Məhkəmə qərarları › İş №2(067)-251/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-251/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-251/2024 26.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehə ilkin ödənilmiş 6000 manat pulun və evin əsaslı tikinti-təmirinə xərclənən pulların və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 yerləşən 2 sot torpaq sahəsini əhatə edən yarım tikili fərdi evi almaq məqsədi ilə Cavabdeh ilə aralarında şifahi olaraq 24000 (iyirmi dörd min) manat və həmən məbləği bir il müddətində, yəni xx.xx.2020-ci il tarixə qədər tam ödənilməsi şərti ilə şifahi razılaşmşlar. Həmin razılaşmış məbləğin ilkin ödəniş olaraq 2000 manat hissəsini xx.xx.2019-cu il tarixdə Binə qəsəbəsində yerləşən notariat kontorunda, qalan 4000 manat hissəni isə 2020-ci ilin yanvar ayında iki dəfəyə ayrı-ayrılıqda həyat yoldaşı X1 iştirakı ilə Binə qəsəbəsi X5 yerləşən Məscidin yanında cavabdehə vermişdir. 2020-ci il tarixdə pandemiya ilə əlaqədər cavabdeh iddiaçıya onun ağır yaşayış tərzinə kömək etmək istədiyini və bu səbəbdən müvəqqəti olaraq ödənişləri dayandırmağı və kirayə qalmamaq üçün yuxarıda qeyd olunan evi təmir edərək orada yaşamağı və gələcəkdə müqavilənin müddətini daha 1 il uzadacağını bildirmişdir. Cavabdeh iddiaçınin müqavilə müddətini uzadacağına inandığı üçün yaxınlarının maddi dəstəyi və tanışlarından borc alaraq evin təmirinə başlamış və ümümilikdə təqribən 13600 manatdan çox evin ümumi təmirinə və həyətyani sahədə yerləşən yardımçı tikiliyə pul sərf etmişdir. Mübahisə predimeti olan yarım tikili evi iddiaçı cavabdehdən şifahi sözləşmə ilə təhvil alarkən evin fasad üz hissəsinin suvağından başqa qalan bütün hissəslər tam təmirsiz vəziyyətdə olmuş, suvaq, qapı-pəncərə olmamışdır, iddiaçı tərəfindən tam əsaslı təmir işləri aparılmış və iddiaçı ilə təmir işlərini aparan ustalar Əliyev Taryel, Süleyman, Həmzə və digər usta köməkçiləri tərəfindən evin daxili hissəsinin əsalı təmir-bərpa jşləri görülmüşdür. Eyni zamanda qeyd olunan evin həyətində iddiaçı tərəfindən yardımçı saxlanc yerləri tikilərək tam təmir edilmişdir. Təmir-tikinti işlərinə görə ustaya iddiaçı ayrı-ayrılıqda tikinti işləri gedən müddət ərzində 3860 manat təmir haqqı pul vəsaiti ödəmişdir. Təmir-tikinti işləri zamanı iddiaçı Bakı şəhərinin müxtəllüf yerlərindən təmir üçün sement, qum, 3 taxta qapı, 1 plastik qapı, 4 taxta pəncərə, aboy yapışqan kleylər, aboy, müxtəlif sayda emusiya və digər rənglər, müxtəllüf rəngli kafel-metlax, tavan döşəmələr, otaqlar üçün ayaqaltı taxta döşəmələr, istilik sistemləri, elektrik kabel xətləri, soyuducu və qızdırıcı döşəmələr və s. almışdır. Evin daxili otaq və koridor hissəsinin əsaslı təmiri minumum 9450 manat dəyərində maddi vəsait xərcləmişdir. Bununla yanaşı iddiaçı evin xarici divar örtük hissəsi və həyətyani sahəsini də tam istifadəyə yararlı vəziyyətə gətirmişdir. İddiaçı evi tam əsaslı təmir etmiş və cavabdehin razılığı ilə həmən evdə ailəsi ilə birlikdə bir neçə ay yaşamışdır. Lakin cavabdehin həyat yoldaşı sonradan iddiaçıya evi tərk etməyi bildirmiş və həyat yoldaşının ailə üzvləri ilə razılaşmadan evi onlara satdığını söyləmiş və bu səbəbdən aralarında bağlanmış müqaviləni cavabdeh ləğv etmişdir. Cavabdeh təmir-tikinti işlərinə sərf olunan pulları iddiaçıya ödəyəcəyini dəfələrlə söz vermiş, lakin ödəməmiş və bu səbəbdən tərəflər arasında insident yaranmışdır. Xəzər RPİ-nin 3-cü PB-də araşdırılma aparılmış və mübahisə mülkü xarakterli olduğuna görə iddiaçıya məhkəməyə müraciət edilməsi tövsif olunmuşdur. Cavabdehin bu əməlləri nəticəsində onun qanuni hüquqları pozulmuş və iddiaçıya xeyli miqdarda maddi zərər dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Eldarla əri dost olmuşdur. Eldardan yarıtikili ev almışlar. 6000 manat ilkin olaraq ödəmişlər, qalan pulu, yəni 18000 manatı isə 1 il ərzində ödəməli idilər. Eldar demişdir ki, köçüb evdə yaşasınlar, pulu sonra ödəyərlər. Onlar da evə köçmüşlər. 1 ildən sonra Eldarın arvadı gəlib demişdir ki, əri ondan xəbərsiz evi satıb ona görə də evdən çıxmalıdırlar. Eldara notariat kontorunda 2000 manat pul ödəmiş, sonradan əlbəəl 4000 manat pul ödəmişdir. Evi onlara Eldar satmışdır. 4000 manat pulu Eldara əlbəəl verərkən qəbz almamışdır. Eldar özü etiraf etmişdir ki, 4000 manat pul ondan alıb. Lakin sonradan o bölməyə şikayət edəndə, 4000 manat pul aldığını etiraf etməmişdir. 18000 manat evin təmir xərclərinə çəkilmişdir. Evi tam təmir etdirmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iddiaçıdan məhkəməyə təqdim edəcək sübutların və ya şahidlərin olubolmaması soruşulsa da, iddiaçı əlavə sübutların və şahidlərinin olmadığını bildirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh polis bölməsində verdiyi izahatının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Soltan adlı şəxsə 2 sot torpaq sahəsini əhatə edən yarımtikilini 24000 manata satmaq niyyətində idi. Belə ki, Soltan adlı şəxslə şifahi razılaşmaya görə 15000 manat ilkin olaraq, 9000 manatı isə bir il ərzində ödənilməli idi. Lakin notariusda olarkən Soltan müqavilədə ilkin ödəniş kimi 2000 manat göstərmiş və həmin pulu ödəmişdir. Qalan hissəsini isə xx.xx.2020-ci il tarixədək ödəyəcəyini öhdəliyə götürmüşdür. Müqavilə isə İddiaçı ilə bağlanmışdır. Soltan adlı şəxs bir il ərzində heç bir ödəniş etmədiyi və müqavilənin müddəti bitdiyi üçün müqaviləni ləğv etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Elvira anasını Soltanla birlikdə aldatmış, müəyyən məbləğdə pul almış, lakin ona verməmişdir. Evə çəkilən xərclər isə usta xərcləri, kondisioner və bir sıra əşyalar olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunan notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, 13 dekabr 2019-cu il tarixli İlkin Alqı-Satqı müqaviləsinə əsasən satıcı X2 etibarnamə əsasında çıxış edən Cavabdeh Abşeron rayonu, X7 üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı Əmrdən Çıxarışa əsasən X2 adına olan Abşeron rayonu, X7 ərazisində yerləşən 0,02 ha torpaq sahəsin alıcı İddiaçı satılmasına dair razılığa gəlmişlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən əmlakın satış qiyməti 24 000 manat müəyyənləşdirilmiş, 2.2-ci bəndinə əsasən “İkinci tərəf” (alıcı) həmin müqavilənin bağlanması anında 2000 manatı nağd şəkildə ödəyir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən Alıcı yerdə qalan 22000 manat pulu xx.xx.2020-ci il tarixinə kimi satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunan notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, 13 dekabr 2019-cu il tarixli İlkin Alqı-Satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən tərəflərdən biri bu ilkin müqavilədə göstərilmiş alqı-satqısına dair Əsas Müqavilənin bağlanmasından yayındıqda, o vicdanlı tərəfə vurduğu ziyanı ödəməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunan notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək İddiaçı 13 dekabr 2019-cu il tarixli İlkin alqı-satqı müqaviləsinin şərtlərini icra etmədiyi üçün müqavilənin axınının dayandırılmasını xahiş etmişdir. Beləliklə də, iş materiallarından və iddiaçının izahatında məlum olmuşdur ki, iddiaçı ev tikmək məqsədilə cavabdehdən torpaq sahəsini almaq niyyətində olmuş, bununla əlaqədar tərəflər arasında İlkin Alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının deməsinə görə, İlkin Alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2000 manat pul versə də, daha sonra cavabdehə əlavə 4000 manat da vermişdir, lakin həmin məbləğ rəsmiləşdirilməmişdir. Daha sonra alıcı tərəf yəni hazırki iddiaçı müqavilənin şərtlərinə əməl etmədiyindən, satıcı tərəf, yəni hazırki cavabdeh müqaviləni ləğv etmişdir. İddiaçı müqavilə şərtlərinə əməl etməməsini pandemiya ilə əlaqələndirmiş və bununla bağlı cavabdehlə şifahi razılaşmasının olmasını bildirmişdir. Hazırda İddiaçı cavabdehdən 6000 manat pulu və evin təmir-tikintisinə xərclənmiş pullarını tələb edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, yuxarıda sadalanan qanunvericilik normalarına, iş materiallarına və tərəfin izahatına istinadən məhkəmə hesab edir ki, iddiaçı daşınmaz əmlakın alınması ilə əlaqədar cavabdehlə İlkin Alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdehə 2000 manat pulu ödəmiş, qalan 22 000 manat pulu isə bir ilə ödəməsini öhdəsinə götürsə də, müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etməmişdir. Hazırda pul təlbinə dair iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddia tələbinin əsaslılığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar