Məhkəmə qərarları › İş №2(067)-2680/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2680/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2680/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3678,84 manat məbləğində əsas borcun, 63,88 manat məbləğində faiz borcunun, cəmi 3742,72 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə əlaqədar çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirməklə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 09 dekabr 2019 il tarixli, 300821-75686/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3678.84 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 02 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3678.84 manat məbləğində əsas borc və 63.88 manat faiz borcu olmaqla, ümumilikdə 3742.72 manat məbləğində kredit borcu yaranmışdır. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 dekabr 2019 il tarixli, 300821-75686/10 nömrəli güzəştli kredit müqaviləsi müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2019 il tarixli, 300821- 75686/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3678.84 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 02 sentyabr 2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 3678.84 manat məbləğində əsas borc və 63.88 manat faiz borcu olmaqla, ümumilikdə 3742.72 manat məbləğində kredit borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 602 gün təşkil edir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli, 001/007/0861/2021 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun ödənilməsini gecikdirdiyinə görə iddiaçı bank tərəfindən 25 fevral 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli arayışdan və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Mançar-oba kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 3678,84 manat məbləğində əsas borc, 63,88 manat məbləğində faiz borcu olmaqla cəmi 3742,72 manat məbləğində borc, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3678,84 manat (üç min altı yüz yetmiş səkkiz manat səksən dörd qəpik) məbləğində əsas borc, 63,88 manat (altmış üç manat səksən səkkiz qəpik) məbləğində faiz borcu olmaqla cəmi 3742,72 manat (üç min yeddi yüz qırx iki manat yetmiş iki qəpik) məbləğində borc, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat (otuz manat qırx qəpik) pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar