Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2787/2024 24.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 725 (yeddi yüz iyirmi beş) manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 755 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qalağan kəndində yaşayır. Pensiyaçı olmaqla heç yerdə işləmir. Şəxsi təsərrüfatı idarə etməklə ailəsini dolandırır. Belə ki, təsərrüfatında iri buynuzlu mal-qarası vardır. Onlardan tədarük etdiyi südü və süd məhsullarını satmaqla gəlir əldə edir. Təxminən 3 il olar ki, Xaçmaz rayonunun Ağtala kənd sakini olan cavabdeh özünə məxsus minik maşını ilə yaşadığı kəndə gəlib vətəndaşlardan südü alır, südü özü ilə gətirdiyi plasmas qablara yığaraq Xaçmaz rayonunun Müzəffəroba kəndində yerləşən süd sexinə təhvil verir. Bu yolla o, özü üçün qazanc əldə edir. Cavabdeh vətəndaşlardan südü nisyə almış və ayın axırında yığılan borcu ödəmişdir. 2023-cü ilin iyul-avqust aylarında cavabdeh ondan da dəyəri 725 manat təşkil edən südü nisyə almışdır. Onunla razılaşmaları belə olmuşdur ki, o, həm iyul ayının, həm də avqust ayının sonunda yığılan borcu ödəyəcəkdir. Lakin cavabdeh göstərilən vaxtlarda pulunu qaytarmamış müxtəlif bəhanələr gətirərək onu əmin etmişdir ki, pulunu qısa müddət ərzində qaytaracaqdır. Sonuncu dəfə cavabdeh ondan südü 2023-cü ilin sentyabr ayının 05-də nisyə almış, həmin vaxt o cavabdehdən əvvəllər nisyə aldığı südün pulların ödənilməsini tələb etsə də, o, yenə də söz vermişdir ki, bir neçə vaxta bütün yığılan borcları ödəyəcəkdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh tək onu deyil, kəndin digər vətəndaşlarından da nisyə aldığı südün pullarını qaytarmamışdır. Camaat narazılıq etdiyi üçün və ondan pulları tələb etdiyi üçün o, 2023-cü ilin sentyabr ayının 5-dən sonra ümumiyyətlə Qalağan kəndinə gəlməmişdir. Cavabdeh könüllü olaraq pulu qaytarmaq istəmədiyi üçün məcburiyyət qarşısında qalaraq ondan Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis Şöbəsində cavabdeh məsələ ilə bağlı dindirilmiş və həqiqətən də ona nisyə aldığı südə görə 725 manat pul borclu olduğunu etiraf etmiş, lakin buna baxmayaraq o, həmin pulu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin süd aldığı 13 nəfər sakinin siyahısı cavabdehin özündə var, həmin adamların siyahısını məhkəməyə təqdim etsin. Cavabdeh onun yanında həmin şəxsləri qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 13 nəfərə deyil, 6 nəfər şəxsə borcludur. Hazırda iddiaçıya olan 450 manat borcu qaytarmaq imkanı yoxdur. Məhkəminin hazırlıq iclaslarında cavabdeh veridyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında südün nisyə alqı-satqısına dair şifahi müqavilə olmuş, o, südün 1 litrini 50 qəpikdən almışdır, iddiaçıya təxminən 450 manat burcu vardır. Başqa şəxslərdən də süd almış, bağını satıb borclarını ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəsi ilə əlaqədar olaraq RPŞ-də araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material arayışla işə alınmış və müraciət mülkü xarakterli olduğundan aidiyyəti üzrə Məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. -Sorğuya əsasən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş İddiaçı müraciəti üzrə aparılmış araşdırmaya dair arayışdan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərdiyi xüsusatda inzibati xəta xarakterli hadisə müəyyən edilməmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmalıdır. -Sorğuya əsasən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş İddiaçı ərizəsindən müəyyən olunur ki, Cavabdeh ondan və yaşadıqları digər kənd sakinlərindən süd yığaraq pullarını verməmişdir. Ona görə də borcların qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 30 manat rüsum ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının təsərrüfatında iri buynuzlu mal-qarası vardır. Onlardan tədarük etdiyi südü və süd məhsullarını satmaqla gəlir əldə edir. Cavabdeh iddiaçının yaşadığı kəndə gəlib vətəndaşlardan südü alır, südü Xaçmaz rayonunun Müzəffəroba kəndində yerləşən süd sexinə təhvil verir. Cavabdeh vətəndaşlardan südü nisyə almış və ayın axırında yığılan borcu ödəmişdir. Sonuncu dəfə cavabdeh iddiaçıdan südü 2023-cü ilin sentyabr ayınında nisyə alımış, alıdığı malın dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı təsərrüfatında olan iri buynuzlu mal-qarasından tədarük etdiyi südü litri 50 qəpikdən alıcıya satmışdır.Tərəflər araında malın alqı-satqısına dair şifahi nisyə alqı-satqı müqaviləsinin olduğu, cavabdehin iddiaçıdan bir litri 0,50 manatdan süd aldığı, lakin aldığı malın pulunu ödəmədiyi işin mübahisəsiz halıdır. Lakin iddiaçı cavabdehin ona 725 manat borclu olduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya 450 manat borclu olduğunu etiraf edir. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən, yəni, cavabdehin etiraf etdiyi 450 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 450 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2787/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2787/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver