Məhkəmə qərarları › İş №2(067)-2250/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2250/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2250/2024 20.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 məhkəmədə iddia qaldıraraq, Cavabdeh 19100 manat məbləğində pulun, ödənilmiş 150 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 20000 manat pulu almış, həmin puldan cəmi 900 manatını geri qaytarmış, 19100 manat məbləği isə geri qaytarmamışdır. Cavabdeh 30 iyun 2024-cü il tarixə qədər ona olan borcunu geri qaytarmağı söz versə də, vədinə əməl etməmişdir. Bu faktı cavabdehin öz əlyazması ilə yazdığı sadə yazılı əqd təsdiq etməkdədir. Bundan başqa tərəfindən iddia ərizəsinin hazırlanması, məhkəmədə təmsilçilik üçün vəkillə müqavilə bağlanmış, ona görə 300 manat xidmət haqqı tərəfindən ödənilmişdir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin hesabına 150 manat ödəniş olunmuşdur. Hesab edir ki, ona ödənilməli cavabdehin borcundan başqa, ödənilmiş dövlət rüsumu və vəkilə ödədiyim xidmət cavabdeh tərəfindən mənə geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi hüquqlarını müdafiə etdiyi şəxs cavabdehə 20000 manat pul vermişdir. Daha sonra cavabdeh həmin pulun 900 manatını geri qaytarmışdır. Qalan məbləği isə 30 iyun 2024-cü il tarixinə qədər geri qaytarmağı söz verişdir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, pulu geri qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edərək cavabdehdən 19100 manat pulu və ödənilmiş 150 manat dövlət rüsumunu, 300 manat vəkilə ödənilmiş xidmət haqqı pulunun alınıb cavabdehə qaytarılmasını xahiş edir. İşlə bağlı qəbzi də təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Qəbzi özü yazmışdır. Qəbzdəki imza da ona aiddir. Lakin qəbzi sonradan yazdırıb. Yəni, əvvəl pulu almışdır, daha sonra isə geri qaytarmışdır. Bununla bağlı şahidləridə var. İşə düzəltmək üçün almamışdır. O, elə söz deməmişdir. Qəbzi özü yazdığını təsdiq edir.İmza ilə bağlı ekspertiza keçirilməsinə zərurət görmür. Lakin pul borclu deyil. Pulu əvvəl almışdır, qəbzi isə sonra yazmışdır. Məhkəmə iclasında şahid Aydəmirov Xantəmir Soltanhəmid oğlu ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. İmran onun uşaqlıq dostudur. İddiaçı isə kəndindən qız alıb ona görə tanıyır. Bir gün kənddəki kafedə o, İmran və Cəfər dayı çay içən zaman Cəfər dayı bir kağız uzataraq qol çəkməklərini xahiş etdi. İmran isə oxuyub bildirdi ki aralarında olan 6000 manat borc olub. Cəfər dayı isə ona dedi ki 18000 manata qol çəksinlər ki, onu evdə göstərsin. Çünki İmrandan pulu alıb yeyib və bunu evdə açıqlaya bilmir. O, da qəbzə qol çəkmişdir. İmran da orada idi və razılıq verdi. Daha sonra bir gündə Cəfər dayı dediki 20000 manata qol çəksin, o, isə razılaşmamışdır. Bildirmişdir ki, əvvəl qol çəkdiyi kağızı qaytarsın. O ilk dəfədir ki, İmran üçün şahidlik edir. O, pulla şahidlik etməmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Cavabdehı tanıyır. Onunla yaxınlığı var. O, Bakı şəhərində yaşayır. Cəfər İmran ilə birlikdə onlara gəlmişdi və onun vasitəsilə tanışlığı yaranmışdı. Bir gün gecə saat 5 idi, Cəfər onlara gəldi. Dediki uşaqları onu incidir. Ona görədə evdən çıxıb onlara gəlib. Səbəb olaraq isə bildirdi ki, o, İmran üçün bankdan 6000 manat pul götürüb. Həmin puldan 100 manat İmran ona cibxərcliyi verib. Qalan 5900 manatı isə İmran götürüb. Hətta o onun telefonu ilə Bakıda yaşayan oğluna zəng etdi. Telefonunu uşaqların sındırdığını bildirdi. Lakin telefonu söndürmüşdü, o, bunu sonradan bilib. Bundan əlavə də qeyd etmək istəyir ki, həmin puldan 400 manatı İmran Gödəkli kəndində onun yanında Cəfərə qaytarıb. Cəfər onun evində 2-3 dəfə olmuşdu ona görə münasibətləri var idi. O, istəmir ki, İmran nahaq yerə pul ödəsin. Eşitdiyinə görə ondan 18-20 min manat məbləğində pul tələb edirlər. Qeyd edilən qəbzlərdən onun xəbəri yoxdur. Onun eşitdiyinə görə Cəfərin kafeyə və mağazaya olan borclarını da İmran ödəyib. Onun yanında da 400 manat pul verib. Cəfər bankdan 6000 manat pul götürüb İmrana verib. İmran da həmin pulun 100 manatını ona cib xərcliyi kimi verib. Həmçinin 5900 manat pulun 400 manatını da onun yanında qaytarıb. İmran ona əlavə ödənişlər də edib. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli əlyazma ilə yazılmış qəbzdən də müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı 20000 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmağına söz vermiş və bunu imzası ilə təsdiq etmişdir. Borcdan cəmi 900 manat qaytarılmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 20000 manat borc almış, iddiaçının bildirdiyinə və qəbzdə əksini tapmış qeydlərə görə iddia qaldırılan tarixədək müxtəlif vaxtlarda bu borcdan 900 manat qaytarsa da, hazırda onun 19100 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə verilmiş borcdan, yəni 20000 manat puldan 900 manat qaytarılmış məbləğ çıxılmaqla qalan 19100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 19100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Borcunun qaytarması, qəbzin formal olaraq yazılması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdeh tərəfin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Nümayəndə arasında müqavilə bağlanmış və hüquqi yardım göstərilməsinə görə iddiaçı tərəfindən 300 manat ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, vəkil haqqı üçün ödənilmiş 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19100 manat məbləğində pul, ödənilmiş 150 manat dövlət rüsumu, 300 manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar