Məhkəmə qərarları › İş №2(067)-2636/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2636/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2636/2023 19.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına olan cəmi 536.18 manat əsas borc, 1.56 manat faiz borcu, cəmi 537.74 manat məbləğində kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, cavabdehlərdən Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli XAÇ-107/1 №-li Kredit müqaviləsinə əsasən, XAÇ-107/1 №-li birgə borclu qrupunun üzvü kimi Cavabdeh1 700 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restrukturizasiya) müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən kreditor borclunun xx.xx.2013-cü il tarixli XAÇ-107/1 №-li Kredit müqaviləsi ilə aldığı 700 manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 565,06 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu və zamin isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər. Kredit, Fərmana uyğun olaraq illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Bağlanmış restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə görə müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqavilə vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan və zamindən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə görə borclu və zamin bu müqavilə üzrə kreditora çatmalı olan kredit və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə görə borclu öhdəlikləri tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür. Həmin müqavilənin 8.4-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 zamin kimi tanındığı 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restrukturizasiya) müqaviləsinin 3.4-cü bəndinə görə borclu öhdəliyi tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür, 3.6-cı bəndinə görə isə borclu və zamin öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürürlər. Kredit müqaviləsinə əsasən, cavabdehlər tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onunr tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız qalmışdır. Cavabdehlərin 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restrukturizasiya) müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə olan borcu 536,18 manat əsas borc, 1,56 manat faiz borcu - cəmi: 537,74 (beş yüz otuz yeddi manat 74 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdehlə bağlanmış sözü gedən kredit müqaviləsinin 8.4-ci bəndinə görə müqavilənin icrası ilə bağlı mübahisələr qarşılıqlı müzakirə yolu ilə həll olıınmadıqda mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlərdən Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli XAÇ-107/1 №-li Kredit müqaviləsinə əsasən, XAÇ-107/1 №-li birgə borclu qrupunun üzvü kimi Cavabdeh1 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyalardan müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunu ödəmələri barədə öhdəliyi icra etmələri, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödənişlər üzrə çıxarışdan müəyyən olunur ki, cavabdehlərin xx.xx.2013-cü il tarixli XAÇ-107/1 №-li Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 536.18 manat əsas borc, 1.56 manat faiz borcu, cəmi 537.74 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restrukturizasiya) müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 cavabdehin kredit öhdəliyinin təminatı kimi üzərinə zaminlik öhdəliyi götürmüşdür. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Cavabdeh2 zamin kimi tanındığı 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restrukturizasiya) müqaviləsinin 3.4-cü bəndinə görə borclu öhdəliyi tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür, 3.6-cı bəndinə görə isə borclu və zamin öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürürlər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, onların iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə tərəflər arasındakı münasibətlərə alqı-satqı və nisyə alqı-satqı müqaviləsinə dair hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının tətbiq edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddısinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, televizor, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restruktizasiya) müqaviləsinə əsasən 536.18 manat əsas borc, 1.56 manat faiz borcu, cəmi 537.74 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC Bank olmayan Kredit Təşkilatınin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qətetdi İddia təmin edilsin. 18 iyun 2019-cu il tarixli 094RST021 №-li kredit (restruktizasiya) müqaviləsinə əsasən 536.18 manat əsas borc, 1.56 manat faiz borcu, cəmi 537.74 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC Bank olmayan Kredit Təşkilatınin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar