Məhkəmə qərarları › İş №2(067)-2416/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2416/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2416/2021 19.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus heyvanının avtomobilinə vurmuş olduğu 808 manat məbləğində zərəri və rüsum kimi ödədiyi 30 manat məbləğində pulu cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 2021-ci il tarixdə, saat 20 radələrində Xudat-Nabran yolunda, 2-ci şöbə kənd ərazisindən idarə etdiyi 99VF-377 nömrəli avtomobili ilə keçdiyi zaman cavadehə məxsus inək qaçaraq avtomobilinin üstünə atdanıb nəqliyyat vasitəsini əzmişdir. İnəyi cavabdeh nəzarətsiz buraxmış və möhkəm hürkütmüşdür. İnək onun yoluna dərhal çıxdığı üçün o, heç bir tədbir görə bilməmişdir. Odur ki, cavabdehin məsuliyyətsiz hərəkəti nəticəsində onun avtomobilinə 808 AZN zərər vurulmuşdur. Hadisə törədilməsində təqsirli olan şəxs Cavabdeh barəsində Xaçmaz DYPB-si tərəfindən 12.08.2021 -ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsinə əsasən protokol tərtib edilmiş və 12.08.2021 -ci il tarixli qərarı ilə 40 manat cərimə edilmişdir. OnunMənim avtomobilimə vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Odur ki, məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, 11 avqust 2021-ci il tarixdə, saat 20 radələrində Xudat-Nabran yolunda inəkləri naxırdan gətirdiyi zaman bir inəyi yoldan keçirmiş, o biri inəyi də onun ardınca keçirdiyi zaman iddiaçı özünə məxsus avtomaşını ilə növbəti inəkləri vurmuşdur. O, iddianın təmin olumamasını xahiş etmiş və bununla bağlı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında 12.08.2021-ci il tarixli TP453696 saylı qərarın surətindən görünür ki, Cavabdeh 11.08.2021-ci il tarixdə saat 20:10-da Xaçmaz rayonu, Xudat Nabran yolunda AR İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuş və qərarı öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə olunur. İş materiallarında olan tərtib edilən şəxslər tərəfindən imzalanan ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 808 manat zinyan dəymişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən Kapital bankın Xaçmaz filialına 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 808 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar