Məhkəmə qərarları › İş №2(067)-2197/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2197/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2197/2023 03.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi iddia tələbinin tam və ya qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-3116/18 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xaçmaz rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsi tərəfindən 5(beş) il öncə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği (100 manat) uşağən tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir.Cavabdeh ancaq məhkəmə qətnaməsi ilə təyin edilən 100 (yüz) manat aliment məbləğini aylıq ödəməklə kifayətlənir, bundan başqa ötən 5 il ərzində heç bir zaman uşağın zəruri ehtiyac və tələbatlarının ödənilməsi istiqamətində heç bir addım atmamış, dəfələrlə ona müraciət etsədə ayrı-ayrı dönəmlərdə, lakin bu müraciətinə etinasız yanaşmaqla, maddi- mənəvi dəstəkdən imtina etmişdir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, rəsmi nikahlarından 1 övladları var və 100 manat aliment təyin olunub. Lakin uşağın gözləri zəifdir və klinikada müalicə olunur. O, özü də uşağına bax deyə işləyə bilmir. Başqa gəlir yeri də yoxdur. Cavabdeh ikinci dəfə ailə həyatı qurmayıb. Üstəlik cavabdeh 1 illik aliment məbləğini də ödəməyib. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, hazırda iş yeri yoxdur. Alimenti isə atası ödəyir. Alimentdən əlavə də yardımlar edirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Üstəlik iddiaçı nəvəsini onlarla görüşdürmür. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-3116/18 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 100 manat məbləğində aliment pulu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-3116/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. İşin hallarında görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 180 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-3116/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Məhkəmə uşağın saxlanılması hər iki valideyinin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar