Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2241/2023 24.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 110 manat olmaqla ümumilikdə 220 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və xx.xx.2015-ci il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar hər ay 200 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladı olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladlarının onun yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabail pul məbləğində alimentin tutulması qət olunmuşdur. Qətnamədə kəsilən alimentin məbləği uşaqların saxlanılması üçün bəs etmir, həmçinin bu günlük iqtisadi münasibətlərə uyğun gəlmir. Uşaqlar günü gündən böyüyür. Böyüdükcə xərcləri də artmaqdadır. Hər ikisi məktəblidir. Onun ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. Bundan başqa özü də hal-hazırda universitetdə ödənişli əsaslarla təhsil alır. Bunları tək başına qarşılaya bilmir. Əlavə olaraq böyük oğlu Əziz anadangəlmə nitq qüsurludur, ağır dərəcəli kekələmə diaqnozu qoyulmuşdur. Mütəmadi olaraq həkim nəzarətindədir və müalicələr alır. Hal hazırda da leqopeddən, həmçinin nevroloji və psixioloji müalicələr alır. Uşağın xəstəliyi ilə bağlı arayışları təqdim edir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Alimentin artırılmasını xahiş edir. Təhsillərinə və səhhətlərinə görə aliment məbləği çatmır. Özü də işləyir, lakin xərclərini qarşılaya bilmir. Uşağı müalicəni alıb, özəl klinikada deyə qəbzləri vermirlər. Yoxsa həmin qəbzləri sübut kimi təqdim edərdi. Cavabdehin qazancı da olsa, məsuliyyəti yoxdur. Övladı ilə maraqlanmır. İkinci evliliyindən olan övladını özəl bağçaya yazdırıb. Ona maddi imkanı çatır. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, ikinci dəfə ailə qurmuşdur. Üstəlik banka da borcu var. Müxtəlif işlərdə günəmuzd işləyir. Ağır işlərdə çalışa bilmir. Bu səbəbdən alimentin artırılmasına etiraz edir Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında olan nikahları pozulmuş, birgə nikahdan olan övladlarının iddiaçının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ikinci nikahından X5 adlı bir uşağı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdl X6 adlı övladları vardır. Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, boşanmadan sonra onların birgə nikahdan anadan olmuş iki uşağın İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. İşin hallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, eyni zamanda cavabdehin ikinci nikahından bir övladının olmasını, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə hər uşağa müəyyən edilmiş 220 manat məbləğinin 150 manat hissəsi, ümumilikdə isə 440 manat məbləğin 300 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən hər ay 200 manat maddım yardım tutulması barədə hissəsinə gəldikdə isə hesab edir ki, həmin hissədə iddiaçı iddiasını təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim etmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Məhkəmə uşağın saxlanılması hər iki valideyinin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1118/2020 saylı, xx.xx.2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2241/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2241/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver