Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-250/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 2519 manat məbləğində pul vəsaitinin, 228 manat icra ödənişinin, cəmi 2747 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə doğma əmi oğludur. 2014-cü ildə cavabdeh ondan bankdan kredit götürmək üçün zamin durmasını xahiş etmişdir. O, cavabdehin səmimiliyə inanaraq, ona "xxxx" ASC-dən kredit alması üçün zamin durmuşdur. Onunla birlikdə X2 da zamin durmuşdur. "xxxx" ASC ilə bağlanmış 17 yanvar 2014-cü il tarixli XF-2045 saylı kredit müqaviləsinə əsasən cavabdehə 4000 manat kredit ayrılmışdır. Cavabdeh krediti tələb olunan tarixədək qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh banka olan borcunu qaytarmamışdır. Bu səbəbdən bank cavabdehi, onu və X1 məhkəməyə vermişdir. Məhkəmədə o, tək iştirak etmişdir. Xaçmaz rayon məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli 2(067)-2419/2015 saylı qətnaməsinə əsasən Xaçmaz rayon İcra və Probasiya şöbəsində icra işi açılmışdır. İcra məmuru Faqil Adıgözəlov onun X4 idarəsində işlədiyini müəyyən edərək, 13 aprel 2023-cü il tarixli 9552/03 saylı məktubla onun məvacibindən 2519 manat məbləğində vəsaitin tutulması üçün yönəltmə vermiş və cavabdehin aldığı kredit zamin olaraq ona ödətdirilmiş, onun əmək haqqından 1300 manat tutulmuş, qalan 1219 manat vəsaiti isə 13 mart 2024-cü ildə bankın hesabına ödəmiş, əlavə olaraq 228 manat icra ödənişini köçürmüşdür. Hazırkı vaxtadək cavabdehin əvəzinə ödədiyi vəsaiti ondan geri ala bilmir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə qohumdurlar. 2014-cü ildə iddiaçıdan bankdan kredit götürmək üçün zamin durmasını xahiş etmiş və iddiaçı X2 ilə birlikdə ona "xxxx" ASC-dən kredit alması üçün zamin durmuşlar. "xxxx" ASC ilə bağladığı 17 yanvar 2014-cü il tarixli XF-2045 saylı kredit müqaviləsinə əsasən ona 4000 manat kredit ayrılmışdır. Maddi imkanı olmadığına görə banka olan borcunu qaytara bilməmişdir. Bu səbəbdən bank onları məhkəməyə vermiş və pulun tutulmasına dair Xaçmaz rayon məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli 2(067)- 2419/2015 saylı qətnaməsi qəbul edilmişdir. Bunan sonra da kredit borcunu ödəməyə maddi imkanı olmadığına görə kredit borcu və icra ödənişi iddiaçıdan tutulmuşdur. Maddi imkanı olan kimi iddiaçıdan tutulan pulu ona qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 idarəsinin Xaçmaz rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 172 saylı məktubundan müəyyən olunur ki, İddiaçı əmək haqqından Xaçmaz rayon məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli 2(067)- 2419/2015 saylı icra vərəqəsinə əsasən 2023-cü ilin avqust-dekabr aylarında 1000 manat, 2024-cü ilin yanvar-fevral aylarında 300 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 29 yanvar 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 200 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür 29 sentyabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 200 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 30 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 200 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 30 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 200 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 25 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 200 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 08 fevral 2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 150 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. 01 mart 2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı əmək haqqından 150 manat tutularaq "xxxx" ASC-nin müvafiq depozit hesabına köçürülmüşdür. "xxxx" ASC-nin Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubundan müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli 2(067)-2419/2015 saylı icra vərəqəsinə əsasən İddiaçı və Cavabdeh "xxxx" ASC-nə olan borcu xx.xx.2024-cü il tarixdə tam ödənilmişdir. Ona görə də icra işi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 27 mart 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli 2(067)-2419/2015 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. 13 mart 2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin hesabına 227 manat icra ödənişi köçürülmüşdür. Mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 35,40 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslı olduğundn təmin edilməli və Cavabdeh Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 27 mart 2024-cü il tarixli icra sənədi üzrə kredit borcuna görə ödənilmiş 2519 manat məbləğində pul vəsaiti və icra ödənişi kimi ödənilmiş 228 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 27 mart 2024-cü il tarixli icra sənədi üzrə kredit borcuna görə ödənilmiş 2519 manat məbləğində pul vəsaiti və icra ödənişi kimi ödənilmiş 228 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-250/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-250/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver