Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2571/2025 13.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh törətdiyi cinayət əməlinə görə ona dəymiş 9000 manat maddi ziyanın və ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz şəhər sakini kimi onun etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə onu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları ilə danışıb Elnurə Rəsulovanın ona borclu olduğu 91000 manat pulun alınmasına köməklik göstərəcəyini vəd etməklə bilə-bilə yalan məlumatlar verib inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında 07 sentyabr 2023-cü il tarixdə onun yaşadığı Xaçmaz şəhəri, X.Nərimanov küçəsi 6 nömrəli evin 19 nömrəli mənzilinin yerləşdiyi blokda ona məxsus 2250 manat dəyərində 15 qram çəkidə 950 əyarlı qızıl qolbağını, 2100 manat dəyərində 28.6 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1300 manat dəyərində 17 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 510 manat dəyərində 6,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1200 manat dəyərində 15,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1570 manat dəyərində 21 qram çəkidə 585 əyarlı kişi qol saatını, 870 manat dəyərində 11,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 2200 manat dəyərində 28,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını - cəmi 12000 manat dəyərində alıb ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla aldatma və etıbardan sui-istifadə yolu ilə əmlakını ələ keçirmişdir. Həmin hərəkətləri ilə X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu fakt cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-35/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan hadisənin baş verməsi nəticəsində cavabdeh ümumilikdə ona 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyanın 3000 manatını məhkəmə istintaqı zamanı cavabdeh ona ödəmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir, ona dəymiş 9000 manat maddi ziyanın və ödənilmiş 110 manat rüsumunun geri qaytarılmasını xahiş edir. Cavabdeh hazırda cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəza çəkmə müəssisəsindən mülki işlə bağlı ərizə göndərək mülki işin icraatının cəzasının bitmə tarixinədək təxirə salınmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin (067)-35/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh iddiaçıya 12000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin hökmdən həmçinin müəyyən olunur ki, Cavabdeh İddiaçı vurduğu 12000 manat ziyandan 3000 manatını iddiaçıya ödəmişdir. Odur ki, iddia bu hissədə əsaslıdır, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 9000 manat pul ödənilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh zərərçəkmiş şəxsə 12000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi və vurulmuş ziyandan 3000 manat ödəməsi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Ziyanın əvəzi olaraq cavabdeh iddiaçıya 9000 manat ödəməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş 12000 manat ziyandan 3000 manatın iddiaçıya ödənildiyi iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır, cavabdeh tərəfindən iddiaçıya 9000 manat ziyan ödənilməlidir. Məhkəmə 110 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 9000 manat məbləğində pul, ödənilmiş 110 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 9000 manat məbləğində pul və ödənilmiş 110 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2571/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2571/2025
13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver