Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2461/2021 27.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış 17.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya müqaviləsinin ləğv edilməsi, 6180.92 manat əsas borc, 0,89 manat faiz borcu olmaqla, cəmi 6181,81 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla, 6370,6 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini icra etməmiş və hazırda 6180.92 manat əsas, 0,89 manat faiz borcu olmaqla, cəmi 6181,81 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya müqaviləsinin ləğv edilməsi, 6177.57 manat əsas borc, 2.85 manat faiz borcu borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərəuyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, maddi imkanı olmadığına görə banka olan borcunu tam ödəyə bilməmiş və hazırda 6177,57 manat əsas, 2,85 manat faiz borcu ödənilməmiş qalmışdır. Borcunu tam ödəyəcəkdir. Göstərilənlərlə əlaqədar cavabdeh iddianın təmin olunmasına etiraz etməmişdir. Tərəflərin izahatlarını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh vəİddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla, 6370,6 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6180.92 manat əsas, 0,89 manat faiz borcu olmaqla, cəmi 6181,81 manat məbləğində borcu vardır. İş materiallarında olan 02.03.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.09.2019cu il tarixli kredit/restrukturizasiya istehlak müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.07.2019cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsi ləğv edilməli və Cavabdeh 6177.57 (altı min yüz yetmiş yeddi manat, əlli yeddi qəpik) manat əsas borc və 2.85 (iki manat, səksən beş qəpik) faiz borcu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.07.2019-cu il tarixli kompensasiya/restrukturizasiya istehlak müqaviləsi ləğv edilsin. Cavabdeh 6177.57 (altı min yüz yetmiş yeddi manat, əlli yeddi qəpik) manat əsas borc və 2.85 (iki manat, səksən beş qəpik) faiz borcu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2461/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2461/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver