Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2539/2024 05.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 manat mediasiya xərcinin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmış, uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmağı, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki övladının olması, uşağların onun yanında qalmaqla onların saxlanması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Məhkəmə qətnaməsi ilə aliment kəsiləndən sonra uşağın ehtiyacları da artmışdır. Məlum olduğu kimi sənayə və istehlak malları bahalaşmışdır. 154 manat aliment ilə uşaqları saxlamaq mümkünsüzdür. Məlum olduğu kimi dövlət başçısının sərəncamına əsasən bir uşağın saxlanılması üçün minimal istehlak səbəti 235 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya prosesində cavabdeh iştirak etsə də, alimentin artırılmasına etiraz etmişdir. Bu səbəbdən də mediator ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə arayış vermişdir. Tərəfindən mediasiya xərci olaraq 50 manat və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə rəsmi nikahından iki uşağı var. Uşaqlar hər ikisi onun himayəsində qalmaqla, hər uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat aliment təyin olunmuşdu. Lakin bu məbləğ uşağın xərclərini qarşılamır. Artıq həyat tərzi dəyişmişdir. Hər şey bahalaşmışdır. Uşaqların məktəb xərcləri də var. Valideynləri köməklik edir, lakin bəs eləmir. Bu səbəbdən alimentin artırılaraq 235 manat olmasını istəyir. Cavabdehin fəhlə işlədiyini bilir Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçı Bakıda yaşamır ki, həmin məbləğ bəs eləməsin. Kənddə yaşayır. Qardaşının isə hazırda iş yeri yoxur. Üstəlik 12000 manat aliment borcu yığılmışdır. Bu borcdan 2000 manatı ödənilib. 1000 manat pulu o, mart ayında özü vermişdir. Bundan əlavə aliment borcuna görə iki dəfə qardaşı sutka yatıb. O, bəzi şeyləri satıb borcdan ödəmişdir. Belə halda, aliment məbləğini yenidən artırmaq nə qədər doğrudur. Qardaşı heç yerdə işləmirsə, bu borcu necə ödəsin. Qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 analarının himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı təyin olunmuş alimentin məbləğindən narazıdır. Aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə 2024-cü il uşaqlar üçün yaşayış minimumu isə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 235 manat məbləğinin 193 manat hissəsi cavabdeh (ata) tərəfindən ödənildiyindən, qalan hissə də iddiaçı (ana) tərəfindən ödənilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2158/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2539/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2539/2024
05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver