Məhkəmə qərarları › İş №2(067)-2263/2020

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-2263/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2263/2020 30.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə icas katibi X1 iştirakı ilə , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.600 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, ödənilmiş 30 manat dövlət rüsumu və 5 manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumunun, cəmi 3.735 (üç min yeddi yüz otuz beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanımışdır. Cavabdeh xx xxxx 2020-ci il tarixdə ona müraciət edərək başqa borclarını ödəməsi üçün ondan 3600 manat borc pul istəmişdir. O, cavabdehə inanıb 3600 manat borc pul vermişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh borcunu bu ilin avqust ayının sonlarında qaytarmağı öhdəsinə götürmüşdür, lakin bu günə qədər borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etmişdir, lakin o, müxtəlif bəhanələrlə pulunu verməkdən yayınır. Ona görə məhkəmədə iddia qaldırmış, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesində iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehə pulu faizsiz vermişdir, onun məhkəməyə təqdim etdiyi qəbzi də cavabdeh özü imzalamışdır. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 3600 manat məbləğində borc pul almış və həmin borcu 2020-ci ilin avqust ayında geri qaytaracağı barədə üzərinə məsuliyyət götürmüşdür. Həmin qəbzi də Cavabdeh özü imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 219707 saylı qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi xidmətlərə görə 100 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3.-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin olunsun. Cavabdeh 3.600 (üç min altı yüz) manat əsas borc, 100 (yüz) manat hüquqi xidmətlərə görə haqq, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 3.735 (üç min yeddi yüz otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar