Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-226/2021 30.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq, dələduzluq yolu ilə ondan alınmış 800 ABŞ dollar, tikintiyə xərclədiyi 5350 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Xaçmaz rayonunun, Xudat şəhəri, 2-ci şöbə sakini olan Cavabdeh 2014-cü il tarixdən tanıyır. O, həmin il özünə məxsus olan Xaçmaz rayonunun, Xudat şəhəri, 2-ci şöbədə yerləşən həyətyanı torpaq sahəsindən 0.4 ha torpaq sahəsini ona fərdi yaşayış evi tikmək üçün 800 ABŞ dollarına satmışdır. Bu barədə onun şahidləri də var. Cavabdeh torpağı ona satarkən özünə məxsus olan bütün torpaq sənədlərini ona təqdim edərək, adında 10 ha torpaq sahəsinin olmasını və özünə 6 ha torpağın qaldığını demişdir. Həmin il özünə məxsus olan satın aldığı torpaqda ev tikmək istəyərkən, ona öz həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən bağ tərəfdən həmin 0,4 ha torpaq sahəsini ayırıb satmışdır. O, da həmin satın aldığı yerdə bir mərtəbəli ev tikmişdir. Evi tikən usta cavabdehin qardaşıdır. Tikinti zamanı tikintiyə, materillara ustaya 5350 manat pul xərcləmişdir. Təxminən bir ay bundan əvvəl həmin yarımçıq tikilinin damını vurmaq istəyərkən cavabdeh bələdiyyələri çağıraraq ona demişdir ki, bu torpaq sahəsi bələdiyyəyə aiddir. Bələdiyyə də bunu təsdiq etmişdir. O, bələdiyyədən həmin aldığı torpaq sahəsinin rəsmiləşdirilməsinə dair sənəd tələb etmişdir. Bələdiyyə də ona rəsmi cavab verərək bildirmişdir ki, bir mərtəbəli yarımçıq evi təcili olaraq sökülməlidir. Ona görə də hazırkı, iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısına görə cavabdehə 800 ABŞ dolları məbləğində pul verməyini şahidləri təsdiq edə bilərlər. Torpaq sahəsinin alqı-satqısına görə cavabdehə 800 ABŞ dolları məbləğində pul verməyinə dair ondan qəbz almamışdır. O, torpaq sahəsində 1 mərtəbəli, 5 otaqlı ev tikmişdir, evin tikintisinə 5350 manat pul sərf etmişdir və bunu şahidləri təsdiq edə bilərlər. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının ev tikdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. O, özünə məxsus 10 sot həyətyanı torpaq sahəsindən istifadə edir, iddiaçıya torpaq sahəsi satmamışdır və iddiaçıdan torpaq sahəsinə görə pul almamışdır. İddiaçının ev tikdiyi torpaq sahəsi ona məxsus deyildir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən 29.10.2020-ci il tarixli Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonunun, Xudat şəhəri, 2-ci şöbəsində yerləşən həyətyanı torpaq sahəsinin 0,10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/3548 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri 2-ci şöbə ərazisində yerləşən 9.5*9.5 metr ölçüdə, 2 metr hündürlükdə mişar daşından inşa edilmiş yarımçıq tikilinin tikilməsinə və tikintisində istifadə olunan tikinti materiallarına sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 2309 manat məbləğində müəyyən olunur. Lakin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 16.09.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri) iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-226/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-226/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver