Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2333/2020 20.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” MMC-nin xeyrinə 342,49 manat məbləğində əsas borcun, 76,35 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 418,84 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə “xxxx” MMC “arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KHAC1-1388-1042 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli KHAC1-1388-2347 saylı razılaşmaya əsasən ikinciyə 25 % olmaqla, 18 ay müddətinə, 2.000 manat məbləğində kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli KHAC1-1388-2347+ KHAC1-1394 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir və onun xx.xx.2020-ci il tarixinədək iddiaçıya 342,49 manat məbləğində əsas borcu, 76,35 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 418,84 manat kredit borcu yaranmışdır. İddiaçı “TBC Kredit”xxxx” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan işə baxılmasını və təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxllmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 ilə “xxxx” MMC “arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KHAC1-1388-1042 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli KHAC1-1388-2347 saylı razılaşmaya əsasən ikinciyə illik 25 % olmaqla, 18 ay müddətinə, 2.000 manat məbləğində kredit vermişdir. İş materiallarından müəyyən olunur ki, müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli KHAC1-1388-2347+ KHAC1-1394 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən xx.xx.2020ci il tarixinədək iddiaçı “xxxx” MMC-nə 342,49 manat məbləğində əsas borcu, 76,35 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 418,84 manat kredit borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh2 borcun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı “xxxx” MMC tərəfindən 20 manat dövlət rüsumu köçürülmüşdür. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı “xxxx” MMC ilə Cavabdeh2 arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından xx.xx.2019-cu il tarixli, KHAC1-732-2412 saylı kredit müqaviləsi üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir.Ona görə də, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” MMC-nin xeyrinə 342,49 manat məbləğində əsas borc, 10 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 352.49 manat kredit borcu və 20 manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” MMC-nin xeyrinə 342,49 (üç yüz qırx iki manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 352.49 (üç yüz əlli iki manat, qırx doqquz qəpik) manat kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2333/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2333/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver