Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-220/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə öhdəliyi icra etmiş şəxs olaraq onun əvəzinə ödədiyi 6245 manat məbləğində pulun, 306 manat İcra Xidmətinə ödədiyi pulun, ümumilikdə 6551 manat pulun, eləcə də dövlət rüsümü olaraq ödədiyi 86 manat pulun alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, taıyır. Aralarında normal münasibətlər olmuşdur. O, Fövqəladə Hallar Nazirliyinin X1 Xidmətinin əməkdaşıdır. 2013-cü ildə cavabdeh "xxxx" ASC-nin Xaçmaz filialından 6000 manat məbləğində kredit götürmüş və onun iş yeri olduğundan sonuncunun xahişinə əsasən həmin kredit müqaviləsi üzrə ona zamin duraraq zaminlik müqaviləsinə imza etmişdir və cavabdeh həmin məbləğdə krediti 2013-cü ilin noyabr ayında almışdır. Krediti aldıqdan sonra müəyyən müddət ödənişləri etmişdir. Sonradan 2015-ci ildə cavabdeh yenidən ona müraciət edərək "xxxx" QSC-dən də kredit alacağını bildirməklə həmin müqavilə üzrə də ona zamin durmağı ondan xahiş etmişdir. Aralarında münasibətlər yaxşı olduğundan zamin dayanmağa razılıq vermiş və cavabdeh həmin bankdan da 1800 manat kredit götürmüşdür. Cavabdeh vəd vermişdir ki, hər iki kredit müqavilələri üzrə aylıq ödənişləri vaxtlı-vaxtında ödəyəcəkdir və bu məsələlərdə bankla aralarında heç bir problem yaranmayacaqdır. Beləliklə "xxxx" ASC-dən onun zaminliyi ilə 6000 manat, "xxxx" QSCdən isə yenə də onun zaminliyi ilə 1800 manat məbləğində kreditlər götürmüş və müəyyən müddət ödənişlər etdikdən sonra hər iki bankın ödənişlərini qrafik üzrə ödəməkdən yayınmış və nəticədə Banklar onları məhkəməyə vermişdir. Xaçmaz rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(067)-1356/2016 saylı məhkəmə əmrinə əsasən Cavabdeh və zamin olaraq ondan 1723,50 manat əsas, 436,92 manat faiz, 172,40 manat cərimə, cəmi 2352,82 manat pulun və 20 manat dövlət rüsumunun tutlaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, Xaçmaz rayon məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(067)-890/2'016 saylı qətnaməsinə əsasən isə Cavabdeh və zamin olaraq məndən 3711,63 manat əsas, 600,72 manat faiz, 50 manat cərimə, cəmi 4392,55 manat pulun və 30 manat dövlət rüsumunun tutlaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir, məhkəmənin hər iki qətnaməsi icraya yönəldildikdən sonra yenə də cavabdeh qətnamələr üzrə müəyyən olunmuş borcu Banklara ödəməmiş və ümumiyyətlə ödənişlərdən yayınmışdır. Dəfələrlə cavabdehlə görüşüb söhbət edərək ödənişləri etməsini, əks halda həmin məbləğləri zamin olduğundan onun əmək haqqından tutacağını bildirsə də, dəfələrlə Bank problemlərini yoluna qoymasını tələb etsə də cavabdeh yalan vədlər verərək sonradan heç bir hərəkət etməmiş və nəticədə qətnamələr icraya yönəldildikdən və cavabdeh qətnamənin icra mərhələsində ödəniş etməkdən yayındığından icra məmurları zamin olaraq tələbin hər əmək haqqının müəyyən hissəsinə ödənilməsi barədə qərar qəbul edərək müvafiq sənədləri iş yerinə göndərmiş və həmin kredit borcları keçən müddət ərzində onun əmək haqqından tutularaq kreditlər tam ödənilmişdir. O, bu barədə cavabdehə bildirdikdə cavabdeh etiraf edərək borcu yaxın vaxtlarda tam ödəyəcəyinə söz vermiş, lakin sonradan müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmış, cəmi ona 500 manat pul qaytarmışdır. Beləliklə onun əmək haqqından 03 fevral 2016-cı il tarixli icra sənədi üzrə 2352,82 manat "xxxx" QSC-nin xeyrinə, 06 aprel 2016-cı il tarixli icra sənədi üzrə 4392,55 manat "xxxx" ASC-nin xeyrinə tutulmaqla kredit borcları tam bağlanmış və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən iş yerinə bu barədə məlumatlar göndərilməklə əmək haqqından tutulmaların dayandırılması xahiş olunmuş və əmək haqqından tutmalar dayandırılmışdır. Hətta İcra şöbəsi tərəfindən onun əmək haqqından 306 manat icra ödənişi də tutulmuşdur. Ödənişlər və tutulmalar barədə Bank sənədləri və İcra Şöbəsinin məktubunu, qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Beləliklə də onun tərəfindən ondan cavabdehin əvəzinə əmək haqqından keçən müddət ərzində ümumilikdə 2352,82+4392,55+306=7051,37 manat pul tutulmuşdur. Həmin məbləğdən cavabdeh tərəfindən ona 500 manat qaytarılması nəzərə alınsasa cavabdeh ona birgə öhdəliyi icra etmiş şəxs kimi onun əvəzinə ödədiyi ümumilikdə 6551 manat pulu ona qaytarmalıdır. Cavabdeh könüllü olaraq onun əvəzinə ödədiyim pulu qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə dərək göstərmişdir ki, cavabdeh tanışı olduğu üçün ona 2013-cü ildə Rabitəbankdan, 2016-cı ildə isə Accessbankdan aldığı kreditlərə görə zamin durmuşdur. Cəmi 7051 manata zamin durmuşdur. Cavabdeh həmin puldan cəmi 551 manat pul ödəmişdir. İcra orqanına çatan rüsumları belə o ödəmişdir. O, həmin vaxt FHN-nin Xaçmaz DYNBdə işləmişdir, sonradan pensiyaya çıxmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının ödədiyi pulu ödəmir demir. Banklardan 6000 manat kredit almış və iddiaçı da ona zamin durmuşdur. Əvvəlcə Rabitəbankdan sonra isə Accessbankdan kredit almışdır. Accessbankdan alınan kredit bitib. Aldığı kreditlərə görə müəyyən qədər pul ödəmiş, iddiaçı da ödəmişdir. İddiaçının əvəzinə ödədiyi pulları qaytarmağa etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(067)-1356/2016 saylı məhkəmə əmrindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı 1723,50 manat əsas, 436,92 manat faiz, 172,40 manat cərimə, cəmi 2352,82 manat pulun və 20 manat dövlət rüsumunun tutlaraq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(067)- 890/2016 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı 3711,63 manat əsas, 600,72 manat faiz, 50 manat cərimə, cəmi 4392,55 manat pulun və 30 manat dövlət rüsumunun tutlaraq "xxxx" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" QSC-nin hesabına ödənişlər edilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinə xitam verilməsi haqqında Sazişdən görünür ki, kredit alanın öhdəliyini tam olaraq yerinə yetirdiyini nəzərə alaraq İddiaçı ilə "xxxx" QSC-nin Xaçmaz filialı arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli 011G**********1 nömrəli zaminlik müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsinin Xaçmaz rayon yanğından mühafizə hissəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 35062/05 nömrəli məktubundan görünür ki, İddiaçı 4392.35 manat pulun ödənilməsinə dair Xaçmaz rayon məhkəməsinin 2(067)- 890/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc tam ödənildiyi üçün borclunun əmək haqqından tutmaların dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayon İcra və probasiya şöbəsinin hesabına 306 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ödəniş tapşırıqlarından müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına ödənişlər edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 86 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6245 manat məbləğində pul, 306 manat icra ödənişi və rüsumun əvəzi olaraq 86 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-220/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-220/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver