Məhkəmə qərarları › İş №2(067)-2431/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2431/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2431/2024 24.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh X6in iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay 235 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq tərəfindən ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh sabiq həyat yoldaşıdır, aralarında rəsmi nikah bağlanmamış, birgə yaşayışdan olan xx.xx.2012-ci ildə anadan olmuş X4 cavabdeh könüllü olaraq atalığını vermişdir. 2013-cü ildə cavabdehlə faktiki olaraq ayrılmışlar. O, vaxtdan da qızı Fidan onun himayəsində olur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən uşağın saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 80 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017 saylı qətnaməsi ilə onun cavabdehdən tələb olunan alimentin miqdarının artırılmasına dair iddiası qismən təmin olunaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 110 manat məbləğində sabit aliment alınaraq ona verilməsi qət edilmişdir (hakim R.E.Xəlilov). Cavabdeh yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdə alimenti hər ay vaxtı-vaxtında ödəyir. Məhkəmə qətnaməsi ilə aliment kəsiləndən sonra uşağın ehtiyacları da artmışdır. Məlum olduğu kimi sənaye və istehlak malları bahalaşmışdır. 110 manat aliment ilə uşağı saxlamaq mümkünsüzdür. Məlum olduğu kimi dövlət başçısının sərəncamına əsasən bir uşağın saxlanılması üçün minimal istehlak səbəti 235 manat müəyyən olunmuşdur. O, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X7 tərəfindən mediasiya sessiyası keçirilmiş, lakin mediasiya vaxtı cavabdehlə ümumi razılığa gələ bilmədiyi üçün mediator tərəfindən xx.xx.2024-cü il tarixdə MŞQ/MT027/2024-02062 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Hesab edir ki, hazırda cavabdeh tərəfindən ödənilən 110 manat məbləğində aliment uşaqların minimal ehtiyaclarını ödəmir. Belə ki, qızı Fidan 7-ci sinifə keçmişdir. O, əlavə məşğələlərə görə dörd müəllimin yanna gedib əlavə dərs alır. Hər müəllimə ayda 60 manat pul ödəyir. Bundan da əlavə alimentin təyin edildiyi 2017-ci ildən bəri həm ərzaq, həm də sənayə malların qiymətləri qalxmışdır. O, özü səhhətinə görə ağır iş görə bilmir, yalnız şəxsə təsərrüfatda müəyyən işləri görməklə valideynlərinə köməklik edir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Onda olan məlumata əsasən cavabdeh Xaçmaz rayonunda yerləşən asvalt zavodunda operator vəzifəsində işləyir. Onun aylıq əmək haqqı barədə onun məlumatı yoxdur. Tərəfindən mediasiya xərci olaraq 50 manat və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehlə birgə nikahından 1 övladı var. 2017-ci il tarixdə 110 manat aliment təyin olunub. Hazırda uşağın 12 yaşı var. Hazırlıqlara gedir. Təyin olunan aliment məbləği isə uşağın xərclərinə bəs etmir. Xahişi odur ki, aliment məbləği 235 manat olsun. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh X6 izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. O, həmişə alimenti artıqlaması ilə ödəmişdir. Gücü çatsa, daha da çox ödəyər. Sadəcə biraz çətinlikləri var. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 110 manat məbləğində sabit aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan bir uşaq doğulmuşdur. Məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuş, cavabdehdən uşağın saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı təyin olunmuş alimentin məbləğindən narazıdır. Aliment məbləğinin artırılmasını xahiş edir Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə 2024-cü il uşaqlar üçün yaşayış minimumu isə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 210 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 235 manat məbləğinin 210 manat hissəsi cavabdeh (ata) tərəfindən ödənildiyindən, qalan hissə də iddiaçı (ana) tərəfindən ödənilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1200 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4455/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 210 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 32 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar