Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-23/2021 10.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxx 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2270 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı ildə ondan borc pul almışdır. Lakin ona məlum olmayan səbəblərə görə bu günədək borcunu qaytarmamışdır. Bu günədək cavabdeh ona 2270 manat pul borcludur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin ondan xx.xx.2016-cı il tarixdə 2270 manat məbləğində borc pul almasını təsdiq edən öz dəst-xətti ilə yazıb imzaladığı qəbz vardır. O, həmin qəbzi iddia ərizəsinə əlavə etdiyi iş materiallarına əlavə etmişdir. O, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 4/591 saylı və xx xxxxxx 2021-ci il tarixli 4/57 saylı ekspert rəyləri ilə razı deyil, belə ki, ekspert qarşısında qoyulmuş suala tam cavab verilməmiş, yəni qəbzdəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsinə aydınlıq gətirilməmişdir. O, cavabdehlə 400 manat məbləğində pulun ödənilməsini razılaşmışlar. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, İddiaçı ilə 400 manat məbləğində pulun ödənilməsi ilə bağlı razılaşdıqlarını bildirərək, iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia cavabdehin iddianı etiraf etdiyi həcmdə qismən təmin edilməlidir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında məhkəmə tərəfindən qoyulmuş suala tam cavab verilməmişdir. Belə ki, məhkəmənin sözügedən qərardadında xx.xx.2016-cı il tarixli qəbzin əslindəki əlyazma və imzanın Cavabdeh tərəfindən icra edilməsinə dair sual qoyulmasına baxmayaraq, ekspert rəyində yalnız “Qəbz mən Cavabdeh og. İddiaçı borc pul aldım, iki min iki yüz yetmiş manat, bu pulu 2270 manatı 1 aya qaytaracam. imza; Cavabdeh xx.xx.2016-cı il” yazılar - əlyazmanın cavabdeh tərəfindən icra olunmadığına dair sual cavablandırılmış, imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsi məsələsi üzrə sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 126 (yüz iyirmi altı) manat müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 4/57 saylı ekspert rəyinə əsasən xx.xx.2016-cı il tarixli qəbzdəki imzanın Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 127 (yüz iyirmi yeddi) manat müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia cavabdehin etiraf etdiyi həcmdə qismən təmin edilərək, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 5 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizalarının dəyəri olan cəmi 253 (iki yüz əlli üç) manat məbləğində puldan 200 (iki yüz) manat məbləğində pul İddiaçı, 53 (əlli üç) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat və ödənilmiş dövllət rüsumundan 5 (beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizalarının dəyəri olan 253 (iki yüz əlli üç) manat məbləğində puldan 200 (iki yüz) manat məbləğində pul İddiaçı, 53 (əlli üç) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-23/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-23/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver