Məhkəmə qərarları › İş №2(067)-2308/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2308/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2308/2021 17.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 510.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdaifə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh oğlunu bir neçə ildir ki, tanıyır. Aralarında yaxşı münasibətlər olmuşdur. 2017-ci ildə cavabdeh ona özünə məxsus obyektləri göstərərk həmin obyektləri işlətmək üçün pul lazım olduğunu bildirməklə ondan 510.000 manat məbləğində borc pul istəmişdir. O, cavabdehi tanıdığı və səmimiyyətinə inandığı üçün borc istədiyi məbləği 18 dekabr 2017-ci il tarixdə ona vermiş və bundan sonra cavabdehlə aralarında həmin tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmış və təsdiq edilmişdir. 18 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ondan aldığı 510.000 manat pulu 18 dekabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı pulu vəd verdiyi vaxtda ona qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Cavabdeh könüllü olaraq borcunu qaytarmadığından o özü maliyyə çətinliklərinə düşmüş və bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh oğlundan borclu olduğu 510.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də 2017-ci ildə Xaçmaz rayonu ərazisində yerləşən obyektlərini işlətmək üçün o, pula ehtiyacı olduğundan bir neçə ildir ki, tanıdığı İddiaçı müraciət etmiş və ondan obyetlərin fəaliyyəti üçün 510.000 manat məbləğində borc pul almışdır. İddiaçı etiraz etməmiş və onlar birlikdə 18 dekabr 2017-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə gedərək aralarında kredit müqaviləsi rəsmiləşdirmişlər. Kredit müqaviləsi rəsmiləşdirilərkən qarşılıqlı razılaşmaları əsasında o, iddiaçının borcunu 18 dekabr 2020-ci tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçıdan pulu aldıqdan sonra həmin pulu dövriyyə üçün iş birliyi qurduğu etibar etdiyi şəxslərə vermiş, lakin sonradan həmin şəxslər tərəfindən aldadıldığından və kommersiya fəaliyyətində külli miqdarda ziyana düşdüyündən maddi vəziyyətində böyük çətinliklər yaranmış, bu səbəbdən vəd verdiyi vaxtda iddiaçının pulunu qaytara bilməmişdir. İddiaçıya borclu olduğu 510.000 manat pulu müəyyən işlər görüb ödəyəcəkdir. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 18 dekabr 2017-ci il tarixli, 3M-335 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh oğlu İddiaçı 510.000 manat borc pul almış, aldığı borc pulu 18 dekabr 2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 mart 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdeh X1 pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 510.000 manat pulun ödənilməsi ilə bağlı 10 gün ərzində görüşüb mübahisənin aralarında həll edilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı, cavabdehin etirafı və iş materialları ilə təsdiq olunur ki, həqiqətən də Cavabdeh İddiaçı 510.0000 manat borc pul almış və tərəflər arasında 18 dekabr 2017ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisində kredit müqaviləsi tərtib olunmuş və təsdiq edilmişdir. 18 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı borc aldığı 510.000 manat pulu 18 dekabr 2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 18 dekabr 2017-ci il tarixli, 3M-335 reyestr nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 510.000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 18 dekabr 2017-ci il tarixli, 3M-335 reyestr nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 510.000 (beş yüz on min) manat pul alınaraq İddiaçı verilsin. İddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar