Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2407/2020 30.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-4001/2018 saylı qətnaməsi ilə xx.xx.2003-cü ildə anadan olmuş X1 üçün cavabdehdən onun xeyrinə müəyyən edilmiş alimentin miqdarının hər ay 154 (yüz əlli dörd) manatdan artırılaraq hər ay 250 (iki yüz əlli) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşı olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan qızları Roksananın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. Cavabdeh həmin alimenti ödəsə də, o, bu məbləğlə uşağını saxlamaqda ciddi çətinliklər çəkir. Ona görə ki, hazırda işləmir, qızı karantinlə bağlı məktəbə getmədiyinə görə 4 fənndən müəllimlərlə hazırlaşır və buna vəsait tələb olunur. Bütün ölkədə yaşayış minimumu artıb, qiymətlər qalxıb. Bütün bunları nəzərə alaraq o, cavabdehdən qızının saxlanılması üçün hər ay 250 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Bakı şəhərində qadın salonunda dırnaq ustası işləmişdir, lakin hazırda karantinlə bağlı iş dayanıb, gəlir yeri yoxdur. Cavabdeh isə Xaçmaz şəhərində Roll kafesini işlədir, mağazası var, həm mağazanı, həm də bir neçə avtomaşınını icarəyə vermişdir. İddiası ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir, başqa sübutları yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı sabiq həyat yoldaşıdır, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan qızları Roksananın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. O, həmin alimenti ödəyir və bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. O, Xaçmaz şəhərində yerləşən “Roll” kafesinin sahibidir, amma hazırda karantinlə bağlı iş dayandırılıb, başqa gəlir yeri yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.2003-cü il tarixdə anadan olmuşlar. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı birgə nikahlarından olan qızları xx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdənxx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat miqdarında alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2003cü ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2003-cü ildə anadan olmuş X2 mənafeyinə zidd olacağı və uşaqlarının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-4001/2018 saylı qətnaməsinə əsasən xx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2003-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh oğlundan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2407/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2407/2020
30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver