Məhkəmə qərarları › İş №2(067)-2712/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2712/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2712/2023 30.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Quba rayon məhkəməsinin 2(027)-666/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək 09 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 130 manat sabit pul məbləğində alimentin, ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində texniki səhvə yol verdiyini və ərizənin aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir: “Quba rayon məhkəməsinin 2(027)-666/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək 09 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, ödədiyim 50 manat mediasiya xərcinin tutularaq mənə verilməsi barədə qətnamə çıxarasınız”. İddianı onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 27 iyul 2020-ci tarixli 2(027)-666/2020 saylı qətnaməsi ilə onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikahları pozulmuş, uşağın onun yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 3 ildən müddət keçmişdir. 130 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 220 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Övladı bu il məktəbə gedir, tələbatları artmışdır. Övladının maddi tələbatlarını çətinliklə qarşılayır. Cavabdeh rəsmi işdə işləyir, lakin iş yerini gizlədir. Qazancı və gəliri kifayət qədər yüksəkdir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, alimentin miqdarının artırılmasını istəyirəm. Hazırda 130 manat aliment alıram. Cavabdehin imkanı nəyə çatırsa o qədər köməklik etsin. cavabdehin ayda 150 manat aliment ödəməsinə etirazım yoxdur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 3-4 aydır fəhlə kimi işə qəbul olunmuşdur. Bu yaxınlarda onu işdən çıxaracaqlar. Fəhləlik edib kartof daşıyır. 3 ildir iddiaçı ilə ayrı yaşayır. 150 manat aliment ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsinin 27 iyul 2020-ci tarixli 2(027)- 666/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 08.01,2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş- xx.xx.2018-ci il təvəllüdlü X1 Xalidə Ramazan qızının iddiaçının yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan X6 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, iddiaçı X6 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 130 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 20 manat artırıldığından, iddianın qiyməti 20 manat x 12 aya=240 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Quba rayon məhkəməsinin 2(027)-666/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bu qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar