Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2561/2022 01.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən torpağın mülkiyyət hüququna dair JN-136 A saylı və JN 136B saylı, 30211028 şəhadətnamələr əsasında xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnun verilməsi üçün DƏDKRX14 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərazidə müayinə aparmasına cavabdeh və ailə üzvlərinin törətdiyi maneələrin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerini ölçdürmək istəyir, amma cavabdeh buna imkan vermir. Torpaq Şöbəsinin əməkdaşlarını qovurlar. Polis gətirirlər. Hədə-qorxu gəlirlər. İmkan vermirlər ki, yerini ölçdürüb, öz torpaq sahəsinə dair çıxarış alsın. Reyestrin işçiləri gələndə icazə vermirlər. Onların ərazisidir deyirlər. Həyətinə yad adam gətirmə deyirlər. Reyestrin nümayəndələrini qovurlar. Maneə olurlar. Torpaq İdarəsinin işçilərinin ərazidə müayinə aparılmasını və cavabdehin törətdiyi maneələrin aradan qaldırılmasını xahiş edir. İddiaçı məhkəməyə iddiasını dəqiqləşdirmək üçün ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.20021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün DƏDKRX14 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərazidə müayinə aparmasına cavabdeh X4 törətdiyi maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o, sadəcə bir kəlmə dedi ki, icazə vermir. Nə vaxt öz keçidini bərpa edər, ancaq ondan sonra icazə verəcək. İddiaçının dediyi sözlər böhtandır. O, həyətinə yad adam gətirir ifadəsini işlətməmişdir. Bir dəfə sadəcə o, bir dəfə də qardaşı, yəni onun yoldaşı maneə olmuşlar. O, da öz keçidini bərpa etsin sonra. Onun keçidi bərpa olunmasa o, icazə verməyəcək. Daşınmaz əmlakın işçiləri gələndə onun keçidini də bərpa etsinlər. İddiaçı özünü burada nəzakətli göstərir. Amma onların evinə keçməylərinə icazə vermir. Evi ayağına keçirəndən sonra yenə eyni olacaq. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-136A kod 30211028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, X2, X7, X5 və X3 mülkiyyətinə Xaçmaz rayonu Qaraqurtlu kəndində 04 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-136B kod 30211028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, X2, X7, X5 və X3 mülkiyyətinə Xaçmaz rayonu Qaraqurtlu kəndində 04 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDKRX14n 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, müraciətinə əsasən daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı fərdi yaşayış evləri üzərində mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakların müayinəsi baş tutmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin olunsun. xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün DƏDKRR X14 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin ərazidə ( miras əmlakların olduğu ərazidə) müayinə aparmasına Cavabdeh törətdiyi maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2561/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2561/2022
01.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver