Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2348/2020 19.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə, ddiaçı İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh avtomaşına vurulmuş ziyana görə 1986 (min doqquz səksən altı) manat pulun, hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclərə görə 700 (yeddi yüz) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alnaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz 208 D” markalı ** BT *** dövlət qeydiyyat nişanlı mikroavtobusla onun idarə etdiyi “VAZ-21154” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomaşınını vuraraq, yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP3989698 sayl qərarla cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 60 manat məbləğində inzibati tənbeh təyin edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 1986 manat maddi ziyan dəymişdir. Bu hal 1 saylı Texniki Xidmət Stansiyasının xx.xx.2020-ci il tarixli T1025 saylı ziyan aktı ilə təsdiq olunur. O, cavabdehə dəfələrlə müraciət etmişdir ki, ona dəyən maddi ziyanı ödəsin və ya avtomaşınını özü təmir etdirsin, lakin cavabdeh bundan yayınmışdır. Ona görə o, məhkəmədə iddia qaldırmış və idianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, 20 manat pulu avtomaşınını evakuatorla aparmaq üçün vermişdir, buna görə 50 manat da verilməlidir, həmçinin, 30 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa hər gün dostunun maşınına işi ilə bağlı 5 manat benzin pulu ödəyir, hər gün evdən işə və geriyə qayıtmaq üçün taksiyə 2 manat pul verir. Avtomaşını bundan sonra təmir olunsa belə ən azı bir-iki ay vaxt keçəcək. Bütün bunları nəzərə alaraq cavabdehdən 700 manat da əlavə pul tələb edir. Qeyd etdiyi xərclərin çəkilməsinə dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə “Mercedes Benz 208 D” markalı ** BT *** dövlət qeydiyyat nişanlı mikroavtobusunu idarə edərkən iddiaçının idarə etdiyi “VAZ-21154” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh haqqında xx.xx.2020-ci il tarixli TP3989698 sayl qərarla İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 60 manat məbləğində inzibati tənbeh təyin edilmişdir. O, baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilmir, ona görə də hesab edir ki, iddiaçıya dəymiş ziyanı ödəməli deyildir. Buna baxmayaraq,o, iddiaçıya təklif etmişdir ki, hissə-hissə 500 manat ödəsin, məsələni aralarında həll etsinlər, amma iddiaçı buna razı olmamışdır. O, inzibati tənbeh haqqında xx.xx.2020-ci il tarixli TP3989698 sayl qərardan şikayət verməmişdir. 1 saylı Texniki Xidmət Stansiyasının xx.xx.2020-ci il tarixli T1025 saylı ziyan aktında göstərilən məbləğlə razı deyildir, hesab edir ki, ziyanın məbləği çox hesablanmışdır, lakin ziyanın ziyan aktında göstəriləndən az olmasına dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur, həmçinin də iddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu da yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qısmən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* sayl qərardan müəyyən olunur ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. 1 saylı Texniki Xidmət Stansiyasının xx.xx.2020-ci il tarixli T1025 saylı ziyan aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomaşınına 1986 manat maddi ziyan dəyib. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X4 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından cavabdehin təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsə törədərək, inzibati məsuliyyətə cəlb edildiyi və iddiaçının avtomobilinə 1986 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qısmən təmin ediləndir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 700 (yeddi yüz) manat məbləğində çəkilmiş və çəkilməli olan xərclərə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd edilən hissədə əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh avtomaşına vurulmuş ziyana görə 1986 (min doqquz səksən altı) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1986 (min doqquz səksən altı) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2348/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2348/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver