Məhkəmə qərarları › İş №2(067)-2402/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2402/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2402/2023 27.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC əmr icraatı qaydasında kreditin və ona hesablanmış cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə 2232 manat əsas borcun, 223.2 manat cərimənin və ödənilmiş 45 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi”nə əsasən 2232 manat dəyərində Eurolux markalı paltaryuyan maşın və Rixos markalı xalça almışdır. Cavabdeh 2232 manat məbləğində pulu hər ay 148.8 manat olmaqla “SKY Elektroniks" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə almışdır. Məişət əşyaları işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 2232 manat borcunu ödəməyərək öhdəliyin icrasından yayınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(060)-2402/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə Cavabdeh 2500.2 manat məbləğində pul tutulması əmr edilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh məhkəməyə etiraz təqdim edərək Xaçmaz Rayon Məhkəməsinin 2(060)-2402/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(060)-2402/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(060)-2402/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul edir. Borcunu inkar etmir. Sadəcə cəriməni qəbul etmir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan: - Müqavilədən müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsinə əsasən cavabdeh 2232 manat dəyərində Eurolux markalı paltaryuyan maşın və Rixos markalı xalça almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 2232 manat, cərimə borcu isə 223.2 manat təşkil edir. - Xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə müraciət olunmasına baxmayaraq o, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazimi qaydada yerinə yetirməmiş, nəticə onun borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməmişdir. Ona görə də iddia ödənilməmiş borcun tələb olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 20 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 45 manat dövlət rüsumunun yarısı, yəni 22.5 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə 2232 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 45 manat manat məbləğində pulun yarısı, 22.5 manat pul (dövlət rüsumunun əvəzi olaraq) Skyelektroniks” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar