Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2807/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc müqaviləsinə xitam verilməsi və borc pulun qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağladığı müqaviləyə xitam verilməsi və həmin müqavilə əsasında cavabdehlərə verdiyi 2900 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan xx.xx.2021-ci il traixdə 2900 manat məbləğində borc almışlar. Onlar pulu alarkən qəbz yazmış və öz imzaları ilə təsdiqləmişlər. Həmin qəbzdən də göründüyü kimi aralarında olan razılaşmaya əsasən həmin borcdan hər ay 50 manat olmaqla ona qaytarmalı və beləliklə borc ödənilməli idi. Cavabdehlərə verdiyi borc pulu vaxtından əvvəl qaytarmalarını tələb etmək məcburiyyətində qalmışdır. Çünki uzun müddət keçməsinə baxmayaraq cavabdehlərin maddi vəziyyəti pisləşmiş və aldıqları borcdan hər ay 50 manat ödəyə bilməmişdilər. Bu da onun üçün gələcəkdə cavabdehlərdən borcun qaytarılmasını tələb etmək təhlükəsi yarada bilər. Ona görə də cavabdehlərin yaşadıqları evə dəfələrlə gedərək borcunu tələb etmişdir. Lakin cavabdehlərin pulu olmadığından borcu qaytara bilməmişdirlər. Belə ki, cavabdehlərin borc aldıqları pulu ona geri qaytarmaq fikirləri olmadığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayının 29-da cavabdehlərə 2900 manat borc pul vermişdir. Aralarında müqavilə bağlamışlar. Onlar onun pulunu ayda 50 manat olmaqla hər ay qaytarmalı idilər. Lakin hazırkı vaxtadək pulu qaytarmayıblar. Ona görə də müqavilənin ləğv edilməsini və pulunun qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı yalan deyir. Borc 2015-ci ildə alınıb. İddiaçıdan onun anası Tamila Nağdiyeva borc alıb. Əhliman adlı şəxs də buna şahiddir. Anası iddiaçıdan 2015-ci ildə faizlə 5000 manat borc pul alıb. Həmin puldan 2900 manatını ona verib. Sonradan anası pulu qaytara bilməyib. İddiaçı anasını Xaçmaz şəhərinə çağırıb orada ona guya 10000 manat borc pul alması barədə qəbzə imza etdirib. İddiaçıdan 2900 manat pulu o, almamışdır. Lakin xx.xx.2021-ci il tarixli qəbzi öz xətti ilə özü yazmış və həm özü, həm də əri imzalamışlar. Həmin vaxt hələ anasının pensiyasından pul tutulmurdu. İddiaçı onun anasına qəbzə qol çəkdirib sonradan onun evinə gəlib. O, isə iddiaçıya anasının aldığı 5000 manat puldan 2900 manatını ona verib, anasından əl çəksin deyə qəbz yazıb vermişdir ki, ayda 50 manatdan pulu ödəyəcək, sosial müavinət aldığı kartını da iddiaçıya verəcəyini bildirmişdir. Lakin iddiaçı ona qəbz yazdırmasına baxmayaraq, anasına da ondan xəbərsiz qəbzə imza etdirib. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, qaynanası iddiaçıdan 2015-ci ildə pul alıb onlara vermişdir. O, xəstə olduğuna görə onlara müalicə üçün pul lazım idi. Amma iddiaçının özündən bilavasitə pul almamışlar. xx.xx.2021-ci il tarixli qəbz onların evində və onlar tərəfindən yazılıb, imzalanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı 2900 (iki min doqquz yüz) manat borc götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddianı qəbul etməsələr də, iş materiallarına əlavə olunmuş əlyazma qəbzini onlar tərəfindən yazıldığını etiraf etmişlər. Qəbzə əsasən Cavabdeh2 və Cavabdeh1 İddiaçı xx.xx.2021-ci il tarixdə 2900 manat borc pulalmaqlarını və hər ay 50 manat qaytaracaqlarını qeyd edərək, imza etmişlər. Cavabdehlər bu qəbzin etibarsız olmasını hər hansı bir mötəbər sübutla təkzib edə bilməmişlər. Belə olan halda, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2900 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsini xahiş etməmişdir. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2900 (iki min doqquz yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2807/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2807/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver