Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2235/2025 01.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2249,91 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş iş yoldaşı olmuş və onunla yaxşı münasibəti olmuşdur. Belə ki, onlar N nömrəli hərbi hissədə birlikdə işləmişlər. Cavabdeh 2023-cü ilin avqust ayında pula ehtiyacı olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Həmin vaxt özündə pul olmadığını bildirmişdir. Lakin, cavabdeh ona kredit götürməyi, həmin krediti isə özünün ödəyəcəyini demişdir. Cavabdehlə münasibəti yaxşı olduğu üçün o 2023-cü ilin avqust ayında 4520 manat məbləğdə kreditə pul götürüb cavabdehə vermişdir. Cavabdehlə aralarında olan razılığa əsasən krediti ayba-ay cavabdeh ödəməli idi. Lakin, cavabdeh ona verdiyi kredit pulu daha tez, yəni 2023-cü ilin avqust ayının axırında qaytaracağını da bildirmişdir. Ancaq, cavabdeh 2023-cü ilin avqust ayının sonunda ona olan borcunu qaytara bilməmişdir. Bir müddət cavabdeh kredit müqaviləsi üzrə ödənişləri etmişdir. Lakin, sonradan cavabdeh ödənişləri etməmişdir. Dəfələrlə cavabdehə kredit götürüb verdiyi pulları ödəməyi bildirsə də, cavabdeh kredit ödənişlərini ödəməkdən imtina etmişdir. Hazırda o cavabdehin əvəzinə 2249.91 manat ödəniş etmişdir. Bundan sonra dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh ona olan borcu qaytarmaqdan imtina etmişdir. Cavabdeh ona borcunun olduğunu etiraf etsə də ona olan borcunu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, aylıq əmək haqqından 392 manat pul tutulmuşdur, krediti tam şəkildə ödəmişdir. 4520 manat kredit götürülmüş, 271,67 manat faiz hesablanmışdır. Cavabdehin atası kartına 800 manat pul göndərmiş, cavabdeh 1000 manat və 190 manat göndərmişdir. Sonra yenə də 1-2 dəfə xırda məbləğdə köçürmə etmişdir. Kredit maaş kartından tutulmuş, ayrı kartdan da kredit ödənişini etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ödəniş cədvəlindən müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR2755651B299 saylı kredit müqaviləsinə əsasən ona illik 10.9 faiz dərəcəsi ilə 12 ay müddətinə 4520 AZN kredit verilmişdir. -İddiaçı cavabdehə ünvanladığı pretenziya məktubundan görünür ki, mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. -xx.xx.2023-cü il tarixdə verilmiş 133333 nəmrəli vəsiqədən müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -işə əlavə edilmiş audio-videodiskdə olan videogörüntüdən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-dən götürdüyü kredit məbləğini borc kimi cavabdehə verdiyini bildirərək həmin məbləğin qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh isə borcu tez zamanda qaytaracağı barədə iddiaçıya məlumat vermişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi sübutlar və tərəfin izahatı ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh keçmiş iş yoldaşı olmuşlar. Cavabdeh 2023-cü ilin avqust ayında iddiaçıdan borc pul istəmiş, həmin vaxt iddiaçı özündə pul olmadığı üçün cavabdehin təklifi ilə kredit götürmüş, cavabdeh həmin krediti özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" ASC-dən illik 10.9 faiz dərəcəsi ilə 12 ay müddətinə 4520 AZN kredit götürüb cavabdehə vermişdir. Cavabdehlə aralarında olan razılığa əsasən krediti hər ay cavabdeh ödəməli olmuşdur. Bir müddət cavabdeh kredit müqaviləsi üzrə ödənişləri etmişdir. Lakin sonradan cavabdeh ödənişləri etməmiş, kredit ödənişlərini ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehin əvəzinə 2249.91 manat kredit ödənişi etmişdir. İddiaçının bankdan kredit götürərək həmin pulu borc olaraq cavabdehə verməsi, iddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehin pulu tam olaraq iddiaçıya qaytarmaması faktı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin “whatsapp” mobil tətbiqi üzərindən etdikləri yazışmaları və səs yazılarını əks etdirən audi-video diskdə olan məlumatlarla öz təsdiqini tapmışdır. İddiaçının mesajlaşdığı mobil nömrənin cavabdehə aid olması isə “məhkəmə işlərinin elektron idarə etmə sistemi” vasitəsi ilə əldə olunmuş məlumatlar, həmçinin həmin nömrədən iddiaçıya göndərilmiş və üzərində cavabdehin ad, soyad və ata adı olan və cavabdeh tərəfindən götürülmüş başqa bir kredit öhdəliyinin olmasını əks etdirən sənədin fotoşəkli ilə təsdiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, iddia tələbinə şifahi və ya yazılı şəkildə münasibət bildirməmiş və məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında borcla bağlı mülki-hüquqi münasibətləri yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2249.91 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər övlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının iddia ərizəsi təmin edildiyindən, iddianın qiyməti 2249.91 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, “elektron məhkəmə sistemi”ndə yaradımış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən cavabdehdən 42,49 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməli, Cavabdeh 2249.91 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2249.91 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 42,49 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2235/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2235/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver