Məhkəmə qərarları › İş №2(067)-2225/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2225/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2225/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçın Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2300 (iki min üç yüz) manat əsas borcunun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 43 (qırx üç) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyul 2022-ci il tarixdə Cavabdeh ondan 3 (üç) ay müddətinə 700 (yeddi yüz) manat borc almış, bu barədə ona xx.xx.2022-ci il tarixli yazılı qəbz vermişdir. Bundan sonra 27 iyul 2022-ci il tarixdə Cavabdeh yenə də ondan 3 (üç) ay müddətinə 1600 (bir min altı yüz) manat borc almış, bu barədə ona xx.xx.2022-ci il tarixli yazılı qəbz vermişdir. Cəmi olaraq Cavabdeh ondan 2300 (iki min üç yüz) manat borc almışdır. O, Cavabdeh tanıdığı və münasibətləri yaxşı olduğu üçün ona inanıb borc pul vermişdir. Cavabdeh ondan aldığı 2300 (iki min üç yüz) manat borcdan, qaytarılması barədə razılaşdıqları 3 ay müddətində, habelə ondan sonra ötmüş uzun müddət ərzində hər hansı bir məbləği qaytarmamışdır. Ona borclu olduğu 2300 (iki min üç yüz) manat pulun qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh əvvəllər onun iş yerinin yanında olan hərbi hissədə işləyirdi. Atası xəstə olduğu üçün ondan borc pul istədi. Ümumilikdə 2300 manat borcu var. Əvvəl ondan 700 manat, sonra isə 1600 manat pul alıb. Ondan borc aldıqdan sonra işdən çıxıb və telefon zənglərinə cavab vermir.. Müharibədə iştirak edib, sonra işdən çıxıb. Faiz məsələsi yalandır. Ona heç bir ödəniş etməyib. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı tam qəbul etmir. Atası xəstə olduğu üçün iddiaçıdan 2300 manat borc pul almış və buna dair 2 qəbz yazıb vermişdir. İddiaçını ona faizə pul verən şəxs kimi tanıdıblar. Buna görə ondan pul almışdır. Tarixi dəqiq yadında deyil. O, ona ödənişləri etmişdir. 1 il əvvəl tərxis olmuşdur. O vaxta qədər ondan heç nə istəməyib. 3 il sonra müraciət edib. İddiaçıya hər 100 manata görə 20 manat faiz ödəyib. O, ondan aldığı pulu qaytarmışdır. Lakin iddiaçı həmin pulu faizə sayır və ondan yenə eyni məbləği istəyir. O, 8 ay müddətində pulu ona ödəmişdir. O, əgər ona borclu olsaydı bu müddət ərzində müraciət edərdi. O, ödənişləri bəzən iddiaçının kartına köçürməklə, bəzən də şəxsən özünə əlbəəl verməklə etmişdir. Rəsmi olaraq ödəniş barədə sübutu yoxdur. Aradan 3 il vaxt keçib. Bu müddət ərzində o, nömrəsini və mobil telefonunu bir neçə dəfə dəyişmişdir. Bu səbəbdən də, köçürmələr barədə sübutu qalmayıb. Onun maddi vəziyyəti həmin pulu ödəməyə yol vermir. Həmçinin ödədiyi pulu yenidən ödəməyi düzgün deyil. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh İddiaçı borc olaraq aldığı 700 manat pulu 2 ay müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. - xx.xx.2022-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh İddiaçı borc olaraq aldığı 1600 manat pulu 3 ay müddətinə geri qaytaracağına dair öhdəlik götürmüşdür. - xx.xx.2025-ci il tarixli “birbank” ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2022-ci ildə 2 ay müddətinə qaytarılmaq şərti ilə 700 manat və xx.xx.2022-ci ildə 3 ay müddətinə qaytarmaq şərti ilə 1600 manat pul vermişdir. Cavabdeh isə həmin pulları geri qaytarmasına dair öhdəlik götürsə də, vədini yerinə yetirməmiş və pulları geri qaytarmamışdır. Cavabdehin faiz şəkilində pulu qaytarması barədə bildirməsi iş materialları ilə təsdiq olunmur və öhdəliyinin icrasından boyun qaçırmaq üçün özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh üzərinə götürdüyü vəzifələrə dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 43 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat borc və iddia qaldırmaqla əlaqədar dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar