Məhkəmə qərarları › İş №2(067)-2750/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2750/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2750/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı və onun vəkili Nümayəndə2, Cavabdeh və onun vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı beh əsasında alınmış pulun qaytarılması tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi behin iki misli olan 10000 ABŞ dolları ekvivalentində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 xx.xx.2021-ci il tarixdə oğlu Nizami İsrafilovun adına olmaqla öz istifadəsində olan 21 sot həyətyanı torpaq sahəsini ona satmaq adı ilə ondan 5000 (beş min) ABŞ dolları beh almışdır. Həmin pulun cavabdeh tərəfindən alınması zamanı onun, Cavabdeh, İddiaçı, Nizami İsrafilovun və Əziz Əzizovun iştirakları ilə akt tərtib edərək imzalanmışdır. Cavabdeh ona bildirmişdir ki, mövcud vəziyyətdə 21 sot həyətyanı torpaq sahəsinin bütövlükdə mülkiyyət sənəd yoxdur. O, bir ay müddətinə 21 sot həyətyanı torpaq sahəsinin mülkiyyət sənədini tam hazırlamağı və notarial qaydada alqı-satqı həyata keçirməyi öhdəsinə götürmüşdür. Torpağın alqısatqısına dair qalıq 51500 (əlli bir min beş yüz) manat pulu isə 2022-ci ilin aprel ayının 5nə kimi ödəyəcəyini ona bildirmişdir. Cavabdeh ona torpağın sənədləri hazır olana qədər həmin torpaqda bünövrə ataraq tikintiyə başlaya biləcəyini demişdir. O, ərazidə müvafiq tikinti işlərinin görülməsi üçün təmizlik işləri ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixindən bu günə qədər dəfələrlə cavabdehdən torpağa dair mülkiyyət sənədlərini tələb etsə də, cavabdeh hər zaman onu müəyyən bəhanələrlə süründürür. O, artıq onun sırf dələduz olmasını hiss etmişdir. Verdiyi 5000 ABŞ dolları məbləğində pulunu cavabdehdən tələb etsə də, ondan pulu ala bilmir. Cavabdeh ona bildirmişdir ki, ya onun pulunu qaytarmalıdır, ya da torpağı notarial qaydada ona satmalıdır. Belə olan şəraitdə cavabdeh əksinə olaraq ondan bu ildə 2 dəfə Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Şikayətinin motivi ondan ibarət olmuşdur ki, beh əsasında verdiyi pulu qaytarmasın. xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərək aralarında olan mübahisənin məhkəməyədək həll olunması üçün təklif versə də cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Cavabdehin məsuliyyətsiz davranışından məlum olur ki, bundan sonra torpağın alqı-satqısını həyata keçirmək mümkün olmayacaqdır. Odur ki, ödədiyi behin iki mislinin ona qaytarılması bu mübahisənin yeganə həlli yoludur. Cavabdeh tərəfindən 24 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş iddia tələbinə etiraz ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ona qarşı verdiyi iddia ərizəsi ilə tanış olmuşdur, ona görə də hesab edir ki, iddia ərizəsi rədd edilməli, iddiaçı isə bilə-bilə yalan və əsassız verdiyi iddia ərizəsinə görə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən cərimə olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində guya ki, beh verdiyi 5.000 (beş min) ABŞ dolları məbləğində pulun qalan hissəsi olan 51.500 (əlli bir min beş yüz) manat məbləğində pulu iki ay ərzində ödəməyi öhdəsinə götürməyinə baxmayaraq, cavabdeh ona torpağı satmamış və sənədləri adına rəsmiləşdirməməsi səbəbindən bir neçə dəfə cavabdehə behin qaytarılmasını xahiş etsə də, o, behi qaytarmamışdır. Lakin etiraza əlavə etdiyi Xaçmaz rayon Polis Şöbəsinin 02 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında İddiaçı verdiyi izahatından isə görünür ki, o, 60.000 (altmış min) manata razılaşmış, məbləğin 5000 (beş min) ABŞ dollarının, yəni 8500 (səkkiz min beş yüz) manat ekvivalentində pulu verdikdən sonra qalan 51500 (əlli bir min beş yüz) manat məbləğində pulu maddi çətinliyi olduğuna görə verə bilməmişdir. Belə olan halda, iddiaçının hüquq mühafizə orqanlarında izahatındakı etirafı ilə hazırkı iddia ərizəsində göstərdiyi hallar ziddiyyət təşkil etdiyindən, onun iddiası və iddiada göstərdiyi xüsusatlar əsassız və yalandır. Bu səbəbdən də iddiaçının iddia ərizəsi əsassız olduğundan onun rədd edilməsi və iddiaçının cərimə olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş iddia tələbinə dəqiqləşdirmə ərizəsinin məzmunundan müəyyən olunur ki, məhkəmə iclasında cavabdeh iddiaya etiraz təqdim etmişdir. Həmin etirazda ona qarşı bildirmişdir ki, guya yalan və əsassız iddia verdiyinə görə cərimə olunmalıdır. Halbuki Mülki-Prosessual Məcəllənin istinad olunan maddəsi kiminsə cərimələnməsini nəzərdə tutmur. Bundan başqa, inkar edilməyən həqiqət budur ki, tərəflər arasında hüquqi mübahisə mövcuddur. Bu mübahisənin məhkəmədənkənar həlli üçün iddia tərəfi olaraq öz səylərini göstərsə də qarşı tərəfin qərəzli münasibəti problemin həllinə mane olmuşdur. Odur ki, başqa çıxış yolu olmadığından məhkəməyə müraciət etmişdir. Beləliklə, hər hansı vicdansızcasına əsassız iddiadan söhbət gedə bilməz. Cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinin müvafiq qərarına istinad edərək onun ziddiyyətli fikirlər bildirdiyini qeyd etmişdir. Ona qarşı əsassız iddia qaldırmaqda onu günahlandırsa da, əslində özü hüquq-mühafizə orqanına əsassız şikayət vermişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da bunu təsdiq edir. Polisdə verdiyi izahata gəldikdə isə cavabdeh tərəf faktları manipulyasiya edərək izahatında qeyd etdiyi torpaq sahəsinin sənədinin olmaması faktını gizlətmişdir. Sahibkar kimi fəaliyyət göstərdiyindən tələb olunan maddi vəsaiti toplamaq onun üçün çətin deyildir. Yəni torpaq sahəsinin zəruri sənədləri olsaydı, onun lazım olan pulu toplamağı problem olmazdı. Odur ki, aralarında alqı-satqı prosedurunun başa çatmamasının əsas səbəbi məhz cavabdeh tərəfin öhdəliklərini yerinə yetirməməsidir. Cavabdehin həqiqi faktları “Məlikməmməd nağılı" adlandırması və məhkəmədən onun cərimə olunmağımı istəməsi aralarındakı mübahisəni həll etmək əvəzinə onu daha da böyütməyə yönələn hərəkətləri olmaqla qərəzli münasibətin göstəricisidir. Cavabdehə sual olunmalıdır ki, məgər torpaq sahəsinə dair bütün sənədləri hazır edib təqdim etmişdir ki, o, da öz öhdəliyini yerinə yetirərək qabaqcadan razılaşdırılmış məbləği ona ödəməmişdir? Cavabdeh torpaq sahəsini yüksək qiymətə satmaq üçün özünə başqa müştərilər axtarır. O, onun kimi başqa şəxsləri də aldadaraq onların pulunu mənimsəməyə çalışmışdır. Belə ki, cavabdeh Palçıq-oba bələdiyyəsinin sədri Musayib Aslanova da torpaq sahəsini satacağını vəd edərək ondan xeyli miqdarda pul almış, lakin sonradan fikrini dəyişərək sonuncudan vəd edilmiş satış qiymətindən daha yüksək məbləğ tələb etmişdir. Musayib Aslanov çətinliklə də olsa beh qismində ödədiyi pulu geri almışdır. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə cavabdeh oğlu Nizami İsrafilovun adına olmaqla öz istifadəsində olan 21 sot həyətyanı torpaq sahəsini ona satmaq adı ilə ondan 5000 ABŞ dolları beh almışdır. Behi cavabdehin öz evində verib razılıq əldə etmişlər. Həmin pulu cavabdehin alması barədə onun özünün, cavabdehin, Nizami İsrafilovun və Əziz Əzizovun iştirakı ilə akt tərtib edilmişdir. Cavabdeh ona bildirmişdir ki, 21 sot torpaq sahəsinin mülkiyyət sənədi yoxdur və bir ay müddətinə mülkiyyət sənədini hazırlamağı və notarial qaydada alqı-satqı həyata keçirməyi öhdəsinə götürmüş, o, da qalan 51500 manat pulu 2022-ci ilin aprel ayının 5-nə kimi ödəyəcəyini bildirmişdir. Torpaq sahəsinin sənədlərinin hazırlanması cavabdeh tərəfindən həll olunmalı idi. Cavabdeh ona torpaq sənədləri hazır olana qədər tikintiyə başlaya biləcəyini demişdir. O, tikinti işlərinin görülməsi üçün təmizlik işləri ilə məşğul olmuşdur. Tikintiyə başlamaq istəyəndə məlum olmuşdur ki, torpaq sahəsinin sənədləri hazırlanmır. Sənədsiz tikintiyə başlamaq istəmədiyinə görə, cavabdehə beh kimi verdiyi 5000 ABŞ dollar puldan 3000 manatını geri almış, həmin pulun üzərinə 1400 manat da əlavə pul qoyaraq, cəmi 4400 manat pulu torpaq sahəsinə sənəd almaq üçün bələdiyyə sədri işləyən Museyibə vermişdir. Beləliklə, 8500 manat puldan 3000 manatını geri almışdır. İtirdiyi məbləğ 9900 manat olmuşdur. Bu günə qədər cavabdehdən mülkiyyət sənədlərini tələb etsə də, cavabdeh onu bəhanələrlə süründürür. Hazırda torpaq sahəsinin sənədi vardır və həmin sənədlər cavabdehdədir. Verdiyi 5000 ABŞ dolları pulu cavabdehdən ala bilmir. Şərtin pozulması torpağın sənədi hazırlanmadığına görə olmuşdur. O, torpaq sahəsini zavod tikmək üçün almaq istəmiş və həmin ərazidəki ağacları çıxarmışdır. 10 sot torpaq sahəsi cavabdehin olsa da, qalan torpaq sahəsinin sənədi olmadığına görə, o, sənədi olan 10 sot torpağı da almamışdır. Cavabdeh beh olaraq verdiyi pulu ona qaytarmamaq üçün barəsində bu il 2 dəfə Xaçmaz rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatında hazırda pul verə bilmədiyini bildirsə də, bu onun pulu olmaması anlamına gəlmir. O, izahatında torpaq sahəsini almaq üçün həmin vaxt pulu olmadığı üçün 5000 ABŞ dolları məbləğində beh verdiyini bildirmişdir. Cavabdeh torpaq sahəsini ona 60000 manata satmağa razılaşsa da, başqa bir şəxsə həmin torpaq sahəsini 65000 manata təklif etmişdir. Hazırda cavabdehə ödədiyi behin 2 misli olan 10000 ABŞ dolları pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, sənəd olmadığı halda beh müqaviləsi bağlanıla bilməzdi. Torpaq sahəsinin sənədini cavabdeh hazırlamalı idi. 2022-ci ilin aprel ayında tərəflər arasında beh müqaviləsi bağlanılıb. 2022-ci ilin avqust ayına qədər sənədləri hazırlamayıblar. Aprel ayında iddiaçı cavabdehə müraciət etmiş, həmin vaxt sənəd hazır olmadığına görə cavabdehdən 3500 manat pulu geri götürmüşdür ki, torpağın sənədlərini özü hazırlasın. Torpaq sahəsinin sənədi 2023-cü ilin fevral ayında hazır olmuşdur. Sənəd hazırlanandan sonra cavabdeh həmin torpaq sahəsini 2024-cü ildə başqa şəxsə satmışdır. O, notariat idarəsinə sorğu vermiş və məlum olmuşdur ki, həmin torpaq sahəsinin başqa şəxsə satılması barədə alqı-satqı müqaviləsi başlanmışdır. Ona görə də beh müqaviləsi razılaşması cavabdeh tərəfindən pozulmuş, cavabdeh özü üzərinə düşən öhdəlikdən yayınmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, əməliyyat olunmalı olduğuna görə torpaq sahəsini satmaq niyyətində olmuşdur və iddiaçı ilə öz arasında razılaşaraq ondan 5000 dollar beh almış, səhəri gün iddiaçı onun bağındakı ağacları çıxardaraq yeri şumlamışdır. Lakin sonradan iddiaçı torpaq sahəsinin sənədlərini hazırlamaq üçün ondan 3000 manat pulu geri almış və demişdir ki, bələdiyyə tanışı olduğu üçün sənədləri onlar hazırlayacaqlar. İddiaçı torpaq sahəsinin pulunu verməmək üçün bələdiyyənin əli ilə torpağı qardaşının adına keçirmək istəmiş, saxta sənədlə DƏDRX-nə müraciət etmişdir, bu barədə imtina məktubu da vardır, həmin məktubu məhkəməyə təqdim etmişdir. 2023-cü ilin fevral ayında 10 sot torpaq sahəsi üçün sənəd almışdır və sənədlərin hazır olduğunu iddiaçıya bildirmişdir. İddiaçı başqa yerdən torpaq sahəsi almışdır. O, hazırda torpaq sahəsini heç kimə satmamışdır. Torpaq sahəsini satmaq istəyir, amma iddiaçıya satmaq istəmir. Məhkəmə iclasında iş üzrə Cavabdeh vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, tərəflər arasında bağlanmış beh müqaviləsində iddiaçı aprel ayında pul verəcəyini bildirmişdir. Bunu verə bilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Aprel ayında iddiaçının pulu olmamışdır. Ona görə də torpaq sahəsini o, ala bilməmişdir Cavabdehin sənədləşdirməni aparmaq barədə üzərinə öhdəlik götürməsini iddiaçı sübut etməlidir. Cavabdeh sənədləri düzəltmək öhdəliyini öz üzərinə götürməmişdir. İddiaçı etiraf edir ki, 10 sot torpaq sahəsinin sənədinin hazır olmasını bilir, məlumatı var. 21 sot torpaq sahəsindən 10 sot torpaq sahəsinin çıxarışı olmuşdur. Tərəflər arasında bağlanan müqavilə beh müqaviləsi deyil, avans almaqdır. Həmin müqaviləni beh müqaviləsi hesab etmək olmaz. İddiaçı izahatında da bildirmişdir ki, 51000 manat pulun hamısını ödəyə bilmir. İddiaçı 5000 dollar cavabdehə vermiş, 3500 manat pulu sənəd düzəltmək üçün geri götürmüşdür. İddiaçının polis Şöbəsində verdiyi izahatından da görünür ki, o, torpaq sahəsini almamasını maddi vəziyyəti ilə əlaqələndirmişdir. Cavabdeh öz mülkiyyətində olmayan sənəd üçün beh ala bilməzdi. Qeyd olunanlar nəzərə alınaraq, həmçinin iddia müddəti tətbiq olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, cavabdehin istintaq orqanında veridyi izahatı nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı, Cavabdeh, X3 və Əziz Əzizovun iştirakları ilə sadə yazılı qaydada tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, İsrafilov X1 girəcəyində oğlu Nizami İsrafilovun adına olan 0.21 ha həyətyanı torpaq sahəsi üçün beh olaraq İddiaçı 5000 ABŞ dolları almışdır. Pulun qalan hissəsi 51500 manat isə aprel ayının 5-nə kimi ödəniləcəkdir. Bundan sonra həmin 0.21 ha həyətyanı torpaq sahəsi İddiaçı adına keçiriləcəkdir. İddiaçı tərəfindən Cavabdeh və X5 ünvanlanmış 21 iyun 2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh Bayram oğluna tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Xaçmaz rayon X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 02 avqust 2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz RPŞ-yə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 23 iyul 2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.21-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. - 29 noyabr 2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinin redaksiyasına əlavə olunmuşdur ki, tərəflər arasında razılaşma notariat qaydasında əldə olunmalıdır. Lakin sözügedən müqavilə 29 oktyabr 2021-ci il tarixdə bağlanmışdır. Bu da onu göstərir ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı mübahisənin həllində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə dəyişiklik edilməzdən öncəki, yəni 29 noyabr 2022-ci il tarixə qədər olan forması tətbiq olunmalıdır. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 5000 ABŞ dolları məbləğində beh verməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh İsrafilov X2 oğlu Nizami İsrafilovun adına olan 0.21 ha həyətyanı torpaq sahəsinin alqı-satqısı üçün qarşılıqlı razılığa əsasən İddiaçı 5000 ABŞ dolları məbləğində pul almış, qalan 51500 manat pulun isə aprel ayının 5-nə kimi ödəniləcəyi, bundan sonra həmin 0.21 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına keçiriləcəyi razılaşdırılmışdır. Sonradan tərəflər arasında torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. İddiaçı qeyd olunan məbləğdə pulu cavabdehə beh kimi verdiyini bildisə də, işin halları ilə müəyyən edilmişdir ki, mübahisənin tərəfləri arasında sözügedən Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı “beh” müqaviləsi kimi adlandırdıqları razılaşma bağlanarkən sonuncunu satan şəxsin (Cavabdeh) həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnu təsdiq edən mülkiyyət sənədi (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış) mövcud olmamışdır. Bu da onu göstərir ki, tərəflər arasındakı münasibətlərə beh müqaviləsindən irəli gələn öhdəliklər şamil edilə bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 5000 ABŞ dolları məbləğində pulu Azərbaycan manatına nisbətdə 8500 manat hesabı ilə verdikdən sonra, torpaq sahəsinin sənədlərini hazırlamaq üçün ondan 3500 manat pulu geri almış, beləliklə 5000 manat pul cavabdehdə qalmışdır. İddiaçı cavabdehdən geri aldığı 3500 manat pulu torpaq sahəsinin sənədlərinin hazırlanmasına sərf etdiyinə dair heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçıya məxsus 5000 manat pulun cavabdehdə qalması onun hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanması kimi qiymətləndirilməlidir. Varlanmış şəxs, yəni cavabdeh əldə etdiyi 5000 manat pulu məhrum olanın, yəni iddiaçının tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyib, onların istintaq orqanında verdikləri izahatlarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 5000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar