Məhkəmə qərarları › İş №2(067)-2673/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2673/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2673/2022 02.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh heyvanlarının əmlakına vurduğu zərərin əvəzi olaraq 3240 manat və ödənilmiş 53 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Ərəb kəndi ərazisində ona və digər ailə üzvlərinin (cəmi 9 nəfər) mülkiyyət hüququ ilə 5.26 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququları AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur.Cari ildə o, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin 1.20 ha hissəsində pomidor əkmiş, yerdə qalan 4.06 ha hissəsində isə buğda əkmişdir. Pomidor sahəsinə bütün lazımi aqrotexniki qulluq göstərilmiş və yüksək məhsuldarlıq gözlənilirdi. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Hülövlü kənd sakini olan Cavabdeh şəxsi təsərrüfatında olan 40 başdan yuxarı camışlarını yaşadıqları Ərəb kəndinə sürüb gətirib nəzarətsiz qoymuş və camışlar ona məxsus pomidor əkilmiş 1.20 ha torpaq sahəsinə girərək zərər vurmuşlar. O, və digər kənd sakinləri bundan xəbər tutan kimi dərhal sahəyə gəlmiş, hadisə barədə AR DİN-nin 102 xidmətinə zəng edilmiş, hadisə yerinə polis əməkdaşları və cavabdehin özü də gəlib çıxmışdır. Cavabdeh etiraf etmişdir ki, tərəvəz sahəsinə zərər vurmuş camışlar ona məxsusdur, onları yaşadığı Hülövlü kəndindən Ərəb kəndində özü gətirib buraxmış, başı qarışdığı üçün heyvanları nəzarətsiz qoymuşdur. Cavabdeh təsərrüfatıma dəymiş zərərin əvəzini ödəyəcəyinə söz versə də, bundan yayınmışdır. Cavabdehdən dəymiş zərərin əvəzinin alınması üçün o, Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etmiş, ərizəsi üzrə araşdırmanı Xaçmaz RPŞ TB-nin təhqiqatçısı polis kapitanı Sevinc Hüseynova tərəfindən aparılmış və onun xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd olunur ki, məsələ mülki xarakterli olduğundan müvafıq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh etiraf etmişdir ki, pomidor əkilmiş sahəyə girmiş camışlar ona məxsusdur. Şikayəti əsasında hadisədən dərhal sonra pomidor sahəsinə Xaçmaz DAİM və Xaçmaz BMFM mütəxəssisləri gəlmiş, sahəyə baxış keçirərək rəsmi akt tərtib etmişlər. Aktda qeyd olunur ki, onun pomidor əkdiyi 1.20 ha sahədə bütün aqrotexniki qaydalara əməl olunmuş və ortalama 1 ha sahədən 25000-30000 kq pomidor məhsulu almaq mümkündür. Cavabdehə məxsus camışların 1.20 ha sahədə otarılması nəticəsində pomidor məhslunun 10%-nə ziyan dəymişdir. Beləliklə, mütəxəssislərin verdiyi akta əsasən onun pomidor əkilmiş 1.20 ha sahədən orta hesabla 1.2ha x 27000 kq= 32400 kq pomidor məhsulu yığmaq olardı. Onun 10% -i məhv olunduğu üçün həmin pomidor məhsulun çəkisi 3240 kq, orta bazar qiyməti nəzərə almaqla ona dəymiş zərər 3240 kq x 1 manat = 3240 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mütəxəssislərin rəyinə görə ona 3240 manat ziyan dəymişdir. Cavabdeh hazırki vaxtadək dəymiş ziyanı ödəməmişdir. Ona görə də cavabdehin vurduğu ziyanın əvəzini tələb edir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, çıxarışdan və xx.xx.2020-ci il tarixli Texniki pasportdan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 5.26 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh təhqiqat araşdırması zamanı törətdiyi əməli səmimi etiraf edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında özünə məxsus qırx baş camışı yaşadığı Hülövlü kəndində yerləşən tövlədən çıxarıb Ərəb kəndi istiqamətində aparmışdır ki, heyvanlar orada olan boş otluq sahədə otarsınlar. Lakin başı qarışdığı üçün camışların kənd sakinlərə məxsus torpaq sahəsinə daxil olub, əkib becərdikləri tərəvəz məhsullarının, o cümlədən yonca sahələrinin yeyib yararsız hala saldığı üçün kənd sakinləri bundan xəbərdar olub heyvanları torpaq sahəsində saxlayıb onun özünü də oraya dəvət edərək, sorğu sual etməyə başlamışlar. O, səhvi başa düşüb özü istifadə etdiyi mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək özünə məxsus iri buynuzlu heyvanların kənd sakinlərinin torpaq sahəsinə daxil olaraq tərəvəzlərin yararsız hala salınması ilə bağlı məlumat vermişdir. İri buynuzlu heyvanları qəsdən onlara məxsus torpaq sahəsinə daxil etmədiyini, onun başı qarışıq olduğu üçün heyvanları sakinlərin torpaq sahəsinə girərək əkib becərdikləri məhsulları yeyib yararsız hala salmışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz X3 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4 nömrəli məktubuna əlavə olunmuş aktdan müəyyən olunur ki, pomidor əkilmiş 1.20 ha sahədə bütün aqrotexniki qaydalara əməl olunarsa və ortalama 1 ha sahədən 25000-30000 kq pomidor məhsulu almaq mümkündür. 2.4 ha torpaq sahəsinin 1-ci sahəsinin 1.20 ha sahədə vətəndaş İddiaçı pomidor sahəsində əkilmiş pomidor məhslunun 10%-nə ziyan dəymişdir. İş materiallarında olan Əmlak Ticarət Mərkəzinin xx.xx.2022-ci il tarixli 02 saylı arayışından görünür ki, əmlak kompleksi ticarət mərkəzində xx.xx.2022-ci il tarixində 1 kq pomidor məhsulunun orta satış qiyməti 0.90-1.10 manat arası müəyyən olunmuşdur. Beləlikllə, məhkəmə iş materiallarında olan sənədləri və iddiaçınin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Belə ki, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X1 məhkəmənin bütün iclasları barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir məhkəmə prosesində iştirak etməmişdir, iştirak etməməsi barədə məhkəməyə hər hansı bir üzürlü səbəbin olması barədə məlumat verməmişdir, iddia ərizəsinə dair etirazını məhkəməyə göndərməmişdir, iddia tələbinin əsassız olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar onun iddia tələbinin əsaslı olmasına dəlalət edir. Cavabdeh yuxarıda göstərildiyi kimi məhkəmə iclaslarına gəlmədiyindən və məhkəməyə öz sübutlarını təqdim etmədiyindən, məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan izahatını araşdıraraq, belə nəticəyə gəlmişdir ki, cavabdeh törətdiyi əməli səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübuta yetirilmiş qəbul olunur. Vurulmuş zərərin miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi ziyan konkretləşdirilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz X3 Mərkəzinin aktından da göründüyü kimi, pomidor əkilmiş 1.20 ha sahədə bütün aqrotexniki qaydalara əməl olunacağı halda ortalama 1 ha sahədən 25000-30000 kq pomidor məhsulu almaq mümkündür. Yəni, belə başa düşülür ki, iddiaçı bütün aqrotexniki qaydalara əməl edəcəyi təqdirdə 1 ha sahəsindən 25000-30000 kq pomidor məhsulunu əldə etmiş olardı. Məhkəmə belə hesab edir ki, bu göstəricilər yuxarı hədlə yox, ortalama hədlə qəbul edilməlidir. Torpaq sahəsinə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçının 1.2 ha torpağın tam münbit olub-olmaması barədə məlumat olmadığından, torpağın sahəsini cavabdehin xeyirinə yuvarlayıb 1,0 hektar kimi qəbul etmək daha ədalətli olardı. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı pomidor sahəsində əkilmiş pomidor məhslunun 10%-nə ziyanın dəyməsi o deməkdir ki, iddiaçı 1 hektar sahədən 27500 kq pomidor qəbul etməli idisə, onun 10%-i 2750 kq təşkil edir. İş materiallarında olan Əmlak Ticarət Mərkəzinin xx.xx.2022-ci il tarixli 02 saylı arayışında göstərilir ki, əmlak kompleksi ticarət mərkəzində xx.xx.2022-ci il tarixində 1 kq pomidor məhsulunun orta satış qiyməti 0.90-1.10 manat arası müəyyən olunmuşdur. Məhkəmə bu qiyməti yuxarı hədlə yox, ortalama hədlə, yəni 1 kq pomidorun qiymətini 1 manatla qəbul edir və nəticədə müəyyən olunur ki, iddiaçıya 2750kq x 1 manat= 2750 manat məbləğində ziyan dəymişdir. Elektron məhkəmə informasiya portalında yaradılmış “dövlət rüsumunun hesablanması” kalkulyatoru vasitəsilə hesablanmış nəticəyə əsasən 2750 manat iddiaya görə 47,5 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2750 manat dəymiş zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun 47.50 manatı tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar