 1456,39 manat dəbbə borcu olmaqla, cəmi 6465,81 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında 09.10.2019-cu il tarixli, 00/103/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 09.10.2019-cu il tarixli, 00/103/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 5808,24 manat məbləğində kredit verilmişdir. Kreditmüqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün X2 ilə 09.10.2019-cu il tarixli,. 00/103/22 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən zaminlər borcun ödənilməməsinə görə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 09.10.2019-cu il tarixli, 00/103/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKTa 4963,64 manat əsas borc, 45,78 manat hesablanmış faiz borcu, 1456,39 manat dəbbə pulu olmaqla, cəmi 6465,81 manat borcu vardır. Eyni zamanda Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş vermişdir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 İddiaçı Bank olmayan kredit X7 Cəmiyyətindən kredit alıb və ödəməyib. Bununla bağlı ona qarşı məhkəmədə iddia qaldırılıb və iddia təmin olunub. Sonradan onun borcu Prezidentin sərəncamına uyğun olaraq restruktizasiya olunub və 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 5 il müddətinə illik 1 %-lə 5808,24 manat məbləğində kredit verilib. İş üzrə digər Cavabdeh2 ilə 09.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılıb və o, Cavabdeh1 öhdəliyinin icrası ilə bağlı üzərinə öhdəlik götürüb. Hazırkı vaxtadək kredit borcu tam qaytarılmadığına görə məhkəmədə iddia qaldırılıb. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı Bank olmayan kredit X7 Cəmiyyətindən kredit almış və maddi imkanı olmadığına görə ödəməmişdir. Bununla bağlı ona qarşı məhkəmədə iddia qaldırılıb və iddia təmin olunub. Sonradan onun borcu Prezidentin sərəncamına uyğun olaraq restruktizasiya olunub və 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 5 il müddətinə illik 1 %-lə 5808,24 manat məbləğində kredit verilib. Cavabdeh2 ilə 09.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılıb və o, onun öhdəliyinin icrası ilə bağlı üzərinə öhdəlik götürüb. Ölkədə olan pandemiya ilə əlaqədar işi olmadığı üçün kredit borcunu vaxtında ödəyə bilməmişdir. Əsas kredit borcunu və faiz borcunu qəbul edir, amma maddi imkanı olmadığına görə cərimə borcunun silinməsini xahiş edir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2nun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsindən müəyyən olunur ki, cavabdehə 5 il müddətinə, 1 faizlə, 5808,24 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09.10.2019-cu il tarixli 00/103/22 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin 24.08.2021-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsinə əsasən 4963,64 manat əsas borc, 45,78 manat faiz borcu, 1456,39 manat dəbbə borcu olmaqla cəmi 6465,81 manat təşkil edir. İş materiallarında olan kredit müqaviləsinin ləğv edilməsi və borcun tələbi barədə xəbədarlıq məktublarından müəyyən olunur ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir. İş materiallarında olan 14.09.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması zamanı baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. İşin araşdırılmış hallarından İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin məhkəmə İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlərin 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsinə əsasən 4963,64 manat əsas borc, 45,78 manat faiz borcunun qalığına 1456,39 manat dəbbə borcu hesablamasını bu borca mütənasib hesab etmir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı Bank tərəfindən 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1456,39 manat məbləğində dəbbə borcunun məbləğini azaldaraq 150 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan iddia həcmi azaldıldığı üçün dövlət rüsumu da ona mütənasib olaraq Azərbaycan Respublikası Dövlət X6 8.1.2.-ci maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət X6 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4963,64 manat əsas borc, 45,78 manat faiz borcu, 150 manat dəbbə borcu olmaqla, cəmi 5159,42 manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 85 manat dövlət rüsumundan 71,59 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.10.2019-cu il tarixli 00/103/22 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4963,64 manat əsas borc, 45,78 manat faiz borcu, 150 manat dəbbə borcu olmaqla, cəmi 5159,42 manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 85 manat dövlət rüsumundan 71,59 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-219/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-219/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver