Məhkəmə qərarları › İş №2(067)-2316/2023

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-2316/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2316/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 7000 (yeddi min) manat pulun və ödədiyi 90 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh Xaçmaz şəhər sakini Cavabdeh 2015-ci ildən tanıyır. Onu tanıdığı müddət ərzində aralarında yaxşı münasibətləri olmuşdur və onun ona qarşı inam və etibarı yaranmışdır. Bu münvalla, xx.xx.2016-cı il tarixdə aralarında rəsmiləşdirdiyləri kredit müqaviləsinə əsasən ona 11790 manat borca pul vermişdir. Razılıqlarına görə o, ondan aldığı həmin pulu 1 il müddətinə qaytarmağa söz vermişdir. Bu müddət keçdikdən sonra o, pulu qaytarmaq istəmirdi. O, ondan hər dəfə pulunu tələb edəndə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınırdı. Buna görə də, o, onunla birlikdə 06 aprel 2018-ci il tarixdə Xaçmaz rayonu, 1 saylı Notariat Kontoruna getmiş, orada o, rəsmi ərizə ilə müraciət edib cavabdeh tərəfindən ona ödənilməmiş 11790 (on bir min yeddi yüz doxsan) manat pulun və tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ilə birlikdə 11800 manat pulun tutulması barədə icra qeydi aparıldı. Daha sonra isə həmin materiallar icra olunması üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərildi. Həmin iş Xaçmaz rayonu, İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adgözəlova həvalə olundu. Həmin ərəfədə cavabdeh ona borclu olduğu pulun 4800 manatını qaytardı. Qalan 7000 manatını isə qaytarmaq istəmədi. O, onun bu hərəkətinə görə məhkəməyə müraciət edəcəyini bildirdi. Daha sonra o, işi uzatmaq və ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırmaq məqsədilə onunla aralarında xx.xx.2016- cı ildə bağlanılmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etdi. Bu iş məhkəmədə bir ilə yaxın müddət uzandı və məhkəmədə işə baxılaraq Xaçmaz rayon Məhkəməsi 2(067)-333/2019 saylı 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı Xaçmaz rayon 1 saylı Notariat Kontorunda aralarında xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Xaçmaz rayon Məhkməsində baxılaraq məhkəmənin 2(067)-333/2019 saylı 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona və Xaçmaz rayon Notariat Kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edildi. O, hər dəfə icra məmuru ilə görüşüb cavabdehdən onun pulunu ödəməsini taləb etsə də ona qarşı icra tədbirlərini davam etdirəcəyini bildirərək onu yola salırdı. Bu günə qədər o, cavabdehdən ona borclu qaldığı 7000 (yeddi min) manat pulu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Xahiş edir iddia təmin olunsun. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-cı il tarixli icra qeydindən surətindən görünür ki, borclu Cavabdeh 11800 manat pulun tutulması barədə qeyd verilmişdir. -İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. -İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 85403/03 saylı məktubundan görünür ki, borclu Cavabdeh tərəfindən İddiaçı xeyrinə ümumilikdə 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən borcluya 11800 manat pul ödənilməlidir. Qeyd olunan borcdan cavabdeh ümumilikdə 4800 manat ödəniş etmişdir.Hazırda cavabdehin borcluya ödənilməmiş 7000 manat borcu var. Hazırda cavabdeh ödəniş etməkdən yayınır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh üzərinə aldığı pulu ödəməyi barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik onun tərəfindən lazımınca icra edilməmiş, nəticədə 7000 manat borcu yaranmışdır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində əsas borc və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar