Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2256/2022 15.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 15 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 4, m. 2-də yerləşən mənzildən sərbəst istifadə etməsinə, maneəsiz yaşamasına və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması və həmin mənzildən ona uyğun yaşayış otağının onun istifadəsinə verilməklə istifadə qaydalarının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 2 saylı mənzil order əsasında 1985-ci ildə anasına verilib və anası ailəliklə həmin ünvanda yaşayıb. X5 2008-ci ildə, anası Nazlı Aslanova isə 2013-cü ildə vəfat edib. Valideynlərinin vəfatından sonra həmin mənzildə o və qardaşı Ruslan ailəsi ilə birlikdə yaşamışlar. 2013-cü ildə yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı İ qrup əlil olmuşdur. 2019-cu ilin may ayında cavabdeh zor tətbiq edərək onu böyüyüb boya-başa çatdığı və rəsmi qeydiyyatda olduğu Xudat şəhəri Konserv zavod qəsəbəsi ev 11 ünvandakı 2 saylı mənzildən çıxarıb və o həmin vaxtdan məcbur olub əmisi X4 rayonunun Yasab-oba kəndindəki evində yaşamışdır. Cavabdeh məni aldadaraq 2016-ci il tarixdə Notariat Kontoruna aparıb ərizə yazdırmışdır ki, mərhum anasından miras qalmış həmin mənzilə dair heç bir tələbi yoxdur. Həmin vaxt cavabdeh bildirmişdir ki, mənzili özəlləşdirib onu müalicə etdirər və hər ikisi üçün birgə yaşayış evi tikdirər. O, cavabdehin sözlərinə inanaraq Notariat Kontorunda müvafiq ərizəyə imza atmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh vədinə əməl etməməklə onu mübahisəli mənzildən qovmuşdur. Ona görə də o, 21 iyul 2020-ci il tarixində Notariat Kontoruna gedib yazmış ərizəni ləğv etdirmişdir. Bundan əlavə o, mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdiribözəlləşdirilməməsini dəqiqləşdirmək üçün vəkil vasitəsi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu ilə müraciət ünvanlamış, həmin idarənin 17 iyul 2020-ci il tarixli məktubu ilə cavab verilmişdir ki, ünvan 3 ünvandakı 2 saylı mənzilə aid hər hansı məlumat aşkar edilməmişdir. Mənzilə dair bütün sənədlər, o cümlədən order cavabdehdədir, cavabdeh həmin sənədləri ona vermir. Mərhum anasından Xudat şəhərində yerləşən 0,04 ha torpaq sahəsi də miras qalmışdır. Cavabdeh həmin torpaq sahəsini 7500 manata sataraq, ona həmin puldan heç nə verməmişdir. Beləliklə mübahisəli mənzil 1985-ci il tarixdə mərhum anası Nazlı Aslanovanın adına verildikdən sonra o 1986-ci il tarixdə həmin mənzildə anadan olmuş və cavabdeh tərəfindən 2019-cu ilin may ayında mənzildən qovulanadək orada yaşamışdır. Yəni həmin mənzildə yaşamaq hüququ vardır, cavabdeh tərəfindən qanunsuz olaraq mənzildən qovulmuşdur. Xaçmaz rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mənzilə köçürülməyinə dair iddiası təmin edilərək, onun ünvan 1 ünvandakı 2 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul olunmuşdur. O, həmin mənzilə köçərək bir müddət orada yaşasa da, bu uzun müddətli olmamışdır. Belə ki, cavabdeh və onun ailəsi onun birinci qrup əlil olduğunu nəzərə almadan, ona pilləkənli otaq vermişdir. Həmin otaqdan istifadə etmək fiziki olaraq özünü idarə edə bilməyən şəxs üçün olduqca çətin və hətta mümkünsüzdür. Bununla bağlı dəfələrlə icra məmuruna şikayət etsə də, o artıq qətnamənin icra olunduğunu və icra üzrə icraata xitam verildiyini bildirmişdir. Lakin hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq, bu qətnamənin icrası faktiki olaraq mümkün olmamış və ona həmin mənzilin yaşayış və köməkçi sahəsindən, həyətindən normal şəkildə istifadə etməsinə imkan verilmir. Odur ki, hesab edir ki, mənzildən istifadə qaydaları müəyyən edilməli, mənzildə rahat yaşayışı üçün əlverişli otaq onun istifadəsinə verilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. İş üzrə iddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılnasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev anasının adınadır. 2 otaqlı mənzildir. Otağın biri iddiaçıya verilib. Digər otaqda isə 5 nəfər yaşayırlar. İcra məmuru iddiaçını evə köçürmüş, həmin vaxt iddiaçı razılığını bildirmişdi. İddiaçı sonradan sanitar qovşağı, isti su tələb etmiş, həmin şəraiti də yaratmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1680/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin olunmuş, İddiaçı ünvan 4 ünvanındakı 2 saylı mənzilə köçürülməsi qət edilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzildən sərbəst istifadə etməsinə, maneəsiz yaşamasına və cavabdehin (ona münasibətdə) qanunsuz müdaxiləsinə son qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 60 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, 40 manatı isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2256/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2256/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver