Məhkəmə qərarları › İş №2(067)-2768/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2768/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2768/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 675 manat əsas borc, 330 manat faiz borcu və 80 manat maddi ziyan, cəmi 1085 manat və 31 manat dövlət rüsumu alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Siyəzən rayonunda yerləşən “Xətai ticarət” mərkəzində (Bazarda) 1995-ci ildən tanışdır. Belə ki, onlar bir bazarda işləmiş, cavabdeh meyvə-tərəvəz, o isə göy-göyərti satırdı. 2021-ci ilin sentyabr ayının 3də 15 nəfər bazar satıcıları onun təklifi ilə qərara gəlmişlər ki,öz aralarında “Lotariya” oynasınlar, oyunun şərtləri belə olmuş, hər oyunçu hər gün 5 manat, 5 gün ərzində 25 manat pul qoyur və 15 nəfərin 25 manatdan qoyduğu cəmi 15x25 = 375 manat pul, növbə ilə iştirakçılara çatmalı idi. Başqa sözlə növbə ilə 5 gündən bir, hər oyunçuya 375 manat məbləğində pul verilməli idi. Lakin cavabdeh növbəsi çatanda pulu götürmüş və digər oyun yoldaşlarının növbəsi gələndə isə “lotariya” pulunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Oyunun təşkilatçısı və rəhbəri olduğundan növbəsi çatan oyunçuya 675 manat pulun ödənilməsinə məcbur olduğundan, bu pulun 375 manatını öz pulu və 300 manatı isə ayda 30 manat ödəməklə 2021-ci ilin noyabr ayında faizlə götürüb növbəsi çatan oyunçuya cəmi 675 manat ödəmişdir. Cavabdeh hər dəfə müxtəlf bəhanələr, məsələn yay mövsümü gəlsin fındığı və ya digər meyvə ağacları var məhsulunu satıb verəcək deyirdi. Cavabdehin bütün vədlərinin yalan olduğunu və artıq bazara gəlmədiyini, bir sözlə ondan gizləndiyini görüb, 22 iyul 2022-ci il tarixində Xaçmaz şəhərində onun evində getmiş və bildirmişdir ki, sən bilirsən ki, pulun 300 manatını faizə götürmüşdür. Faizin məbləği artıq 300 manata çatıb, cavabında cavabdehin yoldaşı əsas borcu qaytaracaqlarını faizi isə ödəməyəcəklərini bildirdikdə, cavabdeh bunun insaflı olmadığını arvadına irad tutaraq, ona əsas borcu faizlə birlikdə tezliklə qaytaracağına söz vermişdir. Beləliklə cavabdehin qapısına Seyd-Mirağa və İlqar adlı taksilərlə 4 dəfə hər dəfə 20 manat ödəməklə əlavə olara 80 manat xərcə düşsə də cavabdeh borcunu ödəməkdən qəsdən boyun qaçırır və hətta hazırda onun mobil telefonunu bloka atıb, ona zəng belə edə bilmir. Bununla da cavabdeh hazırda ona 675 manat və bundan 300 manata görə artıq 11-ci aya görə ödəyəcəyi aylıq 30 manatı nəzərə alsa 330 manat faiz borcu və 4 dəfə gediş haqqı 20 manat olmaqla Xaçmazda evinə getdiyi 80 manat nəqliyyat xərcini nəzərə alsa, hazırda cavabdeh ona 675 manat əsas+330 manat %+80 manat maddi ziyan (nəqliyyat xərci)= cəmi:1085 manat pul ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. 27 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Səadəti tanıyır. O, onun iş yoldaşıdır. İddiaçı ilə cavabdeh arasında pul alış verişi olub. Bəhmanı da tanıyır. O, Siyəzən bazarında işləyir. İddiaçı da orada işləyir. İş yoldaşıdırlar. Onların arasında pul söhbəti olduğunu bilir. Amma nə barədə olduğunu bilmir, çünki onların arasında nə olduğundan xəbəri yoxdur. Təkcə pul söhbəti olduğunu bilir. Belə ki, məhkəmə iclasında iddiaçı tələb olunan pul məbləğlərinin cavabdehə verməsi barədə əlavə sübutlarının olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclaslarında iddiaçıya iddianı təsdiq edəcək sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehdən 1085 manat pul tələb etsə də, tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar