Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2307/2025 14.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərzəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10341.77 manat əsas borc, 396.27 manat faiz borcu və 0.40 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10738.44 manat məbləğində borcun və 122.22 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 48 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci ilin martın 5-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10341.77 manat əsas borc, 396.27 manat faiz borcu və 1.61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10739.65 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1.61 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 0.40 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakı olmadan hazırkı mülki işə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə elektron qaydada ərizə göndərmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Bankdan kredit götürmüşdür və hazırda banka olan kredit ödənişlərini əvvəlki qaydada ödəmək istəyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə axılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək və cavabdehin qismən etirafını nəzərə alaraq, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, 808-Y-1-0-1413-24 saylı krеdit müqaviləsindən müəyyən olunur ki, cavabdehə istehlak məqsədləri üçün illik 15.9 faizlə 48 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 05 mart 2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh 07 mart 2024-cü il tarixli, 808-Y-1-0-1413-24 saylı krеdit müqaviləsi üzrə banka olan əsas məbləğ üzrə 10341.77 manat, faiz üzrə 293.33 manat, cərimə üzrə 28.09 manat olmaqla, cəmi 5904.46 manat məbləğində kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 5 gün müddətində ləğv etməyi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 05 mart 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan borclu Cavabdeh 07 mart 2024-cü il tarixli, 808-Y-1- 0-1413-24 saylı krеdit müqaviləsi üzrə banka əsas məbləğ üzrə 10341.77 manat, faiz üzrə 396.27 manat, cərimə üzrə 1.61 manat olmaqla, cəmi 10739.65 manat məbləğində borcu vardır. 24 sentyabr 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan borclu Cavabdeh 07 mart 2024-cü il tarixli, 808-Y-1- 0-1413-24 saylı krеdit müqaviləsi üzrə banka əsas məbləğ üzrə 6010.57 manat, faiz üzrə 1175.18 manat, cərimə üzrə 10.42 manat olmaqla, cəmi 7196.17 manat məbləğində borcu vardır. 05 mart 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 122.22 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 07 mart 2024-cü il tarixli, 808-Y-1-0-1413-24 saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 743.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddia tələbində və 05 mart 2025-ci il tarixli maliyyə arayışında iddiaçının cavabdehə qarşı qoyduğu tələb məbləği əsas məbləğ üzrə 10341.77 manat, faiz üzrə 396.27 manat, cərimə üzrə 1.61 manat olmaqla, cəmi 10739.65 manat məbləğində təşkil edir. Lakin, hazırkı mülki iş məhkəmənin icraatında olduğu müddətdə Cavabdeh tərəfindən mübahisəli kredit məbləği üzrə müəyyən məbləğdə ödəniş edilmişdir. Bununla bağlı Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə arayış təqdim edərək, hazırda cavabdehin banka olan əsas borcunun 6010.57 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə işin müəyyən olunan hallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh əsas borc məbləği 24 sentyabr 2025-ci il maliyyə arayışına əsasən, faiz və cərimə məbləğləri isə iddia tələbinə əsasən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 6407.24 manata görə 84.07 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından, iddianın təmin olunan hissəsinə münaaibətdə 84.07 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və cavabdehin qismən etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, 808-Y-1- 0-1413-24 saylı Krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 6010.57 manat, faiz üzrə 396.27 manat, cərimə üzrə 0.40 manat olmaqla, cəmi 6407.24 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 84.07 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, 808-Y-1-0-1413-24 saylı krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 6010.57 manat, faiz üzrə 396.27 manat, cərimə üzrə 0.40 manat olmaqla, cəmi 6407.24 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 84.07 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin və dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2307/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2307/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver