Məhkəmə qərarları › İş №2(067)-2413/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2413/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2413/2020 01.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı xxxx MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 6056.5 (altı min əlli altı manat 50 qəpik) manat məbləğində maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun tutulub “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətçi X7 tərəfindən 10 XL404 dövlət qeydiyyat nişanlı “İsuzu NPR 66P” markalı yük avtomobili xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə “xxxx” MMC-nə icarəyə verilmişdir. İddiaçı tərəfindən həmin avtomobil öz növbəsində “xxxx” MMC-nin sürücüsü olan cavabdehin istifadəsinə verilmişdir. Onunla xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 10 XL404 dövlət qeydiyyat nişanlı “İsuzu NPR 66P” markalı yük avtomobilinin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh nəqliyyat vasitəsinə etinasız münasibət göstərmiş və avtomaşından istismar qaydalarına uyğun olmayaraq istifadə etməklə xeyli miqdarda ziyan vurub, avtomobilin müəyyən ehtiyat hissələrini istifadəyə yararsız hala salmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən, avtomobilə cəmi 6056,5 (altı min əlli altı manat, əlli qəpik) manat məbləğində ziyan dəymişdir. Cavabdeh öhdəlikdən yayınmaq məqsədi ilə istifadəsinə verilən həmin nəqliyyat vasitəsini təhvil-təslim qaydalarına əməl etmədən qoyub getmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki cavabdeh avtomobili təhvil vermədən qarajın qarşısında qoyub çıxıb getmiş, sonra da öz ərizəsinə əsasən işdən çıxarılmışdır. Cavabdehə ziyan vurması barədə araşdırma aparılması ilə əlaqədar telefonla məlumat verilmişdir, rəsmi bildiriş göndərilməmişdir. Cavabdeh idarəyə gəlmədiyinə görə ondan izahat alınmamışdır, onun iddiaçıya ziyan vurması qüsur aktı ilə təsdiq olunur, cavabdeh özü də etiraf edir ki, avtomaşın işə qəbul olunandan onun istifadəsində olmuşdur, deməli ziyanı da o, vurmuşdur, başqa heç bir sübuta ehtiyac yoxdur. Cavabdehin istifadəsində olan avtomaşın hazırda təmir etdirilmişdir və istifadə olunur. Məhkəmə iclasında dindirilən iş üzrə cavabdeh Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 2018-ci ildə “xxxx” MMC-də işləmiş və işə girəndən 9 ay ərzində “İsuzu NPR 66P” markalı yük avtomobili onun istifadəsində olmuşdur. Ona avtomobil işlək vəziyyətdə verilmişdir və o, da onu işlək və tam saz halda “xxxx” MMC-nin qarajının müdirinə təhvil verib getmişdir. “xxxx” MMC-nin qarajının müdiri hətta ona fikirləşməyi və işləmək fikri olsa gəlməyi tövsiyə etmişdir. Lakin o, işə gəlməmişdir, çünki avtomobil onun istifadəsində olduğu müddətdə mühərriki “xxxx” MMC-nin ustalarının səhvi səbəbindən sıradan çıxmış və avtomaşın təmirdə olmuşdur, təmirlə bağlı onun əmək haqqından 5 ay pul tutulmuşdur, ona görə o, “xxxx” MMC-də işləmək istəməmiş və ərizəsi ilə işdən çıxmışdır. Cavabdeh ,həmçinin, göstərmişdir ki, o, 1000 (min) manat, 900 (doqquz yüz) manat və 800 (səkkiz yüz) manat əmək haqqı almış, amma əmək haqqından pul tutulduğuna görə 5 ay ərzində 80-100 manat əmək haqqı almışdır. Qüsur aktında göstərilən ziyanı qəbul etmir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin ediolməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ABN seriyalı, 187617 saylı sürücülük vəsiqəsindən müəyyən olunur ki, 10 XL404 dövlət qeydiyyat nişanlı “İsuzu NPR 66P” markalı yük avtomobili X5 məxsusdur. İş materiallarında olan 2 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən müəyyən olunur ki, mülkiyyətçi X7 tərəfindən 10 XL404 dövlət qeydiyyat nişanlı “İsuzu NPR 66P” markalı yük avtomobili xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə “xxxx” MMC-nə icarəyə verilmişdir. İş materiallarında olan əmək müqaviəsindən müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh ** XL *** dövlət qeydiyyat nişanlı “İsuzu NPR 66P” markalı yük avtomobilini təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviəsinə xitam verilməsinə dair bildirişdən müəyyən olunur ki, “xxxx” MMC tərəfindən Cavabdeh əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarından olan ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “İsuzu NPR 66P” markalı ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 6056,5 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu köçürülmüşdür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (maddə 191). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (maddə 192). Məcəllənin 195-ci maddəsi işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halları müəyyən etmişdir. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Baxılan iş üzrə cavabdeh iddiaçı ilə mək müqaviləsi bağlamaqla, müəssisədə əmək fəaliyyətinə başlamış, eyni zamanda işəgötürənlə tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İstinad edilən hüquq normasının məzmunundan göründüyü ki, isminin işəgötürənə vurduğu ziyanın məbləğinin, həmin ziyanın məhz işçinin təqsirli hərəkətləri nəticəsində vurulduğunun müəyyən edilməsi üçün işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını almalı, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırmalı, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququnu təmin etməli, işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Lakin, iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, işəgötürən tərəfindən qanuvericilikdə imperativ şəkildə müəyyən olunmuş tələblərə əməl edilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə müvafiq qaydada araşdırma aparılmamışdır. Həmçinin, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı “xxxx” MMC-yə ziyan vurmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir, onun işəgötürənə təqsirli hərəkətləri nəticəsində ziyan vurması müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddiaçı xxxx MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı xxxx MMC tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətinə Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar