Məhkəmə qərarları › İş №2(067)-2430/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2430/2020

03.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2430/2020 03.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun, Xudat şəhəri, 4-cü şöbədə yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş cavabdehin adına qeydə alınmış 2 mərtəbəli, 8 otaqlı yaşayış evindən onun və uşaqlarının istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar cavabdehin oğlu İlham Rəşidovla xx.xx.2009-cu ildə evlənmişlər, xx.xx.2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Ailə qurandan sonra 2009-cu ildə qaynatası X9 rayonunun Xudat şəhəri 2-ci şöbədə yerləşən evinə gəlin köçmüşdür. xx.xx.2010-cu ildə Dərya və xx.xx.2012-ci ildə İlhan adlı iki uşaqları anadan olmuşdur. 2010-cu ilin sentyabr ayında qaynatası və qaynanası gəlin köçdükləri yaşayış evi ilə üzbəüz 0,08 ha həyətyanı torpaq sahəsini onlara bağışlamışlar və onlar orada 2 mərtəbəli, 8 otaqlı ev inşa etdirmişlər. 2016-cı ilin sentyabr ayında həmin evə köçmüşlər və o vaxtdan orada yaşayırlar.Evə köçərkən o, bütün cehiz əmlaklarını da həmin evdə yerləşdirmişdir. Evin yerləşdiyi torpaq sahəsinin sənədləri olmadığı üçün əri həmin torpaq sahəsini sənədləşdirmək istəmişdir. O, torpaq sahəsinə görə halallıq üçün 3000 manat, evi və torpağı adlarına rəsmiləşdirmək üçün isə 600 manat pul vermişdir.Sonradan o, özü də torpaq sahəsinin sənədləşdirilməsi üçün qaynatasına 300 manat məbləğində pul vermişdir. Onların razılığına əsasən qaynatası evi və torpaq sahəsini onun və ya uşaqlarının adına rəsmiləşdirməli idi. Lakin belə olmamışdır. Evi qaynatası qaynanasının adına rəsmiləşdirmişdir. O, hazırkı vaxtadək uşaqları ilə birlikdə ərinin tikdiyi evdə yaşayır və həmin evə köçərkən heç kəsin buna etirazı olmamışdır. Əri xx xxxxxxxx 2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Onun ölümündən sonra qaynatası və qaynanası onunla yola getmirlər, ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul edərək, iddiaçının cavabdehin oğlu İlham Rəşidovla xx.xx.2009-cu ildə evləndiyini, xx.xx.2009-cu ildə nikahlarını rəsmiləşdiklərini, ailə qurandan sonra iddiaçının qaynatası X9 rayonunun Xudat şəhəri 2-ci şöbədə yerləşən evinə gəlin köçdüyünü, xx.xx.2010-cu ildə Dərya və xx.xx.2012-ci ildə İlhan adlı iki uşaqları anadan olduğunu, 2010-cu ilin sentyabr ayında cavabdeh və onun ərinin 0,08 ha həyətyanı torpaq sahəsini İlham Rəşidova bağışladıqlarını və onun vəsaiti ilə orada mübahisəli evin inşa edildiyini, 2016-cı ilin sentyabr ayından iddiaçının uşaqları ilə birlikdə həmin evə köçüb orada yaşadığını göstərmişdir. Mübahisəli ev İlham Rəşidovun öz istəyinə uyğun olaraq anası olan cavabdehin adına rəsmiləşdirilmişdir, amma ev İlham Rəşidovun vəsaiti ilə və onun üçün tikilmişdir. Cavabdeh iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüququ verilməsinə etiraz etmir, eyni zamanda iddiaçının qaynatasının evindən qeydiyyatdan çıxaraq mübahisəli evə qeydiyyata alınmasını xahiş edir. Qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin edilməsinə etiraz etmirlər.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 543370 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və Rəşidova (Əzizova) Samirə Gülbala qızı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. AZ-İİ 557837 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və İddiaçı birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. AZ-İİ 915419 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və İddiaçı birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xaçmaz Rayon İHB-nin Xudat şəhər İƏD-də nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş, sahəsi 191.8 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Gülsənəm Qeybali qızına məxsusdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı etiraf etdiyini bildirmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin mənasına görə cavabdeh qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Həmçinin məhkəmə Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı etiraf etmənin hüquqi nəticələrini hər iki tərəfə ətraflı izah etmişdir. Cavabdeh bildirmişdir ki, iddianın etirafı ilə bağlı fikiri qətidir. İddiaçılar iddianın etirafının qəbul edilərək məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını təsdiq etməyi mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən «Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır». Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbədə yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş, sahəsi 191.8 ha olan fərdi yaşayış evindən İddiaçı və övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 istifadə hüquqları tanınsın. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar