Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2208/2022 25.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz RQİİ-i tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli № ******* AKT-ın və ziyan tələbnaməsində göstərilən 216 manat pul məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək evinə quraşdırılmış qaz sayğacının vaxtı bitdiyi üçün sayğacı dəyişdirərək yenisi ilə əvəz etmişlər. Bir müddət sonra evinə bildiriş gəlmişdir. Həmin bildirişdə güya onun 216 manat borcu olduğu göstərilmişdir. Bu barədə Xaçmaz Qİİ-nə gedərək maraqlanmış ona bildirmişlər ki, çıxarılmış qaz sayğacında nöqsan aşkar edilmiş ona görə də Azəriqaz İB-i onu cərimə etmişdir. Halbu ki, o, mövsümlə əlaqədar olaraq sayğacın göstəricilərinə görə ödənişlər etmişdir. Yəni yay mövsümündə 15-20 manat, qış mövsümündə isə 40-50 manat ödəniş etmişdir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər, keçən müddət ərzində sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci ildə Xaçmaz RQİİ-nin işçiləri evinə gəlib qaz sayğacına baxış keçiriblər və evində quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonradan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və xx.xx.2021-ci il tarixli komissiya qərarına əsasən ona 216 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Buna baxmayaraq qaz borcunu vaxtaşırı ödəmiş və hal-hazırda borcu yoxdur. Əsassız olaraq hesablanmış ziyanı bu vaxta qədər hissə-hissə ödəmişdir. Ona görə də ödədiyi pulların geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı çıxarılıb laboratoriyaya göndərilərkən məlum olub ki, sayğaca müdaxilə olunub. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən 216 manat ziyan hesablanıb. Sayğaca müdaxilə laboratoriya qərarına əsasən müəyyən olunduğuna görə ziyanın hesablanmasını əsaslı hesab edir. Bundan başqa, iddiaçı özü də etiraf etdiyi kimi, mübahisələndirdiyi borcu ödəyib, belə olan halda mübahisə mövcud deyil. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ona yazılmış və hal-hazırda məhkəmədə mübahisələndirdiyi pul cəriməsini könüllü olaraq cavabdeh “Azəriqaz” İB-nə ödədiyindən, hazırkı mülki iş üzrə mübahisə bitmiş hesab olunur və mübahisə predmeti artıq mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesblanmış 216 manat məbləğində ziyanı tam ödəmişdir. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2208/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2208/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver