Məhkəmə qərarları › İş №2(067)-2596/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2596/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2596/2024 05.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehdən 2467.85 manat məbləğində pul vəsaitinin, 181 manat icra ödənişinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır, onun iş yoldaşı olmuşdur. Birlikdə RTV-də işləmişlər. Onunla münasibətləri həmişə normal olmuşdur. 2015-ci iyul ayında cavabdeh onun yanına qələrək borc pul istəmiş, pulu istədiyini onunla izah etmişdir ki, müəyyən problem yaranıb pul lazımdır. Bildirmişdir ki, nəqd pulu yoxdur. Lakin o, yenə də ondan əl çəkməmiş və ondan onun üçün bankda zamin durmağını xahiş etmişdir. Onunla münasibəti yaxşı olduğu üçün və iş yoldaşı olduğu üçün onun üçün bankda zamin durmuşdur. Natiq "xxxx" MMC-dən ümumilikdə 2500 manat öz adına pul almış, o da öz növbəsində ona zamin durmuşdur. Cavabdeh pulu bir ay ödəsə də son aylarda işdən ayrıldığından pulu ödəməkdən yayındı. Dəfələrlə ona demişdir ki, pulu ödəməlidir. İlk dəfə pulu ödəyəciyini bildirsə də, sonradan ona ümumiyyətlə pulu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən bank qalan məbləği məhkəmə qərarına əsasən onun əmək haqqından tutmağa başlamışdır. Qəti qərara qəlmişdir ki, qalan kredit borcunu tam şəkildə cavabdehin yerinə ödəsinki, artıq faiz ödəməli olmasın. Bu məqsədlə də o Banka və İcra məmurunun yanına qələrək kredit borcunu və icra ödənişini ödəmişdir. İcra məmuru və bank tərəfindən pulu tam ödəməyi barədə arayışlar almışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin əvəzinə ümumilikdə 2467.85 manat və 181 manat icra ödənişi pul ödənilmişdir. Cavabdehdən pulu tələb etdikdə müxtəlif bəhanələr qətirməklə pulu qaytarmaqdan yayınır. Hazırda isə telefonuna təhqir edici smslər yazaraq onun yerinə ödədiyi pulu qaytarmayacağını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə dərək göstərmişdir ki, cavabdehə görə bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüş və cavabdeh bankdan 2500 manat kredit götürmüşdür. Lakin cavabdeh krediti ödəməmiş və 2467 manat pul onun əmək haqqından tutulmuşdur. Həmin pulu qaytarmasını cavabdehdən tələb etsə də qaytarmamışdır. Ona görə məhkəmədə iddia qaldırmış və 2467,85 manat pulun, 181 manat icra ödənişinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. O, cavabdeh kredit götürərkən "xxxx" MMC-də sosial işçi işləmiş, hazırda da orada işləyir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan zaminin kredit öhdəliyi haqqında arayışdan müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0803-035117-01 nömrəli kredit müqaviləsinə əsasən 2500 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı ilə xx.xx.2015-ci il tarixli 0803-035117-01/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə zamin kreditor qarşısında öhdəliyini tam həcmdə yerinə yetirmişdir. nə 6700 manat X2 tərəfindən kredit müqaviləsi üzrə 4076.59 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3506 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular Cavabdeh Mübariz oğlundan və İddiaçı müştərək qaydada 2589.6 manat borc tutularaq "xxxx" MMC -yə verilməlidir. Borclu İddiaçı 2467.85 manat məbləğində pul vəsaitini tələbkar "Mol Bulak BOKT” MMC-nin hesabına və 181 manat icra ödənişini Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəyərək icra sənədi üzrə tələbi təmin etmişdir. İş materiallarında olan "Mol Bulak BOKT” MMC-nin Xaçmaz rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclular Cavabdeh və İddiaçı icra vərəqəsi üzrə olan borcunu "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair icra vərəqəsini, Azərbaycan Respublikasının “İcra haqqında” qanunun 20.1.5 maddəsini rəhbər tutaraq xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 50 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2467.85 manat məbləğində pul vəsaiti, 181 manat icra ödənişi və rüsumun əvəzi olaraq 50 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar