Məhkəmə qərarları › İş №2(067)-261/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-261/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-261/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Mövlud oğlundan 3.683 (üç min altı yüz səksən üç) manat maddi zərər və 57,23 (əlli yeddi manat iyirmi üç qəpik) manat dövlət rüsumu, cəmi 3.740,23 manat (üç min yeddi yüz qırx manat iyirmi üç qəpik) pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o toyuq-cücə yemlərinin satışı ilə məşğul olur. Cavabdehi 2022-ci ilin aprel ayından tanıyır. O vaxtdan da onun Xaçmaz, Xudat, Quba, Qusar rayon ərazisi üzrə satış nümayəndəsi kimi toyuq-cücə yemlərinin satışı ilə məşğul olub. Yəni, toyuq-cücə yemlərini ona vermiş, o da həmin ərazidə yemləri paylayıb satmış, yığılan pulları ona vermişdir. Sonradan cavabdeh pulları gecikdirməyə başlamış və beləliklə ona 4.983 manat borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsini tələb etmiş, vatçaptda yazışmışdır. Cavabdeh axırıncı dəfə həmin borcdan xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə Vəliyəddin adlı müştəridən aldığı 500 manat pulu ödəmiş, qalan 3.683 manat pulu ödəməmişdir. Axırıncı ödənilən 500 manat pulu vatçaptda səhvən xx.xx.2023-cü il tarix yazmışdır. Cavabdehə edilən xəbərdarlıqlar artıq əhəmiyyət vermir. Sonda başa düşmüşdür ki, cavabdehin pulu qaytarmaq fikiri yoxdur. Ona görə məcbur olub məhkəməyə müraciət edir. Humanistlik edib əldən çıxmış gəliriə görə ona qarşı Azərbaycan Respublikası MMnin 449.1 -ci maddəsinin yol verdiyi qaydada faiz tələb etmir, öz halal pulunu istəyir. Lakin cavabdeh bunları dərk etmək istəmir, öhdəliklərini icra etməməklə ona ziyan vurmaqda davam edir. Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, ona birbaşa zərər vurduguna görə zərərin əvəzinin tam şəkildə ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o“Gilan Holding”də distribyutor işləmişdir. Samir də qeyri-rəsmi nümayəndə olub. Sonra “Gilan Holding”lə yolları ayrılmışdır. Samir şirkətdə fərdi işləmişdir. O, əvvəldən bazarda fərdi qaydada işləyirdi. Onlar satış təmsilçisi kimi onula razılaşmışlar. Sonuncu dəfə Samirə 3700 manatlıq mal vermiş, ona malı aralarında heç bir müqavilə olmadan, şifahi razılaşma əsasında vermişdir. Samirə cücə yemi vermişdir. Sonra Samir demişdir ki, iki müştəriyə malı verib, lakin onlar pulu qaytarmayıblar. O, Samirə demişdir ki, iki-üç aya onlardan pulu alıb ödənişi etsin. Lakin üzərindən bir neçə il keçib pul ödənilməyib. Yemlər “Gilan Holding”in olub. Ora anbardır. o malı bilavasitə Samirə vermiş və pulu da ondan almışdır. Samirdən zəhərli dediyi malı götürüb başqa yerə vermiş, heç bir problem olmamışdır. Samirə satılan malın dövriyyəsindən müəyyən faiz vermişlər. Adil adlı şəxsi heç görməmiş, Vəliəddini də bir dəfə görmüşdür, o, da şirkətin tələbinə görə. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Əbülfəzə borclu olanlar yemlərin pulunu verməyən müştərilərdir, onun borcu yoxdur. Eyni zamanda göstərmişdir ki, ekspeditor kimi iddiaçının yemini Adil və Vəliyəddinə vermişdir. Onlar da malın pulunu ya iddiaçıya, ya da ona verməli idilər. Onlar iddiaçını tanıyırlar, onunla yağ alveri etmişlər. Müştərilər demişlər ki, yem zəhərlənməyə səbəb olub, bunu iddiaçıya demiş və bildirmişdir ki, bu səbəbdən onlar malın pulunu vermirlər, gəl onlarla danış, lakin iddiaçı gəlməmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında da cavabdeh göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur. İddiaçı “Gilan Holdinq” şirkətinin şimal regionu üzrə rəsmi distributoru olub. O, mağaza işlədir “Gilan Holdinq” şirkətinin anbarı kimi. Ona mal verilir, o da müştəriyə verir. Müştərilər də pulu ya ona, ya da iddiaçıya verirlər. Sonuncu dəfə iddiaçı 2 “Mercedes Sprinter” markalı yük avtomaşını ilə yem gətirmiş, malı Qusar şəhərində Vəliyəddin adlı müştəriyə verməyi tapşırmışlar. O da yemi ona vermişdir. Sonradan Vəliyəddin zəng vurub dedi ki, cücələri yemdən zəhərləniblər. Buna cavabdeh şəxs iddiaçıdır. O, demişdir ki, gəl bax, məsələni araşdır, o, isə dedi ki, gələ bilmir. O özü müştərinin yanına getmiş, görmüşdür ki, 800 ədəd cücəni yığıb kisəyə. Müştəri dedi ki, cücələr yemdən zəhərləniblər. O, yemi dəyişdirməyi təklif etmişdir. Bir müddət sonra iddiaçı ondan yemin pulunu istəmiş, həmin ərəfədə bir neçə müştəri zəng vurub demişdir ki, yemdən zəhərlənmələr olub. Həmin müştərilərə iddiaçıya zəng etdirmişdir. İddiaçı pulu müştərilərdən ala bilmir, ondan istəyir. İddiaçı “Gilan Holdinq” şirkətindən işdən çıxıb, yemləri də başqa yerdən götürür. İddiaçı “Gilan Holdinq” şirkətinin rəsmi distributoru olub, sonradan işdən çıxıb. Onun əvvəllər “Gilan Holdinq” şirkəti ilə müqaviləsi olmuşdur. Yem ona veriləndən sonra o yemi bölgə üzrə müştərilərə paylamışdır. Əvvəllər “Gilan Holdinq” şirkəti ilə bununla bağlı müqavilələri olub. Sonradan “Gilan Holdinq” şirkəti “Paşa Holdinq” şirkətinə birləşəndən sonra ona demişlər ki, müqavilə bağlayacaqlar. Amma hazırda müqaviləsi yoxdur. Müştərilərdən yemə görə pulu o almış, iddiaçıya verən də olmuşdur. Sonuncu dəfə iddiaçı ona yemi verəndən sonra onları Qusar şəhərində Vəliyəddin və Adil adlı müştərilərə vermişdir. Yemi vermiş, cücə böyüyəndən sonra pulunu vermişlər. Sonradan Vəliyəddin 500 manat pulu iddiaçının kartına köçürüb. 4000 manatdan artıq pul olmuş, 500 manat çıxılandan sonra 7 ton yemin pulu 3683 manat qalıb. Müştərilərdən Adil yemin pulunu verməkdən tam imtina edir, Vəliyəddin isə 500 manat pulu iddiaçının kartına köçürüb. Xarab yem keçən ilin noyabr ayında verilib. İddiaçıya onun yox, müştərilərin borcu var. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, hər iki tərəfi tanıyır. İddiaçı birinci fermaya gəlib, yem təklif edib, sonra Samir onlara satış edib, onlar Samirlə alver etmişlər. Onlar toyuq saxlayırlar. Samirə zəng etmişdir ki, Sizin yemdə zəhərlənmə var. O, həmin yemin verilməsini saxlayıb başqa şirkətin yemini vermiş, ölüm dayanmışdır. Yenidən həmin yemi verəndə cücələr qırılmağa başlamışdır. Onlara demişdir ki, həkiminizi gətirin, bunların nümayəndəlikləri var da, onlar cavab verməlidir, lakin heç kim gəlib maraqlanmamışdır. Sonradan iddiaçının atası ona 1-2 dəfə zəng etmişdir ki, borcları çoxdur, köməklik elə, oğlumu sıxışdırırlar. O da 500 manat vermişdir. İddiaçının atası ona zəng edib demişdir ki, “Samir yaxın gəlmir, sən heç olmasa bizə köməklik elə”. O da onlara 500 manat pul vermiş, Samirə də demişdir ki, bundan sonra Sizə pul verməyəcək. Şabranda quşçuluq üzrə bir həkim var, mal zəhərlənəndə hamı onunla əlaqə saxlayırlar, onlar minlərlə cücə saxlayırlar. Hamısı onunla əlaqə saxlayırlar ki, Samir kimə yem verib, onun malı necədir? 3 gündən sonra həkim ona zəng edib demişdir ki, yemi vermə, zəhərlənmə var. Bunların öz həkimləri gəlib fermada baxmalı idi, deməli idi yemdəndir, ya nədəndir, lakin gəlməmişdir. Özləri həkim dəvət etməmişlər. Amma onlarda belə bir şey var ki, həkim gəlməyəndə cücəni yarıb, daxili orqanlarının fotoşəkillərini göndərirlər və onlara rəy verirlər. İddiaçı ilə rəsmi müqavilə əsasında işləməmişlər. Başqa şirkətlə də işləyirlər, onlar nəsə olanda həkimlərini göndərirlər. Əbülfəz özü şəxsən ona yem verməyib, malı Samir vasitəsi ilə verib. Razılaşmalarına əsasən pulu Samirə verməli idi. Əslində verəcəyi pul 7000 manatdan çox olmuş, 2000 manatını verməmiş, qalanını vermişdir. Onun 3000 manatlıq malı qırılmışdır. Ondan 2000 manatını saxlamış, 1000 manatını da öz boynuna almışdır. Zəhərli yemi gəlib aparmışlar, 4 tona yaxın əlavə yem olmuş, gəlib aparmışlar. Əbülfəzin həmin malı aparıb satmasından xəbəri olmayıb. Əvvəllər Əbülfəzlə aralarında yemlə bağlı söz-söhbət olmamışdır. İş materiallarında olan etiraz ərizəsində də cavabdeh göstərmişdir ki, iddiaçı üçün toyuqcücə yemlərinin satıcısı işləmiş. Onun işi yalnız yemləri müştərilərə verməkdən ibarət olmuşdur. İddiaçılə mal mübadiləsi barədə Vəliyəddin və Adil özləri razılaşmışlar. Onların razılaşmasında iştirak etməmiş və bununla bağlı heç-bir öhdəliyi olmamışdır. Onların razılaşmasında yalnız malın Əbülfəzdən alınaraq Vəliyyədinə və Adilə çatdırılması rolunu oynamışdır. Onun öhdəliyi yalnız malı çatdırmaq olmuşdur. Bu öhdəliyi yerinə yetirmişdir. Yemlərin qiymətini müştərilərlə İddiaçı şəxsən danışmışdır. 2022-ci ilin aprel ayında Vəliyyəddin və Adil adlı müştərilərə təxminən 6.000 manat dəyərində satıqları toyuq-cücə yemini çatdırmışdır. Yemlərin pulundan Vəliyyədin 1.600 manat, Adil isə 720 manat pul ödəmişlər. 1.600 manat puldan 500 manat Vəliyəddin özü şəxsən kart vasitəsilə İddiaçı ödəmişdir. Qalan 1.100 manat Vəliyyədin, 720 manat pulu isə Adil ona vermiş, o da öz növbəsində milyon vasitəsi ilə iddiaçıya göndərmişdir. Pulun qalığı 2.050 manatı Vəliyəddində, 1.630 manat isə Adildə qalmışdır. Lakin bir müddət sonra Vəliyəddin və Adil ona zənq vuraraq onlara verdiyi yemlərin yararsız olduğunu, onların toyuq-cücəsi qırıldığını və yemlərin pulunu verməyəcəklərini bildirmişlər. O bu barədə İddiaçı bildirmiş, o, isə bildirmişdir ki, müştərilər pulu verməsələr pulu ondan tələb edəcək. Amma onun ondan pul tələb etməsi əsassızdır. O, malın keyfiyyətinə və pulunun ödənilməsinə məsuliyyət daşımır. Bu barədə İddiaçılə də öhdəliyi olmayıb. O yalnız İddiaçı mallarını müştərilərə çatdıran şəxsdir. Ona nə veriblərsə o malı müştəriyə çatdırmışdır. İddiaçı pulu müştəridən ala bilmədiyinə görə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Əslində o, iddia tələbini Adil və Vəliyyədinə qarşı qalsırmalı idi. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 70 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsi: əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsi: Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsi müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsi: Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsi: Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 567-ci maddəsi: alğı-satqı müqaviləsi alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsi: satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsi: alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385-ci maddəsi: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsi: əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsi: öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsi: əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda sadalanan hüquqi normaları və işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında faktiki nisyə alqı-satqı mülki hüquq münasibətləri mövcud idi. Belə ki, tərəflərin şifahi razılaşmalarına əsasən iddiaçı toyuq-cücə yemlərini cavabdehə verib, cavabdeh isə müəyyən müddətdən sonra aldığı mallara görə iddiaçının pulunu ödəməli idi. Cavabdehin bildirməsinə görə, o, yalnız daşıma xidmətlərini icra etmişdir, yəni iddiaçıdan aldığı malları digər şaxlərə çatdırıb, həmin şəxslər isə pulu ona verməli, o da pulları iddiaçıya çatdırmalı idi. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında rəsmi müqavilə münasibətləri olmasa, onların onların münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.3, 567 və 600.1ci maddələri ilə tənzimlənməlidir. Daha dəqiq desək, cavabdehin iddiaçıdan toyuq-cücə yemələrini alıb, digər şəxslərə satması, bundan əldə olunmuş gəlirdən özünə aid müəyyən faiz məbləğdə pul qazanması, daha sonra isə malların əsas dəyərini iddiaçıya verməsi o deməkdir ki, iddiaçı ilə cavabdeh arasında faktiki nisyə alqı-satqı hüquq münasibətləri mövcud idi. Ələxsus da, tərəflər və məhkəmə iclasında dindirilmiş şahid təsdiq etmişlər ki, iddiaçı toyuq-cücə yemlərini cavabdehə verərkən, həmin malların kimə çatdırılmasında maraqlı olmamışdır. Yemləri alan sahibkarlarla iddiaçı arasında heç bir yazılı və şifahi razılaşma mövcud deyildi. Belə olan halda da, birmənalı olaraq Cavabdeh iddiaçıdan aldığı malların dəyərini də iddiaçıya özü qaytarmalıdır. İş üzrə iddiaçıya toyuq-cücə yemlərinə görə 3683 manat pulun ödənilməməsi məhkəmə iclasında mübahisə doğurmadığından, bu məbləğin əlavə sübutlarla təsdiq olunmasına zərurət yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3683 manat məbləğində pul və ödənilmiş 57.23 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar